PDF Oxu

MİA

  • 1 055

Niyə ən çox onları GMO-laşdırırlar?

image

GMO – yəni genetik modifikasiya olunmuş məhsullar gen mühəndisliyi üsullarından istifadə edərək laboratoriya şəraitində DNT-si dəyişdirilmiş bitkilər, heyvanlar və ya mikroorqanizmlər üçün ümumi termindir. Bu dəyişikliklərin bitkiləri zərərvericilərə və ya xəstəliklərə qarşı daha davamlı etmək, məhsul məhsuldarlığını artırmaq və ya onların qida dəyərini zənginləşdirmək kimi məqsədlər üçün edildiyi iddia edilir.

Dünyada ən çox GMO-ya məruz qoyulan qidalar soya və qarğıdalıdır. Bu məhsullar qlobal GMO məhsul istehsalının böyük bir hissəsini təşkil edir. GMO texnologiyası sayəsində bitkinin xəstəliklərə, zərərvericilərə, iqlim dəyişikliklərinə davamlı formaları yaradılır. Lakin bu istiqamətdə aparılan araşdırmalar da deyir ki GMO insan orqanizminin DNT-sini pozmaq iqtidarındadır. GMO miomüxtəlifliyin azalmasında əsas təhlükələrdən biridir, çünki GMO bitkilər yerli sortları sıradan çıxarır. GMO toxumları patentlidir və fermerlər toxumu özləri çoxalda bilmirlər, beləcə hər il toxum almaq məcburiyyətində qalırlar.

Bu gün qlobal soya istehsalının böyük bir hissəsi - 83%-i GMO-lardan istifadə etməklə yetişdirilir. Bunun bir neçə elmi, iqtisadi və kənd təsərrüfatı ilə əlaqəli səbəbi var. Herbisidlərə davamlılıq bu səbəblərdən biridir. Herbisidlər kənd təsərrüfatında bitkiləri yad təsirlərdən qorumaq üçün istifadə edilən kimyəvi dərmanlar qrupudur. Alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən bütün kimyəvi maddələr ümumilikdə herbisid olaraq adlanır. Tarlaya alaq otlarını öldürmək üçün dərmanlar səpilsə də, GMO soya bu dərmandan zərər görmür. Dərman alaq otlarını məhv edir, amma soya bitkisi sağlam qalır. Bu da məhsuldarlığı artırır və işçi gücünü azaldır.

İddialara görə GMO soya növlərində yağın tərkibi dəyişdirilərək trans-yağlar azaldılır, sağlamlıq üçün daha faydalı tərkib əldə edilir. Bu növ soya əsasən qida sənayesində istifadə edilir, yağ, süd əvəzediciləri, emal olunmuş qidalar üçün sərf edilir. GMO soya quraqlıq, şoranlıq, soyuq və torpaq keyfiyyəti kimi faktorlarla daha yaxşı mübarizə aparır. Bu da Afrika və Asiyanın bəzi bölgələrində soyanın becərilməsini mümkün edir.

Ən çox GMO-ya məruz qoyulmuş bitkilər sırasında ikinci yeri qarğıdalı tutur. Onun genetik modifikasiyası əsasən məhsuldarlığı artırmaq, zərərvericilərə qarşı davamlılıq yaratmaq və sənaye ehtiyaclarını qarşılamaq məqsədi daşıyır. Qlobal qarğıdalı istehsalının təxminən 90%-i GMO-dur, lakin qeyri-rəsmi məlumatalara görə bu rəqəm 99 % nisbətindədir.

Qarğıdalı bitkisi üçün ən böyük təhlükə qarğıdalı qurdu (corn borer) və digər zərərvericilərdir. Müasir qarğıdalı növləri "Bacillus thuringiensis" (Bt) adlı bakteriyadan götürülmüş genlə modifikasiya olunur. Bu gen qarğıdalıya özünü qoruma qabiliyyəti verir, zərərverici onu yedikdə ölür. GMO qarğıdalı herbisidlərə, xüsusilə glifosata qarşı dözümlü olur. Qarğıdalı sahələrinə alaq otlarının öldürülməsi üçün dərman vurulur, otlar məhv olur, amma dərman qarğıdalıya ziyan vurmur.

GMO texnologiyası ilə qarğıdalı növləri quraqlığa dözümlü, torpaqdakı şoranlığa davamlı, daha soyuq və daha isti havalara uyğunlaşır, beləcə iqlimi sərt olan ölkələrdə qarğıdalının becərilməsini mümkün edir. GMO qarğıdalı ilə bağlı qlobal ictimaiyyəti narahat edən əsas problem genetik tərkibin eyni olmasıdır. Daha açıq ifadə etsək, monokultura riski var, yəni GMO sortları geniş ərazilərdə eyni genetik tərkiblə becərilir, bu isə xəstəliklərə qarşı zəiflik yaratma ehtimalını ortaya çıxarır. Üstəlik toxumların patentləşdirilməsi də narahatlıqlardan biridir, GMO qarğıdalı toxumları fermer tərəfindən çoxaldıla bilmir, fermerlər hər il yenidən toxum almağa məcbur qalır. Ən çox GMO qarğıdalı becərilən ölkələr Amerika, Braziliya, Argentina, Cənubi Afrika, Kanadadır. Amerikada qarğıdalının 90%-dən çoxu GMO növlərdir.

Bu gün kənd təsərrüfatında yetişdirilən bir çox meyvə-tərəvəz - pomidor, kartof, düyü, buğda, balqabaq, günəbaxan, tütün və şəkər çuğunduru kimi digər məhsullar da GMO-lardan istifadə etməklə istehsal olunur. Bu qidaların GMO-lardan istifadə edərək becərilməsinin əsas səbəbləri arasında məhsuldarlığın artırılması, zərərvericilərə və herbisidlərə qarşı müqavimətin təmin edilməsi və xərclərin azaldılması daxildir.

Azərbaycanda GMO məhsulların, o cümlədən qarğıdalının istehsalı və idxalı qanunla məhdudlaşdırılıb. Amma ekspertlər hesab edir ki, qeyri-rəsmi yollarla bəzi GMO qarğıdalı növləri həm toxum, həm də məhsul kimi ölkəyə daxil olur. Heyvan yemi kimi istifadə olunan qarğıdalının da bir hissəsinin idxal mənbəyi GMO ölkələri olduğu üçün ölkəmizdə GMO məhsul istifadəsi istisna edilmir.

“Qida təhlükəsizliyi haqqında" Qanunda genetik modifikasiya olunmuş məhsullarla bağlı mühüm müddəalar yer alır. Qanuna görə insan istehlakı üçün olan GMO məhsullarının Azərbaycan ərazisində istifadəsi məhduddur, GMO tərkibli məhsullar yalnız xüsusi icazə və qeydiyyat əsasında dövriyyəyə buraxıla bilər. Həmçnin belə məhsullar etiketlənməli və tərkibində GMO olduğu açıq şəkildə göstərilməlidir.

Soya və qarğıdalı ən çox genetik modifikasiayaya məruz qalan bitkilərdir. Onların GMO-laşdırılmasının səbəbləri təkcə bioloji yox, həm də iqtisadi, sənaye və strateji faktorlarla əlaqəlidir. Hər iki bitki qlobal miqyasda ən çox istifadə edilən məhsuldur, çünki hər ikisi həm heyvan yemi kimi, həm bitki yağı kimi, həm emal olunmuş qida kimi (soya lecitini, süd əvəzediciləri, nişasta, sirop, un), həm bioyanacaq kimi, həm kosmetik məhsul kimi, həm də qida kimi istifadə edilir.

Hər iki bitkinin GMO-laşdırılması həm insanlar, həm də sənaye məqsədləri üçün optimal variantdır. Soya və qarğıdalının genomları sadədir, laborator şəraitdə transformasiyası, yəni gen əlavə olunması elmi və texniki baxımdan daha rahatdır. Yəni, GMO texnologiyasına uyğun genetik quruluşa malik olmaları modifikasıya olunmalarına şərait yaradır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər