PDF Oxu

MİA

  • 37 095

Hüquqi dövlətin mahiyyəti

image

Məlumdur ki, dövlətin meydana gəlməsi bəşəriyyətin həyatında mühüm rol oynamışdır. Məcburetməyə, zora, suverenliyə, ümumiliyə, hüquqa əsaslanan dövlət xalqın (əhalinin), ərazinin və dövlət hakimiyyətinin məcmusu ilə səciyyələnir. Dövlətin aşağıdakı cəhətlərini xüsusi qeyd edirlər: hüquqi dövlət, demokratik dövlət, sosial dövlət, milli dövlət, teokratik dövlət, dünyəvi dövlət, totalitar dövlət, monarxiya, konstitusiyalı monarxiya, avtoritar dövlət, klerikal dövlət və s.

Qərb ölkələrinin əksəriyyəti hüquqi-demokratik, sosial dövlət yolunu tutmuşlar. Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasının 7-ci maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. İdarəetmə və dövlət quruculuğu formalarında qəbul olunan dövlət siyasi, hüquqi, təşkilati, sosial, təhsil, mədəni-tərbiyəvi olmaqla daxili və xarici-müdafiə funksiyalarını yerinə yetirir.

Hüquqi dövlət və dünyada tam həyata keçməmiş ideal bir fenomen olaraq qalır, çoxcəhətli inkişaf etməkdə olan hadisə hesab olunur. Zaman keçdikcə hüquqi dövlət yeni cəhətlərlə zənginləşmiş, yeni-yeni məzmun kəsb etmişdir. Hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və quruluşu xalqın iradəsinə uyğun gələn, insan və vətəndaşın hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquq bərabərliyi, şəxsiyyətin hüquq və azadlıqlarının, dövlət-hüquq münasibətlərinin qarşılıqlı əlaqədə olduğu bu tip demokratik dövlətin əsas məqsədi bütün sahələrdə hüquq və azadlıqları qorumaq, hamı üçün vahid və məcburi qayda təmin etmək, suveren və vahid dövlət yaratmaq, qanuni, legitim seçkili hökumət təşkil etməkdir.

Hüquqi dövlətin başlıca əlamətləri hansılardır? Rasim Quliyev hüquqi dövlətin dörd əsas əlamətini göstərir:

1. Hakimiyyət bölgüsü;

2. Qanunun aliliyi;

3. İnsan hüquq və azadlıqlarının qorunması;

4. Şəxsiyyətin sosial və hüquqi müdafiəsi.

Bundan başqa hüquqi dövlətin digər əlamətləri də vardır:

1. Dövlət-hakimiyyət tənzimlənməsinin dövlət təsisatları sistemində cəmləşməsi;

2. Vətəndaş cəmiyyətinin mövcudluğu;

3. Antiinhisar mexanizminin yaradılması;

4. Dövlət hakimiyyətinin suverenliyinin möhkəmləndirilməsi və qanunçuluğun yaradılması;

5. Qanunverici orqanlarının seçki hüququ normaları əsasında cəmiyyətin formalaşması və ona nəzarətin həyata keçirilməsi;

6. Daxili qanunvericiliyin beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğunlaşdırılması;

7. Hər hansı özbaşına qərarlara qarşı hüquqi müdafiənin tətbiqi;

8. Məhkəmə hakimiyyətinin səlahiyyətlərinin genişləndirilməsi;

9. İcra və qanunverici hakimiyyətin qarşılıqlı əlaqələrinin gücləndirilməsi, onların yalnız qanuna tabe etdirilməsi;

10. Dövlət hakimiyyəti sistemində qanunun, hüququn və hüquqi orqanların qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi;

11. Vətəndaşların hüquq və vəzifələrinin vəhdəti, məsuliyyətlərinin artırılması, vətəndaşların konstitusiyaya əməl etmələri, qanuna tabe olmaları, Vətənin mənafeyi naminə hər cür fədakarlığa hazır olmaları.

Bəşəriyyətin azadlıq və ədalət uğrunda apardığı mübarizəsi nəticəsində ideyadan praktikaya keçən, gerçəkləşən hüquqi dövlətdə dövlət və şəxsiyyət qanunauyğun fəaliyyət göstərir və heç kəsin bu qanunu pozmağa haqqı yoxdur. Hüquqi dövlətin iqtisadi, sosial, mənəvi əsaslarına gəldikdə onu qeyd etmək olar ki, hüquqi dövlətin iqtisadi əsasını çoxukladlı müxtəlif və eyni dərəcədə hüquqi cəhətdən müdafiə olunan mülkiyyət formalarına - dövlət, kollektiv, arenda, xüsusi və digər mülkiyyətdən ibarət istehsal münasibətləri təşkil edir. Hüquqi dövlətdə mülkiyyət maddi nemətlər, bilavasitə, istehsalçılara və istehlakçılara məxsusdur, burada, eyni zamanda, fərdi istehsalçılar da fəaliyyət göstərirlər. Dövlətin hüquqi başlanğıcı yalnız mülkiyyətin müstəqilliyi və azadlığı şəraitində gerçəkləşir. Bununla da, istehsal münasibətləri iştirakçılarının bərabərliyi və hüquqlarının hökmranlığı iqtisadi cəhətdən təmin edilir, cəmiyyətin rifahı yüksəlir və inkişaf edir.

Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir. Hüquqi dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətin mərkəzində də insan və onun maraqları durur. Sosial təsisatlar vasitəsilə vətəndaşların yaradıcılıq imkanları üçün şərait yaranır, plüralizmi, şəxsi hüquq və azadlıqları təmin edilir. Stabillik hüquqi dövlətin sosial əsasını daha da möhkəmləndirir.

Hüquqi dövlətin mənəvi əsasını bərabərlik, azadlıq, ədalət və humanizm kimi ümumbəşəri dəyərlər təşkil edir. Bu dəyərlər dövlət idarəçiliyinin demokratik metodlarında, ədalət və ədalət məhkəməsində, dövlət və şəxsiyyətin qarşılıqlı münasibətlərində prioritet azadlıq və hüquqlarda azlıqların hüquqlarının qorunmasında, müxtəlif dini dünyagörüşlərinə tolerant, dözümlü münasibətlərdə öz ifadəsini tapır.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu haqqında onu qeyd etmək olar ki, Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu əsas məqsəd kimi göstərilir: "Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək".

Rasim Quluyevin fikrincə, hüquqi dövlət Azərbaycan Respublikasında formalaşmışdır və inkişaf etməkdədir. Belə ki, ölkəmizdə Konstitusiya Məhkəməsi, ombudsman, konstitusiya nəzarəti, Prezident İnstitutu, Prezident nəzarəti, qanunvericilik və məhkəmə hakimiyyəti yaradılmış, Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir. Ölkəmizdə dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti mövcuddur, bazar münasibətləri əsasında iqtisadiyyat və azad sahibkarlıq inkişaf edir, inhisarçılığa və haqsız rəqabətə yol verilmir. Hər bir vətəndaşın rifahı yüksəldilir və layiqli həyat səviyyəsi üçün şərait yaradılır. Konstitusiyanın ikinci bölməsinin üçüncü və dördüncü fəsli bütünlüklə əsas insan və vətəndaş hüquqları, azadlıqlarına və vəzifələrinə həsr olunub. Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna, xarici siyasətdə isə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara əsaslanır.

Vətəndaşların və dövlətin suverenliyində özünü büruzə verən hüquqi dövlət vətəndaşların bərabərliyini, ailənin, mülkiyyətin, şəxsi həyatın təhlükəsizliyini reallaşdırır, dövlətin daxili və xarici suverenliyini gerçəkləşdirir. Bütün ölkə üçün ümummilli qərar qəbul edilir, ictimai nəzarət tətbiq edilir, müstəqil xarici siyasət yürüdülür. Hüquqi dövlətdə hakimiyyət xalqa məxsusdur və onun mənafeyinə xidmət edir. O, elə bir suveren dövlətdir ki, özündə xalqın, millətin, ölkədəki digər xalqların və milli azlıqların da suverenliyini özündə əks etdirir. Hakimiyyətin aliliyini, ümumiliyini, tamlığını, müstəsnalığını həyata keçirən belə dövlət tipi bütün vətəndaşlar üçün ədaləti, haqqı, azad ictimai münasibətləri təmin edir. Hüquqi dövlətdə özbaşınalığa və qanunsuzluğa yer olmur. Dövlətin və xalqın suverenliyinə qəsd edildikdə, hüquqi qanun çərçivəsində güc tətbiq edilir. İnkişaf etmiş demokratik dövlət şəraitində hakimiyyəti həyata keçirən xalqın mandatı, qanunverici və nəzarət funksiyasını yerinə yetirən nümayəndəli orqanlar, yerli bələdiyyələr, özünüidarə orqanları, güclü və müstəqil məhkəmələr mövcud olur, azadlıq və rifah təmin olunur, heç bir dövlət orqanı, heç bir vəzifəli şəxs, ictimai təşkilat, heç bir insan qanunu poza bilmir. Hüquqi və demokratik dövlətdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini tənzimləyir.

Bir sözlə, hüquqi dövlət Qərb çərçivəsindən çıxaraq, dünyanın demokratik inkişaf yolu seçmiş ölkələrində də bərqərar olmaqla ümumbəşəri sərvətə çevrilməkdədir.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər