PDF Oxu

MİA

  • 9 202

Vətəndaşların siyasi-mədəni səviyyəsinin yüksəldilməsi və insan haqları

image

Politoloji elmə "siyasi mədəniyyət" terminini ilk dəfə XVII əsrdə alman filosofu İohan Herder gətirib. O özünün "Bəşəriyyətin fəlsəfə tarixi ideyaları" əsərində siyasət və mədəniyyətin qarşılıqlı təsiri məsələsinə toxunub, "siyasi mədəniyyət", "yetkin siyasi mədəniyyət" və "siyasi mədəniyyətin daşıyıcıları" anlayışlarının siyasi-politoloji mahiyyətini tədqiq edib. Siyasi mədəniyyətin inkişafında mühüm rol oynayan Amerika alimi T.Almond siyasi mədəniyyət dedikdə, "fərdi mövqelərin və müəyyən sistem üzvlərinin siyasi fəaliyyətinin hərəkət və məqsədlərinin məcmusu"nu nəzərdə tutur.

C.Foster isə siyasi mədəniyyəti "cəmiyyət üzvlərinin siyasi fəaliyyətinin birgə fikrinin ümumi çəkisi" kimi səciyyələndirir. Polşa alimi E.Vitr belə hesab edirdi ki, siyasi mədəniyyət - hakimiyyət və vətəndaşlar arasında qarşılıqlı əlaqələrin əxlaq kodeksinin, dəyərlərinin və mövqelərinin ümumi məcmusundan ibarətdir. Fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimovun fikrincə, siyasi mədəniyyət çox geniş anlayışdır. Bu anlayışa təkcə mühüm siyasi, sosial və digər problemləri həll etmək vərdişləri və bacarıqları deyil, həm də siyasi mübarizə təcrübəsi, məğlubiyyətlər və qələbələr, yüksəliş və tənəzzül halları, xalqın sıx birləşməsi və mütərəqqi dəyişiklikləri həyata keçirmək üçün səmərəli üsullar daxildir: "Siyasi mədəniyyət mücərrəd bir proses kimi məkan və zamandan asılı olmayaraq formalaşmır. Sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər arasındakı münasibətlər, mənəvi və əxlaqi dəyərlər sistemi, ictimai rəy və ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən amillərdir. Siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də onların sosial sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər, ənənələr vasitəsilə tənzimləyir. Siyasi mədəniyyət bir tərəfdən siyasi sistemin legitimliyini və səmərəli işini təmin edirsə, digər tərəfdən o, siyasətçilərin və onların təmsil etdikləri qüvvələrin "oyun qaydaları"ndan tutmuş, geniş xalq kütlələrinin siyasi proseslərə münasibətinədək olan səviyyəni bildirir. Siyasi mədəniyyət cəmiyyətin mənəvi potensialının tərkib hissələrindən biridir. Onu ümumi mədəniyyətdən ayırmaq müəyyən mənada şərtidir, çünki mənəvi mədəniyyətin hüquqi, əxlaqi, estetik və s. sahələri bu və ya digər formada siyasi mədəniyyətə daxildir. Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və digəri aşkarlığın genişlənməsidir". Alim bildirib ki, sovet totalitarizmindən çıxmış Azərbaycan cəmiyyətinin yeni siyasi mədəniyyəti formalaşmağa başladı:"SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda siyasi mədəniyyət stabil şəkil aldı. Bu siyasi mədəniyyətin formalaşmasını şərti olaraq 3 mərhələyə bölmək olar:- 1992-1999-cu illər;- 2000-2005-ci illər;- 2005-ci ildən başlanan mərhələ. Əsasən Azərbaycanın müstəqillik əldə etməsindən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir. Azərbaycanın siyasi mədəniyyəti özünün dövlətçiliyə möhkəm sədaqət, rəhbərin güclü tərəflərini tez müəyyənləşdirmək və populizmə tez məruz qalmamaq məharəti ilə seçilməyə başladı. Azərbaycançılıq ideyasının bu prosesdə xüsusi rolu var.

Siyasi mədəniyyətin formalaşmasında və inkişafında çoxpartiyalılığın böyük rolu olub. 1993-cü ildən bu günə qədər Azərbaycanda fəaliyyət göstərən müxalifət siyasi partiyaları öz mübarizə üsullarını xeyli təkmilləşdiriblər. Yaxın tarixə nəzər saldıqda, bu partiyaların bir çoxunun nizamnaməsi ilə fəaliyyətlərinin təzad təşkil etdiyini yəqin etməmək mümkün deyildi. Siyasi fəaliyyətdə yalnız populizmlə silahlanan müxalifət partiyalar bu illərdə yalnız bir neçə "üzvünü" cəmiyyətin ictimai rəyinə tanıda bildi. Siyasi mədəniyyətin ictimai rəyin formalaşmasında oynadığı aktiv və çevik rolunu nəzərə almayan bu şəxslərin "təkrar populizmi" özlərinə qarşı yönəlmiş oldu. Tutduqları siyasi mövqe və sistem onlara heç bir uğur gətirməməklə yanaşı, cəmiyyət həyatından daha da təcrid olunmaları ilə nəticələndi. Sistemli şəkildə səhv etdiklərinin fərqinə varan müxalifət 2003-cü ildən başlayaraq formalaşan yeni siyasi mədəniyyət mərhələsində öz fəaliyyətlərini dəyişdirməyə başladı və siyasi hakimiyyətin uğurlarını etiraf etmək yoluna qədəm qoydu. Aparılan müşahidələr göstərir ki, Azərbaycanda demokratik siyasi mədəniyyətin formalaşmasının 3-cü mərhələsi 2005-ci ildən başlanıb. Məhz bu tarixdən etibarən Azərbaycan cəmiyyətində siyasi mübarizənin və siyasi münasibətlərin keyfiyyətcə yeni cəhətini müşahidə etmək olur. Əhalinin populizmə meyilli təbəqəsinin kəmiyyətcə azalması, siyasi sistemlə münasibətdə müxalifətin reallığı qiymətləndirmə cəhdlərinin artması, həmçinin daha dinc mübarizə və mədəni mübarizə üsullarına yer ayırması, bütün bunlarla yanaşı, ölkədə siyasi məhbus probleminin aradan qaldırılması bu dövrün əsas cəhətlərindəndir. Doğrudan da, siyasi mədəniyyətin formalaşma mərhələsi artıq başa çatıb. Bu xarakterik siyasi mədəniyyətdən kənarda heç bir siyasi fəaliyyət təsəvvür olunmur".

Cavid yazır ki, siyasi mədəniyyət mücərrəd bir proses kimi, məkan və zamandan asılı olmayaraq, formalaşmır. Sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər arasındakı münasibətlər, mənəvi və əxlaqi dəyərlər sistemi, ictimai rəy və ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən amillərdir. Siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də, onların sosial sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər, ənənələr vasitəsilə tənzimləyir. Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və digəri aşkarlığın genişlənməsidir. Cəmiyyət həyatının bütün sahələrinin demokratikləşdirilməsi siyasi mədəniyyətin başlıca funksiyasıdır. Demokratiya sivilizasiyanın ən ümumi sərvəti kimi meydana gəlmiş və ictimai həyatın demək olar ki, bütün sahələrini əhatə edir. Demokratiya insanın təşəbbüskarlıq və müstəqilliyini təmin edərək onun fəaliyyətini cəmiyyətdəki özbaşınalığa, zorakılığa və totalitarizmə qarşı mübarizəyə yönəldir. Siyasi mədəniyyətin digər bir mühüm funksiyası dövlət və ictimai işlərin idarə edilməsində xalqın iştirakından ibarətdir. Cəmiyyətin getdikcə daha da demokratikləşdirilməsi prosesi xalqın hakimiyyətdən uzaqlaşdırılmasının, saxta demokratiyanın, fərdiyyətçiliyin, təhrif olunmuş siyasi şüurun aradan qaldırılmasını və cəmiyyət üzvlərinin siyasi fəallığının, siyasi mədəniyyətin yüksəldilməsini tələb edir. Siyasi mədəniyyətin səviyyəsinin aşağı olması müasir dövrdə cəmiyyətimiz qarşısında duran son dərəcə vacib və çox mühüm vəzifələrin həyata keçirilməsinə mane olur.

Cəmiyyətin siyasi mədəniyyəti ölkənin siyasi həyatının inkişafını düzgün və səmərəli istiqamətləndirməyə qabil siyasi təsisatların yaradılmasını, rəylər plyuralizmini, şəxsiyyətə hörməti və hamının qanun qarşısında bərabərliyini nəzərdə tutur. Siyasi mədəniyyət demokratik forma və metodların inkişafına kömək göstərir, siyasi təcrübənin və müsbət ənənələrin bir nəsildən digərinə verilməsində böyük rol oynayır. Siyasi mədəniyyətin inkişaf səviyyəsi meyarının əsası - ictimai həyatın bütün sahələrinin demokratikləşdirilməsi dərəcəsindən, adamların ictimai-siyasi fəaliyyətə real surətdə cəlb edilməsindən, sosial-iqtisadi və mənəvi proseslərin idarə edilməsində onların iştirakından ibarətdir. Siyasi mədəniyyət - siyasi bilik və siyasi təcrübənin, siyasi şüurluq və siyasi fəaliyyətin sintezidir. Şəxsiyyətin siyasi mədəniyyəti bütövlüklə cəmiyyətin siyasi mədəniyyətinin səviyyəsindən, ictimai həyatın demokratikləşdirilməsindən asılıdır. İdarəetmə funksiyası siyasi mədəniyyətin əsas funksiyasıdır. Bu funksiya, eyni zamanda özünüidarəetməni də nəzərdə tutur. Özünüidarəetmə şəraitində adamların ictimai-siyasi fəallığı artır. Kütlələrin siyasi yaradıcılığının rolu formal və qeyri-formal ictimai-siyasi təşkilatların fəaliyyətində daha aydın şəkildə təzahür edir. Sosial və siyasi həyatın bütün sahələrində cəmiyyət üzvlərinin iştirakı cəmiyyətin siyasi mədəniyyətinin yüksəlməsi üçün zəruri şərait yaradır.

Politoloqlar siyasi mədəniyyətin aşağıdakı elementlərini göstərirlər: 1. Cəmiyyətin siyasi təcrübəsi (sinif, sosial qrup, fərd);

2. Şəxsiyyətin və ictimai qrupların siyasi fəaliyyətinin obrazı, üsulları;

3. Siyasi maraqlar, biliklər və inanclar;

4. Siyasi dəyərlər, normalar, adətlər, instinktlər;

5. Siyasi münasibətlər və siyasi hakimiyyət haqqında vətəndaşların təsəvvür səviyyəsi;

6. Siyasi institutlar;

Siyasi biliklərin realizə edilməsi, dəyərlərin oriyentasiyası, sosial obyektin əxlaq nümunəsi və s. Siyasi mədəniyyətin quruluşuna, adətən, siyasi maraqlar, bilik və inam, siyasi hadisələrin oriyentasiyasının (yönümünün) qiymətləndirilməsi, cəmiyyətdəki normaların qəbul edilməsi, siyasi fəaliyyət üsulları, vərdişləri, təcrübə və bacarıq, siyasi institutlar daxildir. Polşa alimi A.Bodner "Elm və siyasət" əsərində yazır ki, siyasi mədəniyyətin mahiyyətini başa düşmək üçün milli xarakterin öyrənilməsi zəruridir. O, sintetik şəkildə üç tədqiqat sahəsini özündə ehtiva edir: 1. Tarixi-mədəni ənənə; 2. İctimai-siyasi praktika; 3. Fərdi təfəkkür tərzi. Milli xarakterdən əlavə siyasi mədəniyyətin digər fenomenləri stereotiplər, miflər, bioloji və coğrafi fonlardır.

Ə.Tağıyev və M.Şükürov "Etnopolitologiya" əsərində siyasi mədəniyyətin aşağıdakı təzahür formalarını göstərirlər: "Siyasi mədəniyyətin ən birinci təzahür forması hakimiyyət münasibətidir. Hakimiyyət isə ümumi mənada fəaliyyət göstərən müəyyən təsirin qabiliyyət və imkanları, adamların ifadə, avtoritet, hüquq, zor və s. vasitəsilə olan davranışdır. Bu, hakimlik və tabeçilik münasibətlərini əks etdirir. Siyasi mədəniyyətin digər təzahür forması siyasi fəaliyyətin stilidir (üslubudur). Məsələn, ABŞ və Fransa siyasi həyatı daha açıqdır, orada geniş siyasi fəaliyyət göstərməyə daha çox imkanlar var. Elə ölkələr də var ki, bu ölkələrdə heç də bütün adamlara belə bir imkan verilmir. Belə cəmiyyətlər siyasi fəaliyyət üçün qapalı olub, ancaq bir qrup adamların siyasi fəaliyyətinə imkan yaradır. Bu, daha çox siyasi mədəniyyətin forma və tipləri məsələsidir. Forma məsələsi ictimai quruluşun xarakteri, tipləşmə isə konkret sosial qrupların dünyagörüşü, təhsil səviyyəsi və davranışları ilə bağlıdır. Siyasi mədəniyyətin üçüncü təzahür forması qərarların qəbul edilməsinə vətəndaşların təsiri və onda iştirak etməsi səviyyəsidir. Siyasi mədəniyyətin dördüncü təzahür formasını isə cəmiyyətin siyasi əhval-ruhiyyəsi adlandırmaq olar. Daha doğrusu, siyasi proseslərdə dominant rolunu kimlər oynayır: inqilabi, reformist, imperialist, millətçi və s. qüvvələr.Siyasi mədəniyyətin beşinci təzahür forması cəmiyyətdə siyasi mübadilənin nəyə əsaslandığı isə: inam, kompromis, saziş və s.-dən ibarətdir.Siyasi mədəniyyətin təhlili onun hansı səviyyələrdə mövcud olduğunu öyrənməyə imkan verir: 1. Şəxsiyyətin siyasi mədəniyyəti; 2. İri ictimai-siyasi qrupların və hərəkatların siyasi mədəniyyəti; 3. Cəmiyyətin özünün bütövlükdə siyasi mədəniyyət səviyyəsi bura daxildir".

Hüseyn İbrahimov onu da qeyd edib ki, aparılan tədqiqatlar göstərir ki, Azərbaycan sosial-mədəni dəyişikliklər baxımından uğurlu yoldadır: "Son illər Azərbaycan əhalisinin sosial həyat tərzində baş verən dəyişikliklər də əhalinin siyasi mədəniyyətinə müsbət təsirlərini göstərib. Azərbaycan seçicisi populist radikalizmin deyil, islahatların və sabitliyin "radikalı"dır. Sosioloji sorğular göstərir ki, ölkə əhalisi siyasi sistemə münasibətdə olduqca informativ və aktivdir. Siyasi sistemin sabitliyinə və davamlığına xalqın rəyi dəyişilməzdir. Hər hansı məmurun korrupsiya fəaliyyətindən əziyyət çəkdiyini bildirən respondent hakimiyyətin bu halları yoluna qoyacağına qətiyyətlə inanır.

Azərbaycanda siyasi mədəniyyətin formalaşması həm də cəmiyyətin siyasi cəhətdən yeniləşməsi səviyyəsi ilə ölçülməlidir. Müasir Azərbaycanın sosial-siyasi həyatında əsaslı islahatlar həyata keçirilməkdə və ölkə müasirlik yolunda böyük uğurlar əldə etməkdədir. Nəticə etibarilə yeni siyasi mədəniyyət formalaşıb".

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər