Ümumdünya Çaylar Günü hər il martın 14-də qeyd olunan beynəlxalq gündür. Bu günün təsis edilməsində məqsəd ictimaiyyətin diqqətini su ehtiyatlarının qorunmasına, çayların mühafizəsinə və sudan asılı ekosistemlərin qorunmasına cəlb etməkdir. Bu ekoloji təqvim 1998-ci ildə təsis edilib.
Su ehtiyatlarının mühafizəsinin dəstəklənməsi, su ekosistemlərinin, o cümlədən çayların, göllərin, su anbarlarının və yeraltı suların vəziyyətinin həlli dünyanın gələcəyi baxımından mühüm məsələdir. Buna görə də çirklənməyə diqqəti cəlb etmək, bütün canlıların sağlamlığına təsir edən suyun çirklənməsi ilə mübarizənin zəruriliyi şərtdir.
Suyun və onun ehtiyatlarının qorunmasının vacibliyi haqqında məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirici tədbirlər və kampaniyalar keçirmək müasir dünyanın ən vacib məsələsidir.Ümumdünya Çaylar Günündə dünyanın hər yerində su ehtiyatlarının qorunmasına dair tədbirlər keçirilir, ekoloji sahədə fəaliyyət göstərən QHT və ictimai birliklər çayların su təhlükəsizliyi məsələsindəki rolundan danışırlar.
Çaylar və göllər Yer səthinin 1 faizini əhatə edir, lakin onurğalıların üçdə biri də daxil olmaqla, bütün suda yaşayan canlıların 10 faizinin yaşayış yeridir. Bu canlıların bir çoxu - təxminən 30.000 şirin su canlısının 27 faizi təhlükə altındadır. Bu, bütün şirin su balıqlarının təxminən üçdə biri deməkdir.
Çayların biomüxtəlifliyinə ən böyük təhlükələrdən biri insanlara elektrik enerjisi, su ehtiyatları və digər faydalar təmin edən, lakin ekoloji problemlər yaradan su bəndlərindən qaynaqlanır. Sərbəst axan çayların yoxa çıxması su hövzələrini bir-biri ilə əlaqəsi olmayan parçalara ayırır və suyun axınını, keyfiyyəti və temperaturunu dəyişir. Bu, həmçinin çöküntülərin daşınmasına mane olur və heyvanların, o cümlədən köçəri balıqların köçünə mane olur.
Çaylar, göllər zəhərli kimyəvi maddələrin zibilxanasına çevrilir. Təsərrüfatlarda, əkinçilikdə istifadə edilən kimyəvi maddələr də çaylara axır. Azot və fosforla zəngin olan bu axıntı suları oksigendən məhrum edir və yosunların həddindən artıq böyüməsinə, sudakı canlıların oksigensiz qalmasına, ölməsinə səbəb olur.
Qlobal istiləşmənin təsirləri artıq bütün dünyada hiss olunur, son illərdə ABŞ, Çin, Almaniya, Fransa və bir çox başqa ölkələrdə çayların quruması ilə bağlı ciddi narahatlıqlar yaşanır. Ekoloqlar deyir ki, vəziyyət daha da pisləşəcək, Amerikanın qərbində növbəti 35-60 il ərzində əhəmiyyətli dərəcədə qar və yağışı itkisi olacağı proqnozlaşdırılır. Daha az qar və yağış çay axınını və qrunt sularını dəyişəcək ki, bu da ərazidəki bir çox bitki və heyvanlara təsir edəcək. Temperaturun artması həm də quraqlıqları artırır və içməli, suvarma və canlı təbiət üçün lazım olan çay sularını qurudur.
Canlıların bəziləri də birbaşa insan tərəfindən digər zərərlər görür. Məsələn, qızılbalıqlar adət etdikləri kimi soyuq su mühitində yaşaya bilmir, çünki bəndlərin inşası onları sıxışdırır, beləcə isti su hövzələrinə doğru yönəlirlər, bu da onların sayının azalmasına səbəb olur. İqlim dəyişikliyi səbəbindən həddindən artıq güclü leysanlar, frtınalar torpaqda yığılıb qalmış kimyəvi maddələri və digər zərərli tullantıları çaylara axıdır və beləcə su canlılarının kütləvi ölümü müşahidə edilir.
Dünyada hövzəsinin sahəsinə görə birinci, uzunluğuna görə ikinci olan Amazon çayı da quruyur. Yerli əhalinin içməli su əldə etməsi getdikcə çətinləşir, ekosistem zərər görür. 2023-cü ildə Braziliyanın səkkiz ştatında son 40 ildə ən az yağıntı qeydə alınmışdı. Amazonas ştatında 62 bələdiyyədən 42-si fövqəladə vəziyyət elan etdi. Hazırda bölgədə 250 mindən çox insan quraqlıqdan əziyyət çəkir, ekspertlər yaxın gələcəkdə bu rəqəmin 500 minə çatacağını gözləyirlər.
Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Qlobal Su Ehtiyatlarının Statusu hesabatına əsasən, son beş ildə dünyada çayların səviyyəsi orta səviyyədən aşağı düşüb, su anbarları da aşağı səviyyədə qalıb. Bu, son 30 ilin ən sürətli qurumasıdır. 2023-cü ildə qlobal çay hövzələrinin 50 faizindən çoxu anormal şəraitlə üzləşib. Bu vəziyyət 2022 və 2021-ci illərdə də oxşar idi. Şiddətli quraqlıq şəraiti ilə üzləşən bölgələrə Şimali, Mərkəzi və Cənubi Amerikanın böyük hissələri daxildir. Amazon və Missisipi çaylarında suyun səviyyəsi rekord səviyyədə aşağı düşüb. Dünyanın digər tərəfində, Asiya və Okeaniyada, demək olar ki, bütün hövzə bölgələrində, xüsusilə də əsas Qanq, Brahmaputra və Mekonq çay hövzələrində normadan aşağı səviyyələr müşahidə edilib.
Ötən ilin hesabatında qeyd olunurdu ki, iqlimin pozulması həm də suyun istiqamətini dəyişir, ekstremal daşqınlara və quraqlığa səbəb olur. Qeyd edək ki, təşkilatın 2023-cü il üçün verdiyi proqnozlarda 2023-cü ilin tarixdə ən isti il olacağı, çayların quruduğu və ölkələr quraqlıqla üzləşəcəyi bildirilirdi.Həmin il bütün dünyada dağıdıcı daşqınlar baş verdi. Daşqınlardan zərər çəkmiş ərazilərə Afrikanın şərq sahilləri, Yeni Zelandiyanın Şimal adaları və Filippin daxil idi. İngiltərə, İrlandiya, Finlandiya və İsveç çaylarında normadan yuxarı axınlar qeydə alınmışdı. Təşkilatın məlumatına görə, iqlimin pozulması bu təbii hadisələrinin təsirlərini daha da pisləşdirir.
WMO-nun baş katibi Selest Saulo deyir: “Ekosistemlərə və iqtisadiyyata ağır zərbə vuran, getdikcə artan normadan artıq yağışlar, daşqınlar və quraqlıqlar təhlükə siqnalıdır. Əriyən buzlaqlar milyonlarla insan üçün təhlükədir. Temperaturun yüksəlməsi nəticəsində hidroloji dövriyyə sürətlənib. Bununla belə, biz lazımi təcili tədbirlər görmürük.”
Qeyd edək ki, hazırda 3,6 milyard insan ildə ən azı bir ay suya qeyri-adekvat çıxışla üzləşir və BMT-yə görə bu rəqəmin 2050-ci ilə qədər 5 milyardı ötəcəyi gözlənilir. WMO-nun 2022-ci ilin sentyabrından 2023-cü ilin avqustuna qədərki məlumatlarına görə, buzlaqlar əriməyə davam edərək 600 giqatondan çox su itirib, bu, 50 illik müşahidələr ərzində ən yüksək göstəricidir.
Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malikdir və qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Son 1 ildə Azərbaycanın su ehtiyatları minimuma düşüb. Həmişə bol sululuğu ilə məşhur olan Kür və digər kiçik çaylar quruyur. Kürdə suyun səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri Kür çayının mənbəyi olan Türkiyədə bir neçə su anbarının tikilməsidir. Mənbə sularının böyük hissəsi orada toplanılır və çaya az gəlir. İkincisi isə, Kürə axan kiçik çaylar ekoloji səbəbdən quruyub.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb