Xəbərlər

  • 3 956

"Məsələni məhkəmə qarşısında qaldıracağıq" - Əhməd İsmayılov

image

Media Reyestrindən keçməyən media subyektləri məhkəməyə veriləcək. SİA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

İcraçı direktor bildirib ki, Reyestrdən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var və bu müddət ərzində onlar müraciət edə bilərlər: "Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək".

Ə.İsmayılov qeyd edib ki, indiyə qədər Media Reyestrində qeydiyyatdan keçmək üçün 200-dən artıq media subyekti müraciət edib: "Müraciət edənlərdən 160-a yaxın media subyektinə müsbət cavab verilib, digrlərinin müraciətləri baxılmaqdadır. Həmçinin 180-ə qədər jurnalistin müraciəti təsdiq edilib".

Medianın İnkişafı Agentliyinin rəsmisi istinadla bağlı məsələyə toxunaraq əlavə edib ki, bu, hüquqi baxımdan həll edilib, qaydalara əməl etmək isə jurnalistlərin məsuliyyətidir: "İstinad qaydalarının pozulması ilə bağlı jurnalistlər özləri Media Agentliyinə müraciət etməlidir. Əgər jurnalist görsə ki, onun materialı hansısa saytda istinadsız verilib, bu halda Media Agentliyinə müraciət edə bilər və Agentlik məsələni araşdırıb tədbir görə bilər. Ancaq müraciət edilmədiyi halda Media Agentliyi hesab edir ki, bu məsələ tərəflər arasında razılaşdırılıb, müəllif yazının başqa saytda çıxmasına icazə verib".

Digər xəbərlər