PDF Oxu

MİA

  • 804

850 milyon əsiri, 3 milyon qurbanı olan xəstəlik

image

Böyrək çatışmazlığı bir çox fərqli səbəbdən yarana bilər. Bunlara genetik faktorlar, əvvəllər keçirilmiş xəstəliklər, yanlış dərman istifadəsi və hətta ətraf mühitin çirklənməsi kimi bir çox səbəblər daxildir. Bundan əlavə, uzun müddət susuz qalan insanlarda bəzən böyrək yetməzliyi yarana bilər. Böyrək çatışmazlığının əsas səbəbindən asılı olaraq, xəstəliyin növü və inkişafı insandan insana dəyişir.

Xroniki Böyrək Xəstəliyi böyrəyin metabolik və hormonal funksiyalarının birdəfəlik itirilməsi ilə xarakterizə olunan xəstəlikdir. Böyrək çatışmazlığı ağırlaşmalara və ölümcül vəziyyətlərə səbəb olan, həyat keyfiyyətini aşağı salan, dializ və böyrək transplantasiyası kimi yüksək xərc tələb edən ciddi xəstəlikdir. Beynəlxalq Nefrologiya Cəmiyyətinin apardığı araşdırmalara görə, hazırda dünyada 850 milyondan çox insan xroniki böyrək xəstəliyindən əziyyət çəkir. Hər il 3 milyondan çox insan bu xəstəlik səbəbindən ölür. Yüksək gəlirli ölkələrin illik səhiyyə büdcələrinin təxminən 3%-i dializ və böyrək transplantasiyası xərcləri ilə bağlıdır.

Azərbaycanda 3 mindən çox hemodializ xəstəsi var. Xəstələrin 53 faizini kişilər, 46 faizini isə qadınlar təşkil edir. Hemodializ xəstələrinin orta yaş həddi 35-60 arasındadır. Azərbaycanda hər 1 milyon vətəndaşın təxminən 250-450-si böyrək xəstəliyindən əziyyət çəkir. Xroniki böyrək xəstəliyinin yayılma arealı ölkə, irq, yaşa və cinsə görə dəyişsə də, əsas səbəblər piylənmə, şəkərli diabet və hipertoniyadır. Ölkəmizdə də hipertoniya, şəkərli diabet və ürək xəstəliyi olanlarda xroniki böyrək xəstəliyinə daha çox rast gəlinir. Buna görə də, bu xəstəliklər və risk faktorları ilə mübarizə xroniki böyrək xəstəliklərinin qarşısının alınmasında və ya inkişafının dayandırılmasında əsas profilaktika üsuludur. Bundan əlavə, erkən diaqnoz, effektiv müalicə və monitorinq prosesləri bu xəstəliklərin inkişafının dayandırılması və bu xəstəliklərlə bağlı yeni xəstəliklərin yaranmasının qarşısının alınması üçün mübarizədə ən vacib addımlardır.

Böyrək çatışmazlığı olan xəstələr əvvəlcə böyrəklərinin düzgün işləmədiyini anlamaqda çətinlik çəkirlər. Böyrək funksiyaları zamanla azaldıqca, böyrək çatışmazlığına görə başqa xəstəliklər də inkişaf edə bilər. Böyrəklərin tədricən ölçüləri kiçilir və onların orqanizmdə yığılan mayeni xaric etmə qabiliyyəti azalır. Böyrək kiçilməsi çox riskli bir vəziyyətdir və son mərhələdə böyrəyin bütün funksiyalarını itirməsinə səbəb ola bilər. Bundan əlavə, böyrəklər düzgün işləməsə, qan təzyiqinə də mənfi təsir göstərə bilər.

Çünki böyrəklər düzgün işləmədikdə qanda olan zəhərli maddələr bədəndən lazım olduğu kimi çıxarıla bilmir. Bu da yüksək təzyiqə səbəb ola bilər. Ancaq bəzi insanlarda yüksək təzyiq böyrək çatışmazlığının səbəbidir. Uzun müddət yüksək qan təzyiqi (hipertoniya) olan insanlarda böyrək çatışmazlığı müşahidə oluna bilər. Böyrək çatışmazlığının insanın həyatı üçün təhlükə yarada biləcək ciddi nəticələri var və buna görə də əlamətləri hiss edilməyə başlayanda dərhal mütəxəssis həkimə müraciət etmək, müayinədən keçmək və müalicəyə başlamaq lazımdır. Böyrək çatışmazlığının müalicəsində bu vəziyyətin əsas səbəbinin aradan qaldırılması çox vacibdir.

Qısa müddətdə böyrək funksiyaları zəifləsə və toksinlər orqanizmdə yığılmağa başlasa, kəskin böyrək çatışmazlığı ola bilər. Böyrək çatışmazlığı xəstəliyi 5 fərqli alt tipə bölünür. Bunlar kəskin prerenal böyrək çatışmazlığı, kəskin daxili böyrək çatışmazlığı, xroniki prerenal böyrək çatışmazlığı, xroniki daxili böyrək çatışmazlığı və xroniki postrenal böyrək çatışmazlığı kimi sıralana bilər. Kəskin Prerenal Böyrək Çatışmazlığı böyrəklərə axan qanın miqdarı qeyri-kafi olduqda baş verir. Böyrəklərə kifayət qədər qan axını olmadığı üçün böyrəklər toksinləri süzə bilmir və orqanizm zəifləyir. Məlumdur ki, bu tip böyrək çatışmazlığı adətən böyrəklərə çatan qanın azalmasının səbəbi müəyyən edildikdə müalicə oluna bilər.

Kəskin Daxili Böyrək Çatışmazlığı adətən fiziki zədə və ya qəza kimi səbəblərdən yaranır. Buna görə də, böyrəyin birbaşa travması ilə əlaqəli bir vəziyyətdir. Bundan başqa böyrəklərdə oksigen çatışmazlığı olaraq da təyin oluna bilən "işemiya" və böyrəklərdə toksin əmələ gəlməsi də əhəmiyyətli səbəblərdir. Oksigen çatışmazlığının ən çox rastlanan səbəbləri ağır qanaxma, böyrəklərə gedən bəzi qan damarlarının tıxanması, kapilyarlarda iltihabdır. Bu, böyrəklərə həddindən artıq yük verir və onların normal funksiyalarını yerinə yetirə bilməməsinə səbəb olur.

Xroniki Prerenal Böyrək Çatışmazlığı insanın böyrəklərinə qan axını sürəti normal dəyərdən xeyli aşağı olması deməkdir. Qan axınının yavaşlaması böyrəklərin zamanla kiçilməsinə və funksiyalarını itirməsinə səbəb olur. Xroniki daxili böyrək çatışmazlığı xarici səbəblərdən deyil, böyrəyin özündə olan bir xəstəlik və ya travmadan qaynaqlanır. Daxili böyrək xəstəliyi olaraq da bilinən bu vəziyyət ağır qanaxma, oksigen çatışmazlığı və ya birbaşa böyrəklərə təsir edən travma kimi vəziyyətlər nəticəsində meydana gəlir.

Xroniki Postrenal Böyrək Çatışmazlığı əsasən sidik yolları ilə əlaqədardır. Əgər insan müxtəlif səbəblərdən uzun müddət sidiyə getmirsə və bu müntəzəm hal alırsa, böyrəklərdə həddindən artıq təzyiq yaranır. Bu, zamanla böyrək funksiyalarının pozulmasına gətirib çıxarır. Buna görə də sözügedən böyrək çatışmazlığının əsas səbəbini sidik yollarının uzun müddətli tıxanması kimi ümumiləşdirmək olar.

Böyrək çatışmazlığının simptomları əvvəlcə yüngül olur və zamanla özünü büruzə verdiyi üçün, xəstəliyin erkən mərhələlərində diaqnoz qoymaq çətindir. Böyrək çatışmazlığı olan insanlar adətən ilk mərhələdə sidik ifrazında azalma müşahidə edirlər. Bundan əlavə, bəzi əzalar şişə bilər və nəfəs darlığı kimi əlamətlər də yarana bilər. Əgər əvvəlkindən daha az sidik ifrazı varsa, bədəndəki artıq suyun xaric edilə bilmədiyi üçün ayaq, ayaq, topuq kimi əzalarda şişlik yaranıbsa, astma, virus-bakterial infeksiya və ya oxşar xəstəliklərlə əlaqəli olmayan, səbəbi bilinməyən nəfəs darlığı varsa, həddindən artıq zəiflik, yorğunluq və daimi yuxu istəyi, mədə bulanması varsa o zaman böyrək xəstəliyindən şübhələnmək lazımdır.

Böyrək çatışmazlığının mərhələləri ümumiyyətlə xəstəliyin şiddətinə görə beş fərqli mərhələyə bölünür. Birinci mərhələ olduqca mülayimdir və simptomlar çox deyil. Əksər xəstələrdə böyrək çatışmazlığının əlamətləri ümumiyyətlə müşahidə olunmur, həmçinin böyrəklərin zədələnməsi də minimaldır. 1-ci mərhələdə böyrək çatışmazlığı olan insanlar həyat tərzində müsbət dəyişikliklər etsələr, xəstəliyin inkişafının qarşısını ala bilərlər. Müntəzəm məşq etmək, siqaret və alkoqoldan imtina etmək, orqanizmi nəzarət altında saxlamaq və sağlam qidalanma əsas şərtdir. Ancaq bu mərhələdə xəstəliyə qalib gəlmək göründüyü qədər asan deyil, çünki ilk mərhələdə xəstəliyi fərq etmək çox çətindir, ona görə də insanların çoxu həkimə getməyə və ya həyat tərzini dəyişməyə ehtiyac duymur.

Böyrək çatışmazlığının ikinci mərhələsi olan insanlar birinci mərhələyə bənzər ciddi simptomlar hiss etmirlər. Lakin müəyyən etmək olar ki, bu mərhələdə insanların böyrəklərində müəyyən dərəcədə fiziki zədələnmələr olur və normal birinci mərhələ ilə müqayisədə böyrəyin sidiyin filtrasiya funksiyasındakı rolunda azalma olur. Bu mərhələdə də 1-ci mərhələdə olduğu kimi həyat tərzində dəyişiklik etmək tövsiyə olunur.

Böyrək çatışmazlığının üçüncü mərhələsində xəstəliyin əlamətləri nəzərə çarpır və orqanizmdə müxtəlif fiziki əlamətlər görünür. Xəstəliyin gedişindən asılı olaraq, insanın əllərində, ayaqlarında və topuqlarında şişkinlik yarana bilər. Bundan əlavə, insanın sidik ifrazı da dəyişir. Bu mərhələdə insan həyat tərzi dəyişikliyi ilə yanaşı dərman qəbul etməyə başlamalı və böyrək çatışmazlığına səbəb olan şərtlər müəyyən edilərək müalicə edilməlidir.

Dördüncü mərhələdə böyrək çatışmazlığının əlamətləri kəskinləşir. Normal bir böyrəkdə böyrəyin sidiyin filtrasiya funksiyası 90 ml/dəq və yuxarıdır, bu mərhələdə isə sidiyin filtrasiya funksiyası 15-29 ml/dəq arasında azalır. İnsanın böyrəkləri hələ tam sıradan çıxmayıb, lakin öz funksiyalarını böyük ölçüdə itirib. Bu mərhələdə müşahidə edilən ciddi simptomlar arasında yüksək qan təzyiqi (hipertoniya), sümük xəstəliyi və anemiya kimi ciddi problemlər var.

Son mərhələdə xəstələrdə böyrək funksiyası demək olar ki, tamamilə pozulur. Sidik filtrasiya qabiliyyəti 15 ml/dəqdən aşağı düşür və buna görə də dializ və ya böyrək transplantasiyası kimi qabaqcıl müalicələr tələb olunur. Bu mərhələdə insan artıq öz orqanizmində böyrək çatışmazlığının bütün əlamətlərini hiss edir. Əvvəlki simptomlara əlavə olaraq, şəxs ürəkbulanma, qusma, nəfəs darlığı, şişlik və dəri qaşınması ilə müşahidə olunur.

Böyrək sağlamlığını qorumaq üçün ən vacib addım sağlam qidalanma və bol su istehlak etməkdir. Duz qəbulunu azaltmaq, tütün məmulatları və alkoqoldan uzaq durmaq, daim hərəkətdə olmaq vacibdir. Böyrək çatışmazlığı orqanizmdəki böyrəklərdən birinin və ya hər ikisinin müxtəlif səbəblərdən qandakı zəhərli maddələri təmizləmək qabiliyyətini itirməsi halıdır. Böyrək çatışmazlığı bəzən kəskin böyrək çatışmazlığı kimi inkişaf edə bilər, digər hallarda isə illər ərzində yavaş-yavaş inkişaf edərək xroniki hala gələ bilər. Böyrək çatışmazlığı olan xəstələrdə böyrək funksiyaları 85% və ya daha çox azalır. Bu funksiya itkisi adətən birdən birə baş vermir, illərlə əlamətləri baş qaldırır, lakin etinasız yanaşıldığı üçün xroniki hala keçir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər