Qış mövsümünün sonu ənənəvi olaraq dükan-bazarda kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvə-tərəvəzin qiymətləri bahalaşır. Bunun əsas səbəbi ötən mövsümdən qalan məhsulun bitmək üzrə olması, yeni məhsulun isə isə hələ yetişməməsi ilə bağlıdır. Yerli məhsulun qıtlığını bu mövsümdə xaricdən gətirilmiş meyvə-tərəvəzlər doldurur. Lakin bu bolluğa rəğmən qiymətlər elədə də ucuz deyil.
Məlum olduğu kimi, bahalaşma 2 halda olur biri məhsul qıt olanda, digəri ona tələbat artanda. İndi bu iki halın heç biri müşahidə olunmur. Üstəlik, Ramazan ayının başlaması nəticəsində ərzaqlara tələbat müəyyən qədər azalıb. Belə ki, yüz minlərlə vətəndaşımız oruc tutur ki, bu da gündəlik qida sərfini xeyli azaldır. Lakin bu halda belə qiymətlər nəinki enmir, əksinə bahalaşır. Həftəsonu Bakıdakı bazarlardan bir neçəsinə baş çəkərkən bu qənaətə gəldik. Aydın oldu ki, bu il bazarlarda son dövrlərdə ən bahalı ildir. Maraqlıdır, məhsul boldur, alıcı azdır, amma qiymətlər ucuz deyil...
“Vosmoy”da qiymətlər başqa bazarlara nisbətən xeyli ucuzdur
Xalq arasında “Vosmoy” bazarı kimi tanınan 8 km-dəki ticarət mərkəzi Bakıda kənd təsərrüftatı məhsullarının ən ucuz qiymətə satıldığı yer kimi tanınır. Bazarda apardığımız müşahidələr də bunu təsdiq etdi. Qiymətlər ümumiyyətlə baha olsa da, digər bazarlarla müqayisədə xeyli aşağıdır.
Burada kq hesabı ilə kələmi 1 manata, almanı 70-80 qəpiyə, narı 1,5 manata, kartofu 1 manata, balığı 3-5 manata, qozu, badamı, fındığı 4 manata, çuğundur, kök, turp kimi tərəvəzləri 50-70 qəpiyə, soğanı 80 qəpiyə, göyərtini 10 qəpiyə, limonu 20-25 qəpiyə, bananı 2 manata, düyünü 2 manata, qarabaşağı 1 manata, gül kələmini 1 manata, kənd yumurtasını 20 qəpiyə almaq olur.
Bakının digər yerlərində isə bu məhsullar az qala 2 dəfə baha satılır. Bazarın öz məhsullarını gətirib satanlar alverçilər kimi baha qiymət təklif etmirlər. Lakin burada da daha çox alverçilər işləyir ki, onlarda qiymətlər nisbətən yüksək olur.
Nurəddin adlı goranboylu satıcı deyir ki, “burdakı daimi alverçilər məhsulu kəndlidən alıb 3 qat bahasına satırlar, biz isə özümüz gətirib qıraq-bucaqda satırıq, ona görə bizdə onlardan ucuz olur”. Satıcının sözlərinə görə, bazarlarda ümumiyyətlə, kəndlini buraxmırlar ki, nəticədə alverçilərin xidməti sayəsində qiymətlər baha olur.
“Tərəzidə aldadılsam belə burdan aldığım məhsul 2 dəfə ucuz düşür”
Bazarın örtülü hissəsində işləyən alverçilər isə iddia edirlər ki, onlar müştəriləri tərəzidə aldatmır, amma səyyar satıcılar aldadır deyə ucuz verirlər. Səyyar satıcılar isə deyirlər ki, onlar da eyni elektron tərəzidən istifadə edirlər.
Ümumiyyətlə, bu bazarda məhsulların niyə başqa bazarlardan ucuz olmasının səbəblərini soruşduqda satıcılar dedi ki, mərkəzi bazarlarda yerpulu bahadır. Bir xanım alıcı isə dedi ki, bu bazarda tərəzidə daha çox aldadırlar, ona görə ucuz satırlar. Lakin, bu söhbəti eşidən bir alıcı maraqlı müqayisə apardı.
Bakıxanovdan bura bazarlığa gəlmiş Sabir adlı alıcı deyir ki, burda hətta tərəzidə xeyli aldadılsan da, sərf eləyir: “Məsələn, mən burda yaxşı kökü 50 qəpiyə, almanı 70 qəpiyə almışam ki, mərkəzidəki bazarlarda və marketlərdə bu 2-3 qat bahadır. Bunlar məni lap hər kq-da 200 qram aldatsalar da, yəni 4 kq əvəzinə 3 kq çəksələr də, mənə sərf eləyir, çünki belə olanda aldğım məhsul başqa bazardan və ya mağazadan 2 dəfə ucuz düşür”.
Yeri gəlmişkən, alverçilərin dediyinə görə, bu bazarda ticarət edənlərin hamısı elektron tərəzidən istifadə etməyə məcbur edilir. Elektron tərəzi almayan adam bazara buraxılmır.
Bazarın içərinsində təmir və yenidənqurma işləri aparılıb. Satıcılardan birinin dediyinə görə, təmirdən sonra əvvəl 1 metr yerə 70 manat ödəyirdilərsə, indi 200 manata qaldırılıb.
Abşeron kəndlərinin məhsulu başqa regionların adı ilə satılır
Sabunçu bazarında qiymətlər “Vosmoy”dan nisbətən baha olsa da, mərkəzi bazarlardan ucuzluqdur. Burda meyvələr “Vosmoydan bir az bahadır. Məsələn, alma 1 manatdan aşağı deyil. Nar, armud, üzüm isə 3 manatdan ucuz olmur. Banan 2.5 manatdır.
Bazarın daimi müştərilərindən olan bir tanışımızla rastlaşdıq. Dedi ki, həyətlərindəki mağazalarındakından burda ucuzluqdur, amma umumiyyətlə mövsümə görə qiymətlər bahadır: “Bax 2 zənbil bazarlıq etmişəm kələm, kök və çuğundur 1 manatdan aşağı deyil, meyvələr isə 2 manatdan ucuz deyil. Qoz-fındıq 5 manat, ən ucuz kartof 1 manat, soğan 80 qəpikdir. Düzdür, bu həyətlərdəki meyvə-tərəvəz mağazalarına nisbətən 2 dəfə ucuzdur, amma ümumilikdə ilin ən baha vaxtıdır.
Bu bazarda da əsasən daimi alverçilər işləyir. Yalnız tək-tük kənddən öz məhsulunu gətirib satanlar olur, onlar da bazarın arxasındakı boş meydanda satırlar ki, ora alıcı getmir. Burda Bakı kəndlərindən də məhsul gətirirlər, amma birmənalı olaraq hamısını bölgədən gətirilmiş məhsul kimi qələmə verirlər.
Bu bazarda ev quşlarının da böyük satış sahəsi var. Burada diri ördək 10 manata, kənd toyuğu 10-15 manata, qaz 20 manata, hinduşka isə 30 manatadır.
Bahalığın bir səbəbi də kəndlini bazara buraxmayan alverçilərdir
Müqayisə üçün mərkəzdə yerləşən bir bazara da baş çəkdik. “Şərq bazarı”ndakı qiymətlər “Vosmoy”dan və “Sabunçu”dan 2 dəfə bahadır. Burda kq-ı 2 manatdan aşağı meyvə-tərəvəz tapmaq olmaz. Alıcıların dediyinə görə, burda alverçilər məhsulu kəndlidən “su qiymətinə” alıb, paytaxt sakinlərinə “od qiymətinə” satırlar.
Pensiyaçı olduğunu deyən Lidiya xanım qiymətlərin bahalığından gileylənir: “Qiymətlər çox bahadır. Kələm, kök, çuğundur manat yarımdan, meyvələr 3 manatdan aşağı deyil, bu qiymətə ala bilmirik. Televiziyada deyirlər ki, məhsul boldur, həqiqətən də belədir, amma maraqlıdır, bəs niyə qiymətlər ucuz deyil?”.
Ümumiyyətlə, bu bazarda xarici meyvə-tərəvəzlər çox satılır. Bunların çoxu GMO olduğundan yerli məhsuldan ucuz satılır. Vaxtından bir neçə ay tez yetişməyə məcbur edilmiş meyvə-tərəvəzlər baha olsa da, alıcısı tapılır.
Onu da qeyd etmək lazımdır ki, yay mövsümündə yetişməli olan meyvə-tərəvəzlərin xarici ölkələrdən yazda bazara çıxarılması nəticəsində yerli məhsulun azlığı kompensasiya olunur. Lakin alıcıların çox onları almaqdan imtina edir və yerli məhsul axtarırlar. Yerli məhsulun isə yerli bazarlarda payı getdikcə azalır.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb