PDF Oxu

MİA

  • 69 627

Azərbaycançılıq və konservatizm ideologiyası

image

Azərbaycançılığın konservatizm (mühafizəkarlıq) və neokonservatizm (hafizəkarlıq) mövqeyində durduğunu göstərirlər. Bəs konservatizm ideologiyasının mahiyyəti nədən ibarətdir? "Konservatizm" "sonserva" latın dilindən alınma fransız sözü olub "qoruyurum", "saxlayıram" deməkdir. Müxtəlif ideya-siyasi və mədəni cərəyanları əhatə edir, cəmiyyətin siyasi, sosial, mədəni həyat sahələrində ənənə və irsliyi müdafiə edən bir ideologiyadır. V.P.Puqaçovun "Politologiya" kitabında göstərdiyi kimi "konservatizm" termini ilk dəfə 1818-ci ildə F.R. de Şatorbianın 1818-1820-ci illərdə "konservator" jurnalının nəşr etdirilməsilə işlənməyə başlanmışdır. Konservatizm ideologiyasının formalaşmasının da Böyük Fransa inqilabı mühüm rol oynamışdır.

A.A.Frenkin "Qərbi alman konservatorları: onlar kimdirlər?" əsərində konservatizm ideologiyasına ənənələr, dinçilik, nüfuz, azadlıq və məsuliyyət, adamların təbii qeyri-bərabərliyi, skeptisizm kimi prinsiplərin kompleksinin tərifini vermişdir.

Konservatizm üçün mövcud və qərarlaşmış sosial qaydalara və normalara bağlılıq, inqilab və radikal islahatları qəbul etməmək, üzvi təkamülü müdafiə etmək xarakterikdir. Sosial dəyişikliklər şəraitində mühafizəkarlıq özünü köhnə qaydaları bərpa etmək tələblərində göstərir və çox zaman keçmişin ideallaşdırılması ilə müşayiət olunur. Kapitalizmin bərqərar olması mərhələsində Qərbdə konservatizm liberalizm və sosializmə qarşı dururdu.

Konservatizmə görə yenilik, dəyişkənlik əvvəlki qaydalarla varislik əlaqəsindən kənarda mövcud ola bilmədiyi kimi, cəmiyyətin təbii surətdə qərarlaşmış sosial iyerarxiyası, xüsusilə də, onun ailə, din, mülkiyyət kimi təsisatları, bütünlükdə, cəmiyyətin mənəvi əsasları və prinsipləri ali dəyərlər olub ötəri xarakter daşıya bilməz.

Son 200 il ərzində konservatizm və ənənəçilik çox mürəkkəb qarşılıqlı təsir və polemika münasibətində olmuşdur. XVIII əsrin ikinci yarısındakı aristokratik konservatizmin (de Mestr, de Bonald, Kortes) əsas vəzifəsi həmin dövrdə yenicə güc tapmaqda olan demokratizmə və liberalizmə qarşı durmaq, inqilaba qədərki Avropada hökmran olan qayda-qanunu əsaslandırmaqdan ibarət olmuşdur. Tarixi geri döndərməyin mümkün olmadığını dərk edəndən sonra isə konservatizmin ideoloqları və siyasətçiləri ənənəçiliyi siyasi və ictimai həyatın yeni reallıqları ilə uyğunlaşdırmaq üçün yollar aramağa başlamışlar. Bunu ardıcıl olaraq həyata keçirməyə isə E.Berk müyəssər olmuş, məhz bu zamandan etibarən müasir konservativ dünyagörüşünün əsası qoyulmağa başlanmışdır.

XX əsrin 20-30-cu illərində kapitalizmin ümumi böhranı zamanı mürtəce meyillər yenidən baş qaldırmış oldu. Belə ki, bu zaman "inqilabçı konservatorlar" (A.Müller van den Bruk, E.Yunger, X.A.Prima de Rivera, K.Z.Kodryanu, M. De Unamuno) və "fəlsəfı ənənəçiliyin" davamçıları (R.Qenon, N.İoncsku, M.Eliade) arxaik ənənəçiliyi əsaslandıraraq. 1.Nəzəri cəhətdən "üçüncü yol" ideologiyasını irəli sürdülər.1 Bu ideologiya isə nəinki modernizmə, həm də konservatizmə qarşı çıxdı. Ənənəçiliyin görkəmli nümayəndələrindən olan Rene Qenon və onun ardıcılları ənənəçilik mövzusunu dirçəldərək "iyerarxiyanı yenidən qurmaq", "yeni elitanı formalaşdırmaq" kimi əsas vəzifəni qarşıya qoydular. Təbii ki, bu-nunla onlar "ənənəvi cəmiyyəti" bərpa etmək məqsədi güdürdülər. Yulius Evola bu münasibətlə yazırdı: "Bizə yeni güclü orta əsrlər lazımdır...fəlsəfəyə, mədəniyyətə, gündəlik siyasətə "yox" demək lazımdır... Biz bərpa mövqeyində dururuq". 2."Konservativ inqilab" və ya "üçüncü yol" ideoloqları liberal sivilizasiyanın total inkarı mövqeyindən çıxış etdilər. Onlar öz mövqelərini belə əsaslandırdılar ki, liberal sivilizasiya Avropa ənənələrinin aradan qalxmasının son həddidir. Ənənələri saxlamaq, davam etdirmək üçün həmin ideoloqlar müasirliklə total mübarizənin zəruriliyini irəli sürdülər. Sonralar bu ideyalar faşizm və nasional-sosializm ideologiyasının formalaşmasına xüsusi təsir göstərdi.

"Konservativ inqilabçılar" və müasir ənənəçilər aristokratik konservatizmin nisbətən radikal ideyalarını qəbul etməklə yanaşı, həmin cərəyanın hər hansı sistemin müəyyən tipini konservləşdirmək kimi fikirlərindən imtina etdilər. Modernizmin tənqidi müasir ("maariflənmiş" və ya "universal") konservatizmin siyasi fəlsəfəsində geniş istifadə edilir. Lakin müasir konservatizmə bərpa ruhu yaddır, o, konservatizmin ictimai inkişafın konfliktlərsiz getməsi haqda müddəalarını qəbul etmir.

Müəyyən mərhələdə mövcud vəziyyəti mühafizə edib saxlamaq cəhdi istənilən siyasi ideologiyaya xasdır. Bu cür "konservatizmin" ən son nümunəsi müasir sosialist və postsosialist ölkələrinin kommunist qüvvələrinin siyasətidir. Müasir konservatorların əksəriyyətinin fikrincə, sivilizasiyanın dəyişmə sürəti nə qədər yüksək olsa, sosial strukturun konservasiyasına meyil o dərəcədə çox olur və mövcud sosial institutların (ailə, din, assosiasiya, dövlət) qorunub saxlanmasına qayğı daha çox aktual problemə çevrilir.

Sosial dəyişikliklərdə konservatizm tərəfindən irəli sürülən varislik ideyası (inkişafdakı sabitlik ) yalnız Qərb cəmiyyətləri üçün aktual deyildir. Müasirliyin sonu Qərbdə sosial-reformist dünyagörüşünün böhranı ilə ifadə olunur. Postmodernizmin indiki neomodernizm vəziyyətində keçmiş Sovet İttifaqı və Şərqi Avropa ölkələrində sosializm sisteminin dağılmasından sonra sosializmi qeyri-müəyyən bir struktur əvəz etdi. Hazırda postsosialist ölkələrinin əksəriyyəti öz tarixinin ən kəskin anlarından birini yaşayır. Bu, əsasən, həmin ölkələrdən bir çoxunun növbəti dəfə "Avropaya (həm də Avropa mədəniyyətinə) daxil olması" cəhdi ilə xarakterizə olunur. Qərbdə baş verən proseslər həmin ölkələr, habelə, Azərbaycan üçün də aktualdır. Keçid dövrünü yaşayan keçmiş sovet respublikalarının çoxu böyük əzabla inkişafın yeni modelini axtarmağa məcbur olublar. Bu mənada, konservatizmin tədqiqinin nəinki elmi-nəzəri, habelə, daha çox dərəcədə praktik əhəmiyyəti vardır.

"Konservatizm" termini nəinki müasir siyasi şərhdə, habelə, elmi ictimai ədəbiyyatda işlənir. Azərbaycanda konservatorları hakimiyyət partiyasına da aid edirlər. Qərbdə isə konservatorlara M. Tetçer, A. de Benua, Q.Rormozer, D.Bell və ya F.Mitteran kimi siyasətçiləri aid edirlər. Konservatizmi sosiomədəni A.Müllerin fikrincə, konservatizmin siyasi ideologiyaya müncər edilməsi onun mahiyyətini "əridir", "yox edir". Təsadüfi deyildir ki, son illər Qərbdə "konservatizmin ümumi nəzəriyyəsi ola bilməz" fikrindən imtina edilməsinə və "müasir konservatizmin siyasi fəlsəfəsinin" işlənib hazırlanmasına üstünlük verilir.

R.Xiqçins "Yeddinci düşmən" əsərində konservatizmi tarixi ənənələri qoruyan reallıqla sıx bağlı olan fenomen, S.Xattinqton "sistemli-praktik və nəzəri dəyişikliklərə müqavimət göstərən "status-kvo" ideologiyası, K.Rossimer liberalizmlə sıx qarşılıqlı əlaqədə tam inkişaf edən ideya M.Fyodorov ənənəçilik, E.Şameki isə ənənəçiliyin xüsusi sahəsi - "ideoloji ənənəçilik", Azərbaycan tədqiqatçısı M.Səttərov isə "mürtəce ideologiya" hesab edir.

D.İsmayılovun fikrincə, konservativ əhval-ruhiyyə üçün ənənələr, sosial institutlar və dəyərlər keçmişi, indini və gələcəyi birləşdirir, onlar arasında əlaqə yaradır. Sosial dəyişikliklərin xarakteri, ölçüsü və təbiəti konservatizmlə, bu və ya digər sosial topluma aid olan dəyərlər, ənənələr, adətlər vasitəsilə sıx bağlıdır. Böyük Britaniya, ABŞ, AFR, Fransa və digər ölkələrdə konservatizmin əhəmiyyəti onunla izah edilir ki, həmin ölkələrin millətləri dəyişiklikləri arzu etdiyi zaman (XX əsrin 70-ci illərində) konservatorlar elə həmin dəyişiklikləri təklif etdilər. Məhz ictimai sistemin sabitliyini qoruyub saxlamaq zərurətə çevriləndə konservatizmə ehtiyac qaçılmaz oldu.

Konservatizmə görə, dövlət və assosiasiyaların əsas funksiyalarından biri cəmiyyətdə qayda-qanunu və sabitliyi qorumaqdan ibarətdir. Bu dəyərlər konservatizm üçün dominantdır. Bu prosesdə bütün müasir konservatorlar E.Berkin ideyasını inkişaf etdirərək, qeyd edirlər ki, dövlətdəki qayda-qanunlar hər şeydən əvvəl, tarixin nəticəsidir, bir nəslin mənimsədiyi müəyyən adətlərin nəticəsidir. Qayda-qanunun qorunub saxlanmasında əsas funksiyanı müxtəlif sosial qrupları və insan nəsillərini ittifaq şəklində özündə birləşdirən dövlət həyata keçirir. İdarəetmə yalnız o zaman cəmiyyətdə qayda-qanun yaradır ki, bir-birinə əks olan sosial qrupların maraqlarını əks etdirə bilsin. Konservatizm ideoloqlarının fikrincə, mükəmməl idarəetmə olmadığı kimi, mükəmməl cəmiyyət də yoxdur.

Konservativ doktrinada "nüfuz hakimiyyəti" konsepsiyası ilə demokratiya haqqında təsəvvürlər sıx bağlıdır. Bu doktrinaya görə, demokratiya nə qədər səbirli, dözümlü olarsa, o qədər həyat qabiliyyətli olar. Mühafizəkarların fikrincə, təcrübə, səlahiyyə və istedad tələb olunan yerdə demokratiya qəbuledilməz olur. Tam özünüidarəetmə kimi başa düşülən demokratiya mifdir, heç bir sosial reallığa uyğun gəlmir, belə ki, siyasət səlahiyyətli elitanın fəaliyyət dairəsidir. Kaltenbrunnerin ideyası ilə səsləşən konservativ nəzəriyyə azadlıq nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə azadlıq anlayışı reallığa maksimal dərəcədə uyğun gəlməlidir və azadlıq anlayışı insanın ikili təbiətindən irəli gəlir. Hələ E.Berk deyirdi ki, o, yeganə bir azadlıq tanıyır ki, bu da qayda-qanunla bağlı olan azadlıqdır. O, qeyd edirdi ki, azadlıq qayda-qanundan asılı olmadan mövcud deyil, yəni sosial xarakter daşıyır. Buna görə də həqiqi konservatizm azadlığın abstrakt qeyri-tarixi modelindən imtina etməlidir. Geniş liberal azadlıqların tərəfini saxlamaqla nə onu mütləqləşdirmək, nə də "təbii insan hüquqları" konsepsiyasına əsaslanmaqla ideallaşdırmaq olmaz. Unutmaq olmaz ki, liberal demokratiyaya görə də istənilən fərdi maraq o zaman reallaşır ki, öz şəxsi mənafeyindən yüksəkdə dura bilsin.

Hər bir insanın hüququ, o cümlədən, şəxsi azadlıq, eyni zamanda, həm təbii, həm də sosial xarakter daşıyır: təbiidir ona görə ki, Allah tərəfindən yaradılmış insana mənsubdur, sosialdır, ona görə ki, insan bu hüquqlardan yalnız təşkil olunmuş cəmiyyətdə istifadə edir. Müasir konservatizmin hərdən fərdi azadlıq bayrağı altında çıxış etməsinə baxmayaraq (qeyd etmək lazımdır ki, bu, daha çox iqtisadi doktrina üçün xarakterikdir), ona fərdiyyətçilik nəzəriyyələri yaddır. Bu nəzəriyyələr siyasi institutları ayrıca götürülmüş fərdlər arasındakı müqavilənin nəticəsi kimi şərh etməyə cəhd göstərirlər. Sübut etməyə çalışırlar ki, fərdi azadlıq həmin fərdlərin təbii hüquqlarına əsaslanır. Konservatizmə azadlığın kommunalist konsepsiyası xasdır. A.Belminin fikrincə, konsepsiyaya görə "insan fərdləri öz mahiyyətinə görə sosial fərdlərdir... öz fərdiliklərində belə onlar cəmiyyətin institullarından, mədəniyyət və ənənələrindən qida alırlar və buna uyğun olaraq da, onların azadlığı sosial xarakter daşımalıdır.

Müasir konservatizm ideologiyasını neoliberalizm, konservativ liberalizm və ya liberal konservatizm də adlandırırlar. Konservatizmin daxili cərəyanlarına sağ və sol konservatizmi aid etmək olar. Bəziləri konservatizmi klassik antiideoloji, ideoloji və sağ konservatizmə ayrırırlar. Klassik antiideoloji konservatizm dəyişikliklərin inqilab və qəfil innovasiyalar yolu ilə deyil, qanuni hakimiyyətin çərçivəsində getməsi tərəfdarıdır. Konservatizmi tarixən formalaşmış siyasi fəlsəfə və ya siyasi ideologiya hesab edənlər də var.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər