Vətəndaş cəmiyyəti fərdiyyətçilik və mənəviyyatın təsdiq olunduğu cəmiyyətdir. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdir: "Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır".
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır ki, ayrı-ayrı insanlar bütövlükdə cəmiyyətin hissələri olurlar. Bu baxımdan, Şərqdə cəmiyyət insanların toplusu, Qərbdə isə insanlar cəmiyyətin hissələridir. Hissələrin vahid strukturda birləşməsindən bütöv və mükəmməl bir sistem yaranır. Nəticədə Qərbdə cəmiyyət toplu yox, sistemdir. Şərqdə isə fərdi dünyalar bir-birinə bənzər olsa belə, hər biri özündə tamamlanan sistem olduğundan, onları üzvi surətdə birləşdirərək vahid dayanıqlı sistem yaratmaq olduqca çətindir.
Qərb dünyası müxtəlifliyin vəhdəti kimi mövcuddur. Orada fərdi iradələr məhv edilmədən, fərdlər öz təşəbbüsü ilə əlaqələndirilir, birləşdirilir. Təkcə fərdlərə münasibətdə yox, etnik qruplara, kiçik millətlərə münasibətdə də mədəni-mənəvi müstəvidə müxtəlifliyin saxlanılması mövqeyindən çıxış edən Qərb dünyası sosial-hüquqi müstəvidə eyniyyətin və vəhdətin tərəfdarıdır. Lakin bununla belə, başqa xalqlara münasibətdə hüquq bərabərliyi təlqin edən Qərb "kütləvi mədəniyyət" ixrac etməklə yeni müstəqillik əldə etmiş ölkələrin müstəqil mədəni-mənəvi simasının yaranmasına mane olur. Görünür, belə güman olunur ki, mədəni-mənəvi iradə qloballaşmaya doğru siyasi-hüquqi identifikasiya işinə mane ola bilər.
Ə.İsmayılov və Q.Əliyevin fikrincə, Ulu Öndər Heydər Əliyev tarix - milli ləyaqət - müasir ictimai proseslər sistemində milli ləyaqətimizin təsdiqinin tarixi köklərini, istiqamət və perspektivlərini başa düşməyə imkan verən mənəvi və əxlaqi hərəkətverici qüvvəni peşəkarlıqla aşkar edirdi. Heydər Əliyev elə az qisim siyasi xadimlərdəndir ki, dəbdə olan cümlələri, fikirləri idealizə etmir, populistcəsinə başa düşülən ayrıcanı və xüsusini ümuminin xatirinə qurban vermir. O, insan hüquqlarından şəxsiyyətin ləyaqətindən danışarkən qəti və yenilməz mövqedə dururdu. Lakin bütün cəmiyyətin və xalqın mənafelərindən söhbət düşəndə, O, daha yenilməz və ardıcıl idi.
O, ayrıca bir insanın, yaxud qrupun, xalqın, millətin, cəmiyyətin mənafelərindən hansı birinin seçilməsi lazım gəldikdə tərəddüd etmədən və birmənalı şəkildə ümumi milli mənafeləri, cəmiyyətin əxlaqını və mənəviyyatını dəstəkləyirdi. Bunda məqsəd "Azərbaycan xalqının mənəviyyatına mənfi təsir edən, onun tarixi ənənələrinə zidd olan halların aradan qaldırılmasıdır". Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının şərəf və ləyaqətinin qorunmasına yönəldilmiş, ümummilli və ümumdövlət mənafelərini əks etdirən bir sıra sərt tədbir və qərarları bir daha ümumi mənafeyi, xalqın ümumi rifahı barədə qayğını dəstəkləmək niyyətindən irəli gəlirdi.
Bu məsələdə onun mövqeyi Jan-Jak Russonun mövqeyi ilə həmahəng səslənir. Fransız mütəfəkkiri demişdir: "Əgər hər kəs yalnız özü üçün xoşbəxtlik istəsə, onda Vətən üçün xoşbəxtlik qalmır". Heydər Əliyevin çıxışları barədə bizim müşahidələrimiz bunu təsdiqləməyə əsas verir ki, O Russonun bu fikrinə dərin münasibət bəsləyir. Bəlkə elə buna görə də Onun milli ləyaqət probleminə, şəxsiyyət və cəmiyyət, vətəndaş və dövlət, suverenlik və suveren, hakimiyyət və xalq və b. məsələlərə yanaşmalarında ictimai müqavilə əsasında qayda-qanun yaradılmasını arzu edən böyük fransız mütəfəkkirinin mövqeyi ilə həmahənglik vardır.
S.Xəlilov Şərq və Qərb cəmiyyətlərini müqayisə edərək göstərir ki, Şərqdə isə hər bir insan özünü cəmiyyətdən daha çox, özündə və ailəsində tapır. İnsanlar daha böyük tamın hissəsi olmaq üçün hazır deyillər. Digər insanlarla münasibət şəxsi münasibət müstəvisində, iki tərəfin əlaqəsi kimi qurulur. İnsanlar bu şəxsi münasibətləri ümummilli, ümumictimai maraqlar kontekstinə salmır, dövlətçilik mövqeyindən çıxış etmirlər. Belə münasibətlər şəbəkəsi hüquq normalarına yox, daha çox dərəcədə əxlaq və ənənəyə söykənir.
Burada hər bir insan özü üçün lokal ictimai mühit yaratmalı və öz azadlığını bu mühitdaxili münasibətlər çərçivəsində ifadə etməlidir. Lakin bütün məsələ də elə burasındadır ki, Qərb dünyasında insanlara, fərdlərə hüquq və azadlıq, sərbəst yaradıcılıq imkanları, azad rəqabət şansı məhz cəmiyyət vasitəsilə, dövlətin, cəmiyyətin əli ilə verilir. Azad ola bilmək üçün əvvəlcə azadlığın bir qismindən imtina etməli, digər insanlarla kompromisə gəlməli, birgə fəaliyyət düsturunu qəbul etməli, özünü dövlətdən və cəmiyyətdən asılı vəziyyətə salmalısan. Əvəzində dövlət və cəmiyyət də sənin qalan azadlığını, hüquqla məhdudlaşmayan azadlığını mühafizə edir.
İstənilən cəmiyyətdə, istənilən mühitdə heç kim mütləq azadlığa malik ola bilməz. Hegelin dediyi kimi, azadlıq dərk olunmuş zərurətdir. Əsas məsələ bu zərurətin hüdudlarını optimal şəkildə müəyyənləşdirməkdən ibarətdir. Karl Yaspers yazır ki, liberalizm, azadlıq və şəxslərin həyatının rəngarəngliyi - Qərb ənənəsinin böyüklüyüdür. (K.Yaspers bu mövqeyi həm də Maks Veberin mövqeyi kimi təqdim edir).
İctimai normalara, hüquq qaydalarına hamılıqla əməl olunduqda hər bir adam öz fəaliyyətinin azadlıq çərçivəsini müəyyənləşdirmək imkanı qazanır. Yəni qanunla məhdudlaşdırılmayan hər şey azaddır. Şərqdə isə qanuna, hüquqi normalara mülayim münasibət ilk baxışda fərdi azadlıq dərəcəsinin daha yüksək olması görüntüsünü yaratsa da, əslində, azad fəaliyyət meydanı şəxsi münasibətlərin və adət-ənənənin qoyduğu əlavə məhdudiyyətlərlə xeyli sıxışdırılır. Başqası üçün qanun işləmədikdə, bu, sənin də azadlığını məhdudlaşdırmış olur. Lap az sayda adamların da azadlıq dərəcəsinin artması və ictimai normadan kənara çıxması zərurət sferasında qeyri-müəyyənlik yaradır ki, bu da əksəriyyətin azadlıq dairəsini də hədsiz dərəcədə məhdudlaşdırmış olur. Burada saxlanma qanunu işləmir.
Qərbdə insanların fərdiliyi, azadlığı peşə fəaliyyətində, yaradıcı əməkdə, iqtisadiyyatda, elmdə özünü göstərirsə, və əksinə, ictimai həyatda, hüquq müstəvisində hamı eyni prinsiplərə əməl edirsə, Şərqdə azadlıq iddiası çox vaxt məhz hüquq normalarına münasibətdə özünü göstərir. Qərbdə fərdı azadlıq dövlət və cəmiyyətlə vasitələnmiş olur. Fərdi iradənin özü ictimai şüura söykənir.
DÖVLƏT VƏ CƏMİYYƏTLƏ VASİTƏLƏNMİŞ FƏRDİ AZADLIQLAR!
Müasir dövrdə Qərb idrakın, özünüdərkin elə məqamına çatıb ki, özünü şüurlu surətdə idarə edə bilir. Ona görə də, bir böyrəyi çatmırsa və ya xəstədirsə, onu sağlam bədənlərdən transfer edir. Eləcə də sağlam ruh çatmırsa, mənəviyyat böhranı varsa, bu problemi yüksək mənəviyyatlı cəmiyyətlər hesabına həll etmək təşəbbüsü göstərir. Lakin mənəviyyat böyrək deyil ki, onu kəsib götürəsən. Onu kopiyalamaq da mümkündür. Bu mənada Qərb dünyası Şərqdən nə isə götürürsə, buna heç bir etiraz ola bilməz. Lakin öz xəstə mənəviyyatını Şərqə transfer edirsə, o, artıq yolverilməz haldır. Özlərinin yaxşı hesab etdiklərini başqalarına da rəva görmək normal bir haldır. Lakin başqalarına bunu güclə qəbul etdirmək cəhdləri insan azadlığı haqqında idealların beynəlxalq miqyasda artıq öz əksliyinə çevrilməsindən xəbər verir.
Ə.İsmayılov və Q.Əliyev yazır ki, Ulu Öndər millətin mənəvi və əxlaqi dayağı kimi, onun sosial yaddaşının mühafizəçisi və mənbəyi olan tarixin ən yüksək rolunu çox yaxşı bilir. Lakin bununla belə, hər bir yalan, saxtakarlış üçün amansız qisas alan məkrli tarix də ona bəllidir. Heydər Əliyev tarixə böyük müəllim və böyük məktəb kimi müraciət edərək Azərbaycan xalqını mənəviyyat və əxlaqca güclü edən hər bir amilə millətə məxsus incə və zərif hisslərlə hörmətli münasibətə çağırır. "Bizim tariximiz bizə ibrət dərsi verməlidir" - qəti imperativ kimi səslənən bu kəlamda Heydər Əliyevin əxlaqi və dünyagörüşü kredosu ifadəsini tapmışdır: tarixi unutqanlıq millətin ruhunu öldürür, onun ləyaqətinə ziyan vurur. Öz tarixini bilmədən, nəticələrindən ibrət götürməyən tarixən itirdiklərimizi və əldə etdiklərimizi ayırd etmədən, eynilə də tarixi hadisələr və faktlardan razılıq hissi və məyusluq keçirmədən prinsip etibarilə özündə milli ləyaqət hissini tərbiyə etmək, ulu babalarımızın pak adını və nəcib işlərini hücumlardan, təhriflərdən və qarayaxmalardan qorumaq mümkün deyildir. Bundan əlavə tarixi unutqanlıq, tarixi hadisədir. Bundan əlavə tarixi unutqanlıq, tarixi hadisələrdən və faktlardan ibrət götürməmək, bir zaman özündə millətin ləyaqətini alçaltmaq, onun mənafelərini və hüquqlarını sıxışdırmaq və təhqir olunmaq təhlükəsini daşıyır. Yeni səhvlərdən və yanılmalardan sığınmaq məqsədilə Prezidentin tarixin ibrət dərslərini öyrənmək, tarixi hadisələrdən nəticə çıxarmaq barədə təkidli məsləhətləri Azərbaycan xalqının milli ideyasının məzmununa aydın daxil olur. Prezident Heydər Əliyev ən yaxşı fəlsəfi ənənələrə sadiq qalaraq daim diqqəti keçmişi, bu günü və gələcəyi nəzəri cəhətcə düzgün olaraq bir ideyada - milli ideyada birləşdirmək zərurəti üzərində vurğulayır. Özünüdərk çərçivəsində millət Vətən tarixinin bütün dövrlərinə hər bir mühüm tarixi faktlara və hadisələrə öz münasibətini müəyyənləşdirməli, tarixi prosesin məntiqinə ardıcıl riayət edərək dəyərlərə yenidən baxmalı, özü də tarixə heç bir siyasi məqsədəuyğunluq, yaxud "müasir görüm" ünsürləri daxil etməməlidir. Elmi tarix mədəni-tarixi prosesin öz təbii məcrasında adekvat əksi olmalıdır. Bununla yanaşı, burada bütün suübyektiv hərəkətlər, onların mənası və daşıdığı məqsəd əksini tapmalıdır ki, insanlarda milli və tarixi şüurun deformasiyaya uğramasının mənbələri barədə obyektiv təsəvvür yaransın.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru