Politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti Aleksandr Perendjiyev “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş nazirinin Azərbaycanla sülh naminə ölkə Konstitusiyasını dəyişməsi perspektivlərini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Aleksandr Nikolayeviç, belə bir fikir yaranır ki, Ermənistanın baş naziri Nikol Paşinyan əhalini vaxtaşırı Konstitusiyanın dəyişdirilməsinin zəruriliyi tezisinə doğru itələsə də, bunu çox qarışıq şəkildə edir. Niyə Ermənistan hökumətinin başçısı sadəcə olaraq bəyan edə bilmir ki, Ermənistana Azərbaycanla sülh lazımdır və biz Konstitusiya ilə bağlı referendum keçirməliyik?
- Birincisi, Paşinyan bunu edə bilməz, çünki o, millətçi, revanşist təfəkkürlü qüvvələrin və bu cür fikirlərə üstünlük verən əhalinin üsyanından qorxur. Onun indi “yaxın aylarda Konstitusiya ilə bağlı referendum keçirək” deməsinin mənası yoxdur. Çünki Ermənistanda aparılan sorğular göstərir ki, əhalinin əksəriyyəti Konstitusiyanın dəyişdirilməsinin əleyhinədir. Paşinyan niyə özünə qarşı getsin? Onun əsas vəzifəsi hakimiyyətdə qalmaqdır.
Görünən odur ki, Nikol Paşinyan Ermənistan Konstitusiyasını operativ şəkildə dəyişmək niyyətində deyil. Və deyəsən, referendumu 2027-ci ilə qədər təxirə salır. Amma bu, hiyləgər siyasi gedişdir. Yerevan, prinsipcə, indi Bakı ilə sülh sazişi imzalamağa hazırdır, lakin məlum olduğu kimi, Bakı üçün Ermənistan Respublikasının əsas qanunundan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması əsas və ədalətli şərtdir. Paşinyan Ermənistana və özünə Konstitusiyanı dəyişdirmək üçün vaxt verir və bu müddət ərzində nələrinsə dəyişə biləcəyinə ümid edir. Bəli, o, indi sülh sazişi imzalamağa hazırdır, lakin bu, Bakıya yaramır, çünki Azərbaycan İrəvana etibar etmir və hesab edir ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddialarını özünün əsas qanunundan çıxarmaması Azərbaycanı riskli mövqeyə qoyur ki, gələcəkdə Ermənistan tərəfindən də həmin ərazi iddiaları ona təqdim oluna bilər.
Ermənistanın baş naziri ümid edir ki, Qərb hansısa yolla respublikaya kömək edə biləcək ki, heç nəyə imza atmasın. Göründüyü kimi, Paşinyan nəyisə gözləyir, gələcəkdə Azərbaycanın tələblərini yerinə yetirməməyə imkan verəcək nəsə gözləyir. O ümid edir ki, Konstitusiya ilə bağlı referendumun keçirilməməsinə şərait yaradacaq hansısa vəziyyət yaranacaq.
Burada yeni heç nə yoxdur. Bu, Nikol Paşinyanın adi taktikasıdır. Həmişə manevr edir. Ermənistan 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirməyib, nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması bəndini yerinə yetirməyib, hətta son illərdə bu məsələ ilə bağlı sənəddə heç bir razılaşmanın qeyd olunmadığını bəyan edib.
Eyni şey Nikol Paşinyanın Ermənistan-Rusiya münasibətləri ilə bağlı siyasətinə də aiddir. İrəvan Rusiya Federasiyası ilə əlaqələri tamamilə kəsmək istəmir; münasibətdən özünə faydalı olanı götürür, eyni zamanda Rusiyanı tənqid edir. O, KTMT ilə münasibətləri dondurdu, amma Ermənistan Aİİ və MDB-də hər şeydən razıdır, eyni zamanda Avropa İttifaqına daxil olmaq istəyir.
Baxın, Paşinyan da Moskvada Qələbə Paradına gedir. Baxmayaraq ki, İrəvanın mərkəzində nasist əməkdaşı Qaregin Njdenin abidəsi hələ də dayanır.
İrəvan, lazım olduğu yerdə, dar döngələrdə yayınmağa çalışır, bu bir taktikadır - "bütün canavarları bəsləmək". Rusiya və Aİ kimi Azərbaycan da vədlərlə “qidalanır”. Ermənistan daxilində də insanlar “yedirilir”. Bu taktika açıq-aydın görünür: kənar oyunçularla münasibətlərdə İrəvan üçün lazımsız işlər görməkdən, digər tərəfdən “sülhün əleyhinə deyilik” deməkdən çəkinəcək şəkildə edilir.
Mümkün ssenari var ki, İrəvan 2027-ci ilə qədər, yəni konstitusiya referendumunun planlaşdırıldığı vaxta qədər gözləyib, onu keçirməmək üçün yenidən bəzi səbəblər ortaya atsın.
Amma Paşinyan nə qədər hiyləgər olmağa çalışsa da, bu manevr taktikasına əməl etsə də, mən hesab edirəm ki, Ermənistanın baş naziri elə vəziyyətə düşə bilər ki, o, Konstitusiyanı dəyişməli və sülh sazişi imzalamalı olar. Və bu elə bir vəziyyət olacaq ki, İrəvan daha yeni nəsə fikirləşə bilməyəcək və ya Konstitusiya ilə bağlı referendumu təxirə sala bilməyəcək. Amma çox güman ki, bunun üçün şərait Ukraynadakı xüsusi əməliyyatın bitməsindən sonra formalaşacaq. Çünki Rusiya daha azad olacaq, Qərb üçün daha çətin olacaq, Ermənistana daha da az vaxt qalacaq. Və ümumi vəziyyət,- o cümlədən Cənubi Qafqaz üçün də- elə inkişaf edə bilər ki, İrəvanın sadəcə olaraq Konstitusiyanı dəyişdirməkdən və sülh sazişi imzalamaqdan başqa gedəcək yeri qalmasın.
Ermənistan və Qərbin müxtəlif oyunları davam edir. Ukrayna ətrafında münaqişə başa çatdıqdan sonra İrəvanın tez bir zamanda melodiyasını dəyişməsi ehtimalı yüksəkdir. Və Rusiyanı tənqid etməyi dayandıracaq və KTMT-yə qayıdacaq, çünki onun çoxlu variantı olmayacaq. Qərb ona problemlərinin həllində fəal kömək edə bilməyəcək. Artıq Avropa İttifqının təsiri və resursları ilə bağlı vəziyyət dəyişir. O vaxta qədər Azərbaycan təzyiq edəcək, İrəvan isə durmadan yayınacaq.
- Ümumiyyətlə, İrəvan Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması tələbini yerinə yetirməyə tələsmir. Niyə?
- Hər halda, ona görə ki, bir şey olarsa, yapışmağa nəsə olsun, manevr üçün əlavə yer olsun. Birdən Aİ və ABŞ Minsk Qrupunun üzvləri kimi ona bu struktur vasitəsilə kömək etmək istəyərlər. Paşinyan həmişə çalışır ki, manevr imkanı olsun. O, Qarabağ məsələsinin bağlandığını və Ermənistanda Qarabağ hərəkatının artıq mümkün olmadığını iddia edir, lakin bütün bunlar əslində onun manipulyasiyasıdır. Bəli, o, açıq şəkildə bir şeyi deyir, amma başqa şey edir. Amma görürük ki, Ermənistana necə silahlar gətirilir, orduda islahatlar aparılır. Ermənistan-NATO və Ermənistan-ABŞ təlimləri vaxtaşırı keçirilir. Ona görə də Qarabağ məsələsinin Ermənistan üçün qapalı olması, ordunun sırf özünümüdafiə üçün lazım olması barədə bəyanatlara inanmaq olmaz; bunlar yalançı bəyanatlardır. Paşinyan Azərbaycanla sülh məsələsində onun üçün yaranacaq situasiyalardan asılı olaraq hərəkət edəcək.
Tərcümə - Elçin Bayramlı