PDF Oxu

MİA

  • 3 074

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? – ELMİN SONU (XVI YAZI)

image

Elçin Bayramlı

əvvəli burada

https://sesqazeti.az/news/mia/1240000.html

XVI YAZI

“Sizin yaradılışınızda və yer üzünə səpələdiyi məxluqatda yəqinliklə inanan insanlar üçün çoxlu dəlillər vardır” (Quran, Casiyə, 45/4)

Bu silsilədən əvvəlki yazımızda heyvanların yaradılışı, onların Yerdə həyatın formalaşmasında və davamlılığında vacib rolu haqda yazmışdıq. Düşünürük ki, artıq insanın yaradılma hekayəsinə keçmək vaxtıdır.

“Biz insanı ən gözəl surətdə yaratdıq” (Quran, Tin surəsi, 95/4)

Yaradılış əhvalatı qədim mifologiyalarda və müqəddəs kitablarda demək olar ki, eyni verilib. “Yadına sal ki, Rəbbin mələklərə demişdi: “Mən yer üzündə bir xəlifə yaradacağam”. Onlar dedilər: “Biz Səni həmd-səna ilə təqdis etdiyimiz və müqəddəs tutduğumuz halda, dünyada fitnə-fəsad törədəcək, qan tökəcək bir şəxsi canişinmi edəcəksən?”. Allah onlara dedi: “Mən bildiyimi siz bilmirsiniz!”

İnsanların necə və nə üçün yaradıldığı məsələsi bəşəriyyətin varlığını mənalı etmək baxımından həyati əhəmiyyət kəsb edir. Bu kontekstdə ən qədim sivilizasiyalarda yaradılış haqqında rəvayətlərin olduğunu görürük. İlahi dinlərdə də ilk insanın yaradılış rəvayətlərinin xüsusi əhəmiyyəti vardır. Silsiləmizin bu hissəsində insanın yaradılışının qədim dini, fəlsəfi, mifoloji mənbələrdə necə verildiyinı toxunmaq istərdik.

Dinlərdə və mifoloji mətnlərdə verilən məlumatlara görə, ilk insan torpaqdan yaradılmış və Tanrı tərəfindən ona ruh üfürülərək canlandırılmışdır. Yaradılış rəvayətlərinin bir-birindən nəhəng okeanlarla ayrılan müxtəlif qədim mədəniyyətlərdə oxşar şəkildə qeyd olunması onların eyni mənbədən gəldiyini göstərən faktdır.

Miflər mahiyyətcə dünyanın başlanğıcındakı hadisələr haqda təsəvvürləri verir. Bu səbəbdən mifologiyanı bir çox alimlər “tarixdən əvvəlki tarix” adlandırır. Yəni, yazılı tarixdən əvvəlki şifahi tarix. Bu məlumatlar daha çox folklorda yaşamış və hələ yazının mövcud olmadığı dövrlərdə nəsildən nəsilə şifahi şəkildə ötürülərək bu günə gəlib çatmışdır.

Kainatın və insanın yaranması haqqında məlumat verən əlimizdə olan ən qədim miflərin şumerlərə və hindlilərə aid olduğu bildirilir. Şumer anlayışına görə, insanlar yaranmazdan əvvəl kainat və yer tanrıçalar (mələklər, ilahi mənşəli varlıqlar) tərəfindən idarə olunurdu.Şumer mifologiyası haqqında mühüm məlumatlar verən ədəbi lövhələr təxminən e.ə. 2000-2500-ci illərə aiddir. Bu 4 min ildən çox qədimə aiddir.

Vedalarda da 5 min il əvvəl yazıya alınmış dini-fəlsəfi biliklər və yaradılış məlumatları toplanıb. Belə məlum olur ki, yaradılış məlumatlarının yazıya alınma mədəniyyəti təxminən 5 min il əvvəl ortaya çıxıb.

Yaradılış hekayəsinin mistik gücünə inanılır. Hindlilər arasında müalicənin bir forması diqqətəlayiqdir. Hindistanlı sehrbazlar xəstənin çarpayısının yanında miniatür formada Mandol naxışı çəkirlər. Mandol naxışları kainatı və ilahi varlıqların yaşadığı ilk yeri simvollaşdırır.

Bu şəkillərdə kainatın yaradılması təsvir olunur. Digər tərəfdən, xəstənin yanında kosmoqonik miflər və mantralar oxunur. Bu yolla xəstə ruhi olaraq başlanğıca, yaradılışın yarandığı ilk dövrə qaytarılır və beləliklə şəfa əldə edilir.

Tibetdə də kosmoqonik miflərin və ilahi sözlərin enerjisi ilə xəstəliklərə çarə tapılacağına inam çox güclüdür.

Qədim mifologiyalara və müqəddəs kitablara görə, insanın yaradılışında istifadə olunan maddələr torpaq və sudur.

Babil mifologiyasında da (Yaratma dastanı) təxminən proses eyni təsvir olunur. Dastanın “Yaradılış” (Bibliya) kitabının ilk iki fəslində nəql olunanlarla oxşarlığı çoxdur. Babil mifologiyasında ilk insanın yaradılışında torpaq əsas element olmuşdur və onun forma alması üçün ilahi mayedən istifadə edildiyini görürük. Bu maye Şumerdə göz yaşı adlanırsa, Babildə qan kimi ifadə edilirdi. (Alexander Heidel, Enuma Elish: Babylonian Creation Epic, Rosenberg, World Mythology).

Zərdüştilikdə ilk insanın yaradılması belə təsvir olunur. Tanrı Ahura Mazda başlanğıcda əbədi işıq idi. Maddə və hərəkətdən məhrum olan zaman və məkan anlayışlarının olmadığı kainat dövrü. Ahura Mazda dünyanı 6 mərhələdə yaratmışdır. (Bibliyada da yaradılışın 6 gündə baş verdiyi qeyd olunur. 7-ci gün isə Yaradılış nəzərdən keçirilir - E.B.). Birinci mərhələdə səma, ikinci mərhələdə su, üçüncü mərhələdə Yer, dördüncü mərhələdə bitkilər, beşinci mərhələdə heyvanlar və altıncı mərhələdə insanlar yaradılmışdır.

İlk yaradılan Keyumersin Bibliyada və Quranda deyilən Adəm olduğu nəql olunur. Əhrimənin ilk insan cütlüyünü şirnikləndirməsi və Ahura Mazdanın onları cəzalandırması İslamda İblisin azdırdığı və Allahın cəzalandırdığı Adəm və Həvvaya bənzəyir.

Yəhudilikdə ilk insanın yaradılması haqqında məlumat onların müqəddəs kitabı olan “Tanax”da verilmişdir. O, Tövrat (Müqəddəs İncil) kitabının Yaradılış bölməsinə daxil edilmişdir.

Kitabın 2-ci və 3-cü bölmələrində insanın yaranması, Cənnət bağında yerləşdirilməsi, qadının yaradılması, qadağan olunan şey haqqında məlumatlarla yanaşı, qadağanın pozulması və sonrakı cəzalar da ətraflı izah olunur.

“Yaradılış” kitabının 1-ci fəslindəki ilk yaradılış hekayəsinə görə, Allah insanı yaratmazdan əvvəl onun Yer üzündə yaşamasına şərait yaradan bütün imkanları formalaşdırmışdır. Bir zamanlar bütöv olan yer və göy bir-birindən ayrılmış, su ilə örtülmüş yerin səthində torpaq əmələ gəlmiş, canlılar formalaşdırılmış və sonra insanlar yaradılmışdır. Bütün varlıqlar yaradılandan sonra (7-ci gün) Allah Özü onlara qiymət verir.

İnsanın yaradılmasına gəldikdə, “Yaradılış”da deyilir; “İnsanı öz surətimizə görə yaradaq” ifadəsi ilə insanın Allahın surətində yaradılacağına qərar verildi. Eyni zamanda insana bütün varlıqlar üzərində hökmranlıq missiyası verildi. İnsanın yaradılışından sonra Allah hər şeyin “çox gözəl” olduğunu gördü.

Yaradılış hekayəsində insanın yaş torpaqdan yaradıldığı və burnuna həyat nəfəsi (ruh) üfürüldükdən sonra canlı varlığa çevrildiyi bildirilir.

Vedalarda bu haqda daha geniş biliklər verilib. Şruti-mantrada deyilir ki, Yaradılışdan əvvəl yalnız Tanrı Vişnu mövcud olub. Bütün kainatlar, canlılar yalnız Onun nəfəsi ilə canlanıb.

Allah insanı yaratdıqdan sonra onu qorumaq üçün Cənnət bağında yerləşdirmişdir. Onlara yalnız bir şeyi etməmək tapşırılmışdı və qadağan edilmişdi. Lakin İblisin yoldan çıxarması ilə (bunun səbəbini bir az sonra qeyd edəcəyik- E.B.) onlar qadağan olunan şeyi etdilər və cəza olaraq Cənnətdən çıxarılaraq Yer üzünə endirildilər.

Yəhudilikdə olduğu kimi, xristianlar da Tövratın “Yaradılış” bölməsində yer alan Adəmin yaradılış hekayəsini ilk insanın yaranması əhvalatı olaraq qəbul etmişlər. Xristian təfsirçiləri və ilahiyyatçıları hesab edirlər ki, Adəm konkret şəxsiyyət deyil, ümumən bəşər övladının törədiyi simvolik bir varlıqdır. Kitabda Müqəddəs Yazılardakı məlumatlara əsaslanaraq, Adəmdən əvvəl belə bir varlığın olmadığı və onun bütün insanların öz nəslini törətdiyi prototip olaraq ifadə edildiyi izah edilir.

İslama görə Hz. Adəm ilk insan və ilk peyğəmbər kimi qəbul edilir. Adəmin yaradılması haqqında məlumat Quranın müxtəlif surələrində var. Qurana görə Adəm torpaqdan yaradılmışdır. İnsanın yaradılışından bəhs edən bir çox ayədə ilk yaradılışa əsaslanaraq axirətdə dirilmənin sübuta yetirilməsinə çalışıldığını görürük. Bu mövzudakı ayələrin əsas məqsədi Allah tərəfindən kainatı bəşəriyyətə təqdim etməkdir.

Allah insanların dünyada var olma səbəblərini belə izah edir; “Mən cinləri və insanları ancaq Özümə ibadət etmək üçün yaratdım”. Sonra Allah “Görək hansınız daha yaxşısınız?” dedi.

Qurana görə, O, ölümü və həyatı yaxşı işlər görənləri sınamaq üçün yaratmışdır (Mülk Surəsi 2). İnsanı (bioloji materialı) Adam (Ruhi şəxsiyyət) edən, onun mənəvi cəhətini formalaşdıran ruh Allahın Özündən nəfəs alır. Axı insanlar iki əsas elementdən ibarətdir: torpaq kimi maddi və ruh kimi mənəvi.

Müxtəlif surələr ilk insanın bioloji yaradılışının əsasını torpaq və su kimi təsvir edir.

“Sizi torpaqdan yaratması, sonra da hər yerə yayılmış bir qövmə çevrilməsi də Onun dəlillərindəndir” Ər-Rum 30/20.

“Əvvəlcə hər şeyi gözəl edən və insanı palçıqdan yaradan Odur”. Səcdə 32/7.

Quranda “Sizi mərhələ-mərhələ yaratdı” ifadəsi ilə insanın spermadan başlayaraq doğulanadək keçdiyi mərhələlər nəzərdə tutulduğu ilə yanaşı, ilk insanın yaradılışda keçdiyi mərhələlərə də işarə edildiyi düşünülür.

İlk insanın torpaqdan yaradıldığını bildirən ayələr əslində insanların bildiyi mövcud bir inancı bir daha vurğulayırdı. Çünki ən qədim sivilizasiyalarda insanların torpaqdan yaradıldığına inam var idi.

Quranda insanın xəlifə olaraq yaradıldığı qeyd olunur. Xəlifə anlayışı ağıldır və onun iradəsi ilə digər canlı və cansız varlıqlardan fərqli bir mövqedə olması, yer üzündəki hər şeydən öz imtiyazları ilə bəhrələnmək, mövcud şeylərdən istifadə edərək yeni şeylər çıxarmaq, məhsuldarlığı ilə hakim mövqeyə gəlmək və bu prosesin nəsildən-nəslə ötürülməsi ilə başa düşmək mümkündür.

İnsanın ilk prototipi dərgahda İlahi varlıqlar qarşısında prezestansiya zamanı hər şeyin adını və mahiyyətini bildiyini nümayiş etdirir. Onun öyrənmək qabiliyyətinə malik bir varlıq olduğu ortaya çıxır və mələklərin belə bir istedada malik olmadığı onların dilində ifadə edilir.

“Bizim sənin bizə öyrətdiklərindən başqa heç bir elmimiz yoxdur”. Beləliklə, Adəmin yaradılışındakı fərq üzə çıxır və İblisin etirazına baxmayaraq, “xəlifə” təyin olunmasının hikməti elminin nümayişi ilə aydın olur.

Lakin İblis bununla razılaşmır və İnsanda mənfi xüsusiyyətlərin də olduğunu deyərək onun özündən üstün ola bilməyəcəyini deyir. “Mən Oddan (enerjidən), o isə torpaqdan yaranıb, o, necə məndən üstün ola bilər” deyir. İblisin etirazı qəbul olunmur, onda o, Yaradandan bu yeni məxluq növünü sınamaq və naqisliklərini göstərmək üçün möhlət istəyir və belə bir icazə ona verilir.

Mələklərin bilmədiyi şey, Adəmin simasında bütün insanların fitrətində mövcuddur. Onu mələklərdən və hətta onların hörmətindən də üstün bir mövqeyə qoyan müstəqil bilik əldə edə bilmək qabiliyyətidir.

O, bildiklərini aşkara çıxararaq bilmək və yeni şeylər yaratmaq xüsusiyyətini açıqlamış, bu da mələklərin Adəmin qarşısında baş əyməsinə səbəb olmuşdur. İnsana verilən bu xüsusiyyət onun zehni hərəkətlərini əhatə etməklə yanaşı, onun yaradıcılığını və məhsuldarlığını da ortaya qoyur. Allah Adəmə və arvadına Cənnətdə məskunlaşmağı əmr edəndə (Ey Adəm! Sən və arvadınız Cənnətə gedəcəksiniz- əl-Bəqərə 2/32) Həvva da hekayətdə yer alır. Buradakı “arvad”ın (“Nisa” surəsi 4/1 və “Əraf” surəsi 7/189) Həvvanı nəzərdə tutması ilə təfsirçilər həmfikirdirlər.

Bibliya rəvayətlərinə görə, Allah Hz. Adəmi cənnətə yerləşdirdikdə, Adəm orada tək qaldı. Yalnızlığını aradan qaldırmaq üçün Allah Adəmi yuxuya verdi, onun qabırğalarının birindən Həvvanı yaratdı. Hz. Adəm yuxudan oyananda ondan soruşdu: “Sən kimsən?”. O, “Qadın” deyə cavab verdi.

Cənnətdə qadağan olunan şeylə bağlı ziddiyyətli məqamlar çoxdur. Nüfuzlu mifoloqların və qədim dillərin bilicilərinin izahlarına görə, söhbət heç də hansısa ağacın meyvəsini yeməməkdən getmir. Onlara başqa varlıqlarla cütləşmək qadağan edilmişdir və bu qaydanı (Həvvanın sayəsində) pozduqlarına görə mələz irq yaranmışdır. Adəm və zövcəsi İblisin hiyləsi ilə bu qadağanı pozduqdan sonra Cənnətdən uzaqlaşdırıldılar. Beləliklə, insanların yer üzündə macərası başladı.

Quranda yaradılış kontekstində insanın fitrətinə yerləşdirilmiş bir çox xüsusiyyət vardır. Allah insana ən mükəmməl fiziki forma verib. O, ağıllı bir varlıq olaraq öyrənmək və bilmək kimi üstün fəzilətə malikdir. Digər tərəfdən, insan öz təbiətinə xas olan mühitdəki stimullara həssasdır. Şeytanın şirnikləşdirmələrindən təsirlənərək qan və fitnə-fəsad çıxara da bilər. Əbədi yaşamaq həvəsi ilə insan öz Yaradanına qarşı üsyan da edə bilər. Həmçinin, səhvini anlayıb Rəbbinin hüzuruna yönələ də bilər. Bir sözlə, mələklərdən fərqli olaraq insana mütləq müstəqillik verilmişdir.

Ardı olacaq

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər