MİA

  • 27 964

Ekologiya və ətraf mühitin mühafizəsi proiritet məsələdir - TƏHLİL

image

Təbiətin qorunması, ayrı-ayrılıqda fauna və floranın, ətraf mühitin, təbii ehtiyatların, mühafizəsi, bərpası hər zaman öz aktuallığını qoruyur. Bizi əhatə edən təbiəti, ətraf mühiti, təbii ehtiyatları qorumaqla, mühafizə və bərpa etməklə gələcək nəsillərə ötürə bilərik ki, gələcək nəslin də tələbatı ödənilsin və məhz elə bu baxımdan da prioritet məsələ sayılır. Buna görə də bu məsələ ölkədə davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib və ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, mühafizəsinin təkmilləşdirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir.

Ekoloji məsələlər ümumbəşəri problem kimi qəbul olunur və hazırda bütün dünyada ekologiyanın mühafizəsi ən aktual məsələ olaraq qalır. Ətraf mühitin çirklənməsinin qarşısının alınması, tullantıların, verilən ziyanın minimuma endirilməsi ən vacib məsələdir. Havanı, suyu, maddi nemətləri, sənaye üçün xammalı, ümumiyyətlə, insana nə lazım olursa, onu təbiətdən, bizi əhatə edən aləmdən, ətraf mühitdən alır. Məsələ burasındadır ki, bu sərvətlərdən yüz illər boyu kortəbii şəkildə istifadə edilməsi ətraf mühitin bütövlükdə dünya miqyasında dəyişilməsinə səbəb olub və bu vəziyyət elmi-texniki tərəqqi dövründə daha da kəskinləşib. Əhali sayının artımı, beləliklə də tələbatının yüksəlməsi, sərvətlərin istifadəsinin durmadan artması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətəbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, sözsüz ki, ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün artmasına səbəb olub. Bu gün istehsal sahələrinin, zavod və fabriklərin durmadan artdığı günümüzün reallığıdır və bu fonda atmosferə zərərli qazların buraxılması öz mənfi təsirini əlbəttə ki, göstərməkdədir və qlobal istiləşmə də bu baxımdan təsadüfi deyildir. Sözsüz ki, belə nəticələrin ortaya çıxmasından, mənfi təzahürlərin müşahidə edilməsindən öncə tədbirlər görmək tələb olunur və məhz ətraf mühitin mühafizəsi, qorunması da bu məqsədi daşıyır. Bir sözlə, biz təbiəti, ətraf mühiti, fauna və floranı, təbii ehtiyatları ona görə qoruyuruq ki, həm gələcək nəslə ötürə bilək, həm də mənfi təzahürlərin qarşısını alaq. Bunun üçün isə, əlbəttə ki, ekoloji siyasətin işlənib hazırlanması, tətbiqi vacibdir və hər bir dövlətin özünün ekoloji siyasəti mövcuddur.

Müstəqilliyini bərpa etdikdən sönra Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət, bütün sahələrdə olduğu kimi, vüsət alıb və almaqdadır. Bunun üçün müvafiq baza da yaradılıb və formalaşdırılıb. Ölkəmizdə ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanıqlı inkişaf" prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası"nı misal göstərə bilərik. Bu, böyük bir konsepsiyadır və bu konsepsiyada ətraf mühitin mühafizəsi baxımından ölkəmiz üçün üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmaqdadır.

Azərbaycanda müstəqilliyin bərpasından sonra ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və cənab Prezident İlham Əliyevin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması bunu təsdiqləyir. Ölkəmizdə ekologiyanin qorunması, ətraf mühitin mühafizəsi istiqamətində mütəmadi olaraq tədbirlər planı həyata keçirilir ki, bu da ekologiyanın, ətraf mühitin mühafizəsi sahəyində qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasını şərtləndirir. İstər yaşıllıq sahələrinin salınması, həmin ərazilərin daha da genişləndirilməsi, istərsə də Milli Parkların ərazilərinin artırılması, eləcə də qorunması ekologiyanın mühafizəsi və bərpası baxımından müsbət nəticələr vəd edir.

Ölkəmizdə ekologiyanın mühafizəsi üçün qanunvericilik bazası da yaradılıb. “Ətraf mühitinin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunu ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Eyni zamanda bu qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin daim qarşılıqlı əlaqəsini tənzimləyir.

İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə Azərbaycanda böyük yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər görülür. Bir sözlə, ölkəmizdə ekologiyanın və ətraf mühitin mühafizəsi prioritet məsələdir və bunun üçün mütəmadi olaraq tədbirlər planı həyata keçirilir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüquqları var. Ətraf mühitə, təbii ehtiyatlara heç kəs qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Həmçinin o da qeyd olunmalıdır ki, dövlət ekoloji tarazlığın saxlanılmasına təminat verir. Eyni zamanda nəzərə almaq lazımdır ki, ətraf mühitin qorunması hər bir şəxsin borcudur və buna görə məsuliyyət daşıyır.

Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və vətəndaşların ən yüksək səviyyədə sağlam təbii mühitdə yaşamasını təmin etməkdir ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş bu strategiya onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ölkə rəhbərinin, cənab İlham Əliyevin təşəbbüsü ilə “ 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması bunun bariz nümunəsi, eləcə də təsdiqidir. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına, nəticə etibarı ilə ekologiyanın mühafizəsinə dair milli proqramlarınə yerinə yetirildiyi də günümüzün reallığıdır. Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək” layihəsinin də bu sahəyə böyük töhfələr verdiyi göz önündədir və təbii ki, bu layihə ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıbdır və bu işlər hələ də müvəffəqiyyətlə davam etdirilir. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər də göz önündədir və ümumilikdə bütün bunlar ekoloji məsələlərə Azərbaycanda verilən önəmin göstəricisi, bariz nümunəsidir. Sözsüz ki, reallaşdırılan layihələr, görülən tədbirlər, atılan addımlar bir daha təsdiq edir ki, ekologiya və ətraf mühitin mühafizəsi ölkəmizdə proiritet məsələdir.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Digər xəbərlər