22 May 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Litva Respublikasına rəsmi səfər etdi. Bu, ötən bir il ərzində Azərbaycan və Litva prezidentlərinin ümumilikdə 3-cü görüşü idi. Son bir ildə həyata keçirilmiş yüksək səviyyəli təmaslar - 2022-ci il mayın 17-19-da Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri, 2023-cü il yanvarın 18-də Davosda keçirilmiş görüş və hazırkı rəsmi səfər iki ölkə arasında gücləndirilmiş siyasi dialoqun mühüm göstəriciləridir.
Azərbaycan – Litva münasibətlərinə qısa nəzər yetirdikdə məlum olur ki, iki ölkə möhkəm tarixi əlaqələrə malikdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərmişdir. Litva 20 dekabr 1991-ci il tarixdə ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Bu gün Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə bu günədək 40-dan çox sənəd imzalamışdır. Həmin sənədlər içərisində “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutmaqdadır. O da mütləq vurğulanmalıdır ki, rəsmi Vilnüs hər zaman Azərbaycanın ərazi bütövlüyünü qəbul edib və bu məsələlərlə bağlı beynəlxalq təşkilatlarda ölkəmizə fəal dəstək nümayiş etdirib. Bununla yanaşı, keçmiş SSRİ-nin üzvü olan Litva Avropa İttifaqının və NATO-nun üzvüdür. Bu mənada Litva ilə əlaqələr Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına da müsbət təsir göstərmək gücündədir.
Ölkə başçımızın Litva Respublikasına rəsmi səfərinin detallarına nəzər yetirək. Səfər çərçivəsində iki ölkə liderinin məhdud və geniş tərkibdə görüşləri, mətbuata bəyanatlarla çıxışı, bu ölkənin Baş naziri İnqrida Şimonite ilə görüş, Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi, Azərbaycanın və Litvanın birinci xanımlarının görüşü və Azərbaycan-Litva biznes forumu baş tutdu. Səfərin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir.
Qeyd etdiyimiz kimi, dövlət başçımız səfər çərçivəsində öz həmkarı ilə birgə mətbuata bəyanatlarla çıxış etdi. Bəyanatı zamanı Azərbaycan Prezidenti vurğuladı ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edir və bu səfərdən sonra bu əməkdaşlığa növbəti güclü təkan veriləcəkdir. Eyni zamanda, Prezident İlham Əliyev çıxışında Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə regional məsələlərlə bağlı geniş fikir mübadiləsi apardığını və Azərbaycan-Ermənistan sülh danışıqları haqqında həmkarını məlumatlandığını qeyd etdi. Çıxışlarda Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin və nəqliyyat-kommunikasiya imkanlarının yaradılması məsələləri vurğulandı.
Səfər çərçivəsində Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunu iqtisadi əlaqələr üçün yeni üfüq də adlandıra bilərik. Biznes forumda hər iki prezidentin iştirakı iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün maraqları açıq-aydın ifadə edir. Xüsusən Azərbaycanın valyutasının sabitliyi, xarici borcumuzun aşağı səviyyədə olması litvalı biznes dairələri üçün cəlbedici olacaqdır. Eyni zamanda, Azərbaycanda olan sabitlik, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması da özəl sektor üçün əlavə stimuldur. Sonda xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan və Litva bir-birləri üçün cəlbedici ölkələrdir. Hər iki ölkənin imkanları qarşılıqlı maraq yaradır. Azərbaycan Cənubi Qafqaz regionunda Litvanın önəmli tərəfdaşıdır və iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi çoxşaxəli olaraq, eyni zamanda, informasiya texnologiyaları, logistika, ərzaq və iqtisadiyyatın digər sahələri üzrə də aparılır. Azərbaycanla Litva arasında əlaqələrin genişləndirilməsində çoxlu imkanlar var və hər iki dövlətin yerləşdiyi coğrafi mövqe ölkələrin əhəmiyyətini daha da artırır.
Süpay Məmmədov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri