Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstan Respublikasına etdiyi dövlət səfəri tarixi və siyasi baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü xarici siyasət nəticəsində region ölkələri ilə daim sıx təmasdadır. Qonşu ölkələrlə münasibətlərimizin ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etməsi sülh və əmin-amanlığa, eləcə də Cənubi Qafqazda mövcud siyasi, iqtisadi vəziyyətin dövlətlərin və xalqların gələcək tərəqqisinə xidmət edir. Gürcüstan Respublikası da ölkəmizin yüksək əlaqələrə malik olduğu dost, qardaş dövlətlərdən biridir və bu əlaqələr digər dünya dövlətlərinə əsl nümunədir. Xüsusilə zaman-zaman iki ölkə arasındakı qarşılıqlı səfərlər dərin tarixi köklərə malik çoxtərəfli uğurlu əlaqələrin inkişaf dinamikasından xəbər verir. Azərbaycan xarici siyasət kursunda hər zaman dostluğa və əməkdaşlığa sadiqdir, dünyadakı bütün problem və məsələlərin yalnız sülh, danışıqlar, qarşılıqlı hörmət və etimad əsasında uğurlu həllində maraqlıdır və dövlətimizin bütün beynəlxalq tribunalarda səsləndirilən ali mövqeyi məhz bundan ibarətdir. Azərbaycan etibarlı tərəfdaşdır və bu, geosiyasi səhnədə ölkəmizə olan inamı hər gün daha da artırır.
Dövlət başçısı cənab İlham Əliyevin Gürcüstanın Baş naziri cənab İrakli Kobaxidze ilə görüşündə səsləndirdiyi fikirlər də bu əlaqələrin iki müstəqil dövlət və xalqlarımız üçün nə qədər vacib, əhəmiyyətli olduğunu bir daha sübut edir. Azərbaycan və gürcü xalqları arasında zəngin tarixi köklərə malik olan mövcud münasibətlər siyasi həmrəyliyin göstəricisi olmaqla yanaşı, eyni zamanda gələcək perspektivdə də mühüm şaxələnmənin əsasını qoymuş olacaq. İki ölkə arasındakı əlaqələr müxtəlif sahələri əhatə etməklə hər iki dövlətin və xalqın gələcək inkişafının əsl qarantıdır.
Təəssüflə qeyd etmək lazımdır ki, bu gün dünyada çoxsaylı müharibələr gedir, dünyanın geosiyasi xəritəsində inanılmaz dərəcədə məyusedici səhnələrə şahidlik edirik. Bir çox dövlətlər həlli mümkün olacaq məsələlərlə bağlı belə kompromisə gəlmək istəmir və bu da ağır savaşlara, faciələrə gətirib çıxarır. Müharibələr təkcə iki və ya bir neçə dövlətin ordularının savaşı deyil, bir müharibənin baş verməsi bu ölkələrin məhvinə gətirib çıxarır. Ölkələrin iqtsadiyyatı zəifləyir və ya məhv edilir, infrastruktur dağıdılır, dinc insanlar öldürülür, dövlətlərə və xalqlara milyardlarla dollar ziyan dəyir. Məhz bir müharibənin nəticəsi 10 illərlə davam edir və bu digər ölkələrə sıçramaqla mövcud olduqları regionları da ciddi təhlükə altına almış olur. Məhz buna görə Azərbaycan geosiyasi müstəvidə hər zaman qarşılıqlı anlaşmanın, dialoqun tərəfdarı kimi çıxış edib və bu istiqamətdə əməli addımlar atıb. Azərbaycan uzun illər ərzində işğaldan, vandalizmdən əziyyət çəkən bir ölkə olaraq bu illər ərzində Ermənistanla danışıqlar masasında əyləşib, münaqişənin sülh yolu ilə həllinə dəstək üçün dünyaya səslənib. Təəssüflər olsun ki, Ermənistan bu çağırışlara 30 ilə yaxın müddət ərzində məhəl qoymayıb və onun danışıqlar masasında əyləşməsi yalnız formal xarakter daşıyıb, bu istiqamətdə heç bir siyasi iradəsi, qətiyyəti olmayıb. Lakin bu gün qürurla bildirmək lazımdır ki, Azərbaycan öz qətiyyəti və müstəqil qüdrəti ilə bu məsələni özü həll edib və ərazi bütövlüyü tam bərpa edilib. Bütün bu məsələlərdə Gürcastan Respublikası və gürcü xalqı daim Azərbaycan dövlətinin və xalqının yanında olub, ölkəmizin ərazi bütövlüyünü tam dəstəkləyib, beynəlxalq səviyyələrdə verdiyi açıqlamlarda bu fikirlərini dilə gətirib. Biz də öz növbəmizdə Gürcüstanın ərazi bütövlüyünü tanıyıb, dəstəkləmişik. Bu gün Ermənistanla sülhün bir addımlığında irəliləyirik və bu yolda da Gürcüstan Azərbaycana dəstəyini əsirgəmir. Ermənistanla iqtisadi, ticari təmasların qurulmasında Gürcüstan vasitəçidir və hətta Gürcüstan ərazisindən keçməklə ticarət əlaqələrimiz qurulur. Sülhün əsas vacib şərtlərindən biri də məhz iqtisadi, ticari əlaqlərin qurulması və inkişafıdır. Bu baxımdan Azərbaycan və Gürcüstan arasında mövcud olan əlaqələr təkcə siyasi mahiyyət daşımır, bu, eyni zamanda iqtisadi, ticari və beynəxlaq müstəvidə təqdirəlayiq səviyyədə davam edir.
Bir sözlə, Prezident cənab İlham Əliyevin Gürcüstana dövlət səfəri zamanı bu ölkənin rəhbər şəxsləri ilə keçirdiyi rəsmi görüşlər, mətbuata verilən birgə bəyanatlar və müxtəlif mövzular ətrafında maraq doğuran məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsinin aparılması mövcud əlaqələrin bundan sonra uğurla davam etdiriləcəyindən xəbər verir. İndi Cənubi Qafqaz regionu sülh məkanına çevrilir və bu vəziyyətin uzunmüddətli davam etməsi üçün region ölkələri tam məsuliyyətlə davranmalı, hər bir məsələdə qarşılıqlı etimad mühitinin yaradılmasında və saxlanılmasında səmimi maraqlı olmalıdırlar. Çünki bu əlaqələr Cənubi Qafqaz regionunun gələcək taleyini həll edir və daimi sülhün bərqərar olunmasına, xalqların sülh şəraitində firavan yaşamasına mühüm töhfədir.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri