MİA

  • 37 681

Azərbaycan Səfəvi dövlətində mədəniyyət

image

Akademik Z.Bünyadov professor Y.Yusifov Azərbaycan Səfəvi dövlətində mədəniyyət haqqında yazırlar ki, XV-XVI əsrlərdə Azərbaycanın bir sıra şəhərlərində geniş məktəb və mədrəsə şəbəkəsi var idi. Burada şəriət dərsləri ilə bərabər, riyaziyyat, məntiq, fəlsəfə, nücum və s. fənlər tədris olunurdu. Azərbaycanda coğrafiya, tarix, fəlsəfə, məntiq və qrammatika, ədəbiyyata aid bir sıra elmi əsərlər yaradıldı. Alimlərdən Şəmsəddin Məhəmməd Təbrizi, filosof və münəccim Seyid Yəhya Bakuvi, coğrafiyaçı və tarixçi Əbd-ər-Rəşid Əl-Bakuvi, İdris Bitlisi, Fazil Nüqtaşi, təbib Ramazan Lənkərani, filosof və tarixçi Cəlaləddin Məhəmməd Dəvani və başqaları daha çox şöhrət tapmışdılar. Təkcə Ağqoyunlu hökmdarının şəxsi kitabxanasında 58 alim çalışırdı. XVI əsrdə Azərbaycan mədəniyyəti inkişaf edirdi-Təbrizdə böyük bir kitabxana yaradılmışdı. Əsrin əvvəllərində Marağa rəsədxanası bərpa edildi.

Azərbaycanda astronomiya, tarixşünaslıq və fəlsəfə inkişaf etməkdə idi. Bu dövrün ən məşhur tarixçisi I Təhmasibin sarayında qulluq edən və onun yürüşlərində iştirak edən Həsən bəy Rumlu idi. O, 12 cildlik "Əhsən ət-Təvarix" ("Tarixlərin ən yaxşısı") əsərini yazmışdı. Bu əsərdən ancaq XV-XVI əsrlər Azərbaycanın və qonşu ölkələrin tarixinə həsr olunmuş XI-XII cildləri gəlib bizə çatmışdır. Avropada İranlı Don Juan adı ilə məşhur, əslində isə, bayat qəbiləsindən olan azərbaycanlı Oruc bəyin Səfəvi dövlətinə həsr etdiyi tarixi-çoğrafi əsər diqqəti xüsusilə cəlb edir. O, 1599- 1602-ci illərdə Səfəvi səfirliyi nümayəndə heyətinin tərkibində Rusiya, Almaniya, Çexoslovakiya, İtaliya, Fransa, Portuqaliya və İspaniyanı gəzmiş, burada xristanlığı qəbul etmişdi. Oruc bəy Bayat İspaniyada da olmuşdu. Oruc bəyin əsəri 1604-cü ildə hələ müəllifin sağlığında ispan dilində nəşr edilmişdi.

Fars dilində olan görkəmli əsərlərdən biri naməlum müəllif tərəfindən yazılmış "Şah İsmayıl Səfəvinin tarixi"dir. O dövr Azərbaycan tarixinin öyrənilməsində Xandəmir təxəllüslü Qiyasəddin ibn Hümaməddin əl Hüseynin (1475-1536) əsərləri böyük əhəmiyyətə malikdir. Onun çoxcildlik əsərlərinin bir hissəsi Səfəvilər dövlətinin yaranmasına həsr edilmişdir və XV əsrin sonları XVI əsrin əvvəllərindəki Azərbaycan haqqında məlumat verir.

Azərbaycanda yaşamış və mənşə etibarilə kürd olan Şərəf xan Bitlisinin ikicildlik "Şərəfnamə" əsərində XVI əsr Səfəvilər dövlətinin zəifləməsi haqqında məlumat verilir və Azərbaycanın ayrı-ayrı vilayətlərinin tarixi müfəssəl təsvir olunur.

Bu dövrdə tibb inkişaf edirdi. Əbdül Fəth Təbrizi, Əli Təbrizi, "İmadəddin Mahmudi məşhur həkimlər idilər. Xəttatlıq geniş yayılmışdı. Kitab nəşri olmadığına görə, əsərlər xəttatlar vasitəsilə əlyazması şəklində yayılırdı. Mirəli Təbrizinin oğlu "Ubeydulla, Əli bəy Təbrizi, Mahmud Bağır Ordubadi, Nizam əd-din Ərdəbili, Mir Abdulla bəy Danişmənd, Əli Rza Təbrizi Abbasi kimi xəttatların əlyazmaları xüsusilə qiymətləndirilirdi.

XV-XVI əsrlərdə Azərbaycan xalqının mədəniyyəti daha da inkişaf edirdi. Təbrizdə, Şamaxıda və Azərbaycanın digər şəhərlərində görkəmli mədəniyyət xadimləri-şairlər, alimlər, memarlar, musiqiçilər yaşayır və yaradırdılar. Şairlərin əksəriyyəti əsərlərini doğma Azərbaycan türkcəsində yazırdılar.

XV əsrin ikinci yarısında Azərbaycan mədəniyyətinin böyük xadimlərindən Arif Ərdəbili, Əssar Təbrizi şöhrət qazanmışdılar. Arif Ərdəbili Nizaminin "Xosrov və Şirin" poemasının motiıvləri əsasında özünün məşhur "Fərhadnamə"sini yazmışdı. Lakin Nizamidən fərqli olaraq, öz yaradıcılığında sosial məsələlərə toxunmamışdı. Əssar Təbrizi "Mehr və Müştəri" poemasında qəhrəmanlığı və dostluğu tərənnüm etmişdir.

Şamaxı torpağının yetirdiyi İmadəddin Nəsimi XIV əsrin sonu- XV əsrin əvvəllərində yaşamış məşhur şanr idi. Onun canlı xalq dilində yazılan şeirləri Azərbaycan ədəbiyyatını, yeni bədii üslub formaları və surətlərlə zənginləşdirdi. Nəsimi fəlsəfə və nəğmə lirikasının gözəl nümunələrini yaratmışdı. İslam dini ehkamlarının əleyhinə çıxaraq, müsəlman ruhanilərini ifşa edən ölməz Nəsimi yazırdı: "Zahidin ibadəti, duası və namazı fitnə və kələkdir. Aqil ol, onun tamahkarlığına aldanma. Nəsimi Teymurilərin qoyduğu qaydaları və həmin dövrdəki feodal gerçəkliyini pisləyərək deyirdi: "Dünyanın bütün sərvəti zülmdür, ruhum mənim, ondan nə gözləyirsən? Bu dünya da, onun sərvəti də lənətə gəlsin."

Qasimi ("İşıq şüaları saçan") təxəllüsü ilə məşhur olan görkəmli şair Şah Qasim Ənzər (1355-1433) türk və fars dillərində yazıb yaradırdı. Nəsimi kimi, o da hürufilər hərəkatında iştirak edirdi.

Kişvəri Təbrizinin lirik şeirləri, Xətai Təbrizinin "Yusif və Züleyxa" poeması, Həqirinin "Leyli və Məcnun", Xələfinin "Xəmsə", Bədr Şirvaninin, Ziyai Ordubadinin əsərləri geniş yayılıb şöhrət tapmışdı. Nizami motivləri üzrə fars dilində "Xəmsə" yaratmış Əşrəf Marağayi daha çox tanınmışdı.

Şah İsmayılın sarayında "şairlərin şahı" başda olmaqla Süruri, Şahi, Matəmi, Tüfeyli, Qasimidən ibarət ədəbi məclis vardı. Şah İsmayıl özü Xətai təxəllüsü ilə turk dilində şeirlər yazırdı. O, "Divan", "Nəsihətnamə", "Dəhnamə" adlı şeirlər toplusu və kitabların müəllifidir. Bu şeirlərin bəzilərində şiəlik ideyaları təbliğ edilirdi.

XVI əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi dahi şair və mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) idi. O, Şərqdə mühüm elm və mədəniyyət mərkəzlərindən biri olan-Bağdadda yaşamışdı. Füzulinin ulu babaları Teymurun yürüşləri zamanı Azərbaycandan İraqa köçürülənlərdən idilər. Qürbətdə yaşayan Füzuli əsasən azərbaycanlı köçkünlər içərisində dolanır, onların dərdinə və sevincinə şərik olur, öz ana dilində danışır və yazırdı. Klassik Şərq ədəbiyyatına yaxşı bələd olan Füzuli ömrünün 40 ildən çoxunu bədii və elmi yaradıcılığa həsr etmişdi. Onun "Leyln və Məcnun", "Şikayətnamə", "Bəngü-badə" və s. əsərləri, xüsusilə, şöhrət qazanmışdı. Füzuli öz dövrünün təhsilli, geniş dünyagörüşlü siması idi, o, təkcə böyük şair yox, həmçinin, fəlsəfə, astronomiya və başqa elmlərə dair əsərlər yaratmış məşhur alim idi. Humanist və mütərəqqi ideyalar carçısı Füzulinin dünyagörüşü onun ərəb dilində yazdığı "Mətlə-ul-etiqad" ("Etiqadın mənşəyi") əsərində öz əksini tapmışdır. Bu əsərlə Hindistan, İran, Ərəb Şərqi və Azərbaycanın qədim fəlsəfəsinin təhlili ilə bərabər, Heraklit, Platon, Aristotel, Pifaqor və başqalarının adı ilə təmsil olunan antik fəlsəfə haqqında da məlumat vardır.

Azərbaycan-türk ədəbi dili xeyli zənginləşərək, görkəmli şairlərimiz Xətai, Həbibi və Fuzulinin şeir dilinə çevrildi. Hakim siniflərə xidmət edən saray ədəbiyyatında dini ünsürlər üstün yer tutduğu halda, xalq ədəbiyyatında sadə adamların hissləri tərənnüm olunurdu. Aşıq poeziyası inkişaf edərək eşq, məhəbbət kimi ülvi hnsslərlə yanaşı, kəndli və sənətkarların ağır həyatını, feodalların özbaşınalığını və zülmünü əks etdirirdi. Şiəliyin ədəbiyyata güclü təsirinə baxmayaraq, bu dövrdə bir çox şairlər xalqın həyat və məişətinə yaxın idilər. Xalq şeirinin ən görkəmli nümayəndəsi aşıq Qurbani yorulmadan yazıb-yaradırdı. Şifahi xalq yaradıcılığının yeni forması-dastanlar meydana gəlirdi.

2008-ci ildə çapdan çıxmış "Azərbaycan fəlsəfəsi tarixi" kitabının ikinci cildində XV-XVI əsrlərdə Nəsimidən sonra Şəms Məqribi, Qasimi Ənvər, Seyid Yəhya Bakuvi, Yusif Momkuri kimi filosofların yaşayıb yaratdıqları göstərilir. Öz fəlsəfi əsərləri ilə adları çəkilən bu mütəfəkkirlər Azərbaycan fəlsəfi fikir tarixində mühüm yer tutmuş, öz fəlsəfi ideyaları ilə milli fəlsəfəmizi zənginləşdirmişlər. XVI əsrin ikinci yarısında və XV əsrdə Azərbaycanda bir sıra musiqiçilər yetişmişdilər. Xalqın klassik irsinə daxil olmuş həmin sənətkarlar bir sıra mahnılar bəstələmiş, nəzəri əsərlər yaratmışlar. Məsələn, Əbdülqədir Marağayi Yaxın və Orta Şərq ölkələrində geniş yayılan muğam, mahnı və rəqslər yaradırdı. Bu melodiyaların məşhurları möhtəbil, erani, tənciha və segahdır. XVI əsrdə Azərbaycan musiqisi xeyli inkişaf etdi. Xalqın arzu və istəkləri əsasən aşıq nəğmələrində öz əksini tapırdı. O dövrün əsas musiqi alətləri təbil, tütək, saz və kamança idi. Bir sıra qəzəllərə musiqi bəstələnmişdi. Dövrün ən məşhur xanəndəsi Hafiz Lələ idi.

XVI əsrin əvvəllərində Azərbaycanda bir çox incəsənət xadimi yaşayıb yaratmışdır. Təbriz bədii miniatür ustaları geniş şöhrət qazanmışdılar. Sultan Məhəmməd daha məşhur idi. Onun miniatürləri Sankt-Peterburq, London, Leypsiq, Venesiya muzeylərində mühafizə olunur. Onun məktəbi istedadlı rəssamlar yetişdirmişdi. Onlardan Kəmaləddin Behzadı, Mir Müsaviri, Mir Zeynalabdin Təbrizini, Mövlana Müzəffər Əlini göstərmək olar. Təbriz miniatür məktəbi Şərqin təsviri incəsənətində xüsusi bir istiqamət yaratmışdı. Onların əsərlərinin dekorativ olmalarına baxmayaraq, hadisələr geniş təsvir edilir, süjetli səhnələr yaradılırdı. Bu miniatürlərdə Azərbaycan təbiətinin xüsusiyyəti duyulurdu. Bədii xəttatlıq da çox inkişaf etmişdi. Bu sahədə Mövlanə Məhəmməd Həsən Təbrizi, Mövlana Əla bəy Təbrizi, Əbdülbaqi Kitabnəvis ən görkəmli ustalar idilər.

Azərbaycan rəssamlarından Əmir Dövlətyar və onun şagirdləri Əbdül Müsavir, Pirəhməd Baqişimali, Seyid Əhməd Nəqqaş, Pirseyid Əhməd Təbrizi və başqaları məşhurlaşmışdılar.

XV əsrdə Bakıda ucaldılan Azərbaycan memarlığının incisi sayılan Şirvanşahlar saray kompleksinin ən gözəl binalarından biri divanxanadır. Burada məhkəmə işlərinə baxılır, əyanların yığıncaqları keçirilirdi.

Qaraqoyunlu hökmdarı Cahanşahın əmrilə 1465-ci ildə Təbrizdə "Göy məscid" tikilmiş, onun divarları və üstü mərmərdən və mavi kaşıdan hörülmüşdü. Ağqoyunlu hakimi Yaqub padşah: 1483-cü ildə Təbrizdə "Həşt behişt" adlanan böyuk saray kompleksi tikdirdi. Bu sarayın kitabxanası, məscidi, min çarpayılıq xastəxanası, cıdır meydanı və xiyabanı var idi. Təbrizdə, həmçinin, Qeysəriyyə (örtülü bazar), Həsən padşah Camesi, Nəsriyyə və Məqsudiyyə mədrəsələri məşhur idi. Azərbaycanın memar və ustaları İranda və Orta Asiyada bir sıra görkəmli memarlıq abidələrinin yaradılmasında iştirak etmişdilər.

XVI əsrdə Azərbaycanda sosial məqsədlərlə xeyli bina-karvansara, hamam, ovdan, körpü, həmçinin, məqbərə və məscidlər tikilmişdi. Bunlardan 1544-cü ildə Qusar rayonunun Həzrə kəndində, Samur çayının sahilində tikilən Şeyx Cüneyd məqbərəsini, Quba rayonunun Ağbil kəndindəki məqbərəni, Naxçıvan MR-in Qazançı kəndi yaxınlığıida, Əlincə çayı üzərində tikilmiş körpünü, usta Əmrşah tərəfindən tikilmiş Bakının şərq darvazalarını, Ərdəbil, Təbriz, Gəncə şəhərlərindəki bir sıra abidələri göstərmək olar.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər