UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda İngiltərə “Liverpul”u öz meydanında Fransa “Tuluza”sını qəbul edib.“Report” xəbər verir ki, “Enfild”də baş tutan matç “qırmızılar”ın böyükhesablı qələbəsi ilə yekunlaşıb.Oyunda hesab erkən açılıb. Artıq 9-cu dəqiqədə Dioqo Jota topu mərkəzdə ələ keçirərək cərimə meydançasına qədər götürüb, müdafiəçiləri çaş-baş salıb və dəqiq zərbə ilə topu tora göndərib. Bununla belə, Fransa təmsilçisinin cavabı gecikməyib: cəmi 7 dəqiqə sonra niderlandlı Teys Dallinqa Kelleherin qapısına yol taparaq "status-kvo"nu bərpa edib. Lakin bu qol “bənövşəyilər”in sonuncu uğuru olub. 31-ci dəqiqədə “Liverpul”un yaponiyalı dayaq yarımmüdafiəçisi Endo ucaboy olmamasına baxmayaraq, başla qola imza atıb. 3 dəqiqə sonra “qırmızılar” üstünlüklərini 2 topa çatdırıblar. Hücumçu Darvin Nunyes topu "doqquzluğ"a göndərib.Matçın ikinci hissəsində də ümumi mənzərə dəyişməyib. 65-ci dəqiqədə Darvin Nunyes müdafiəçi və qapıçını keçərək baxımlı qola imza atmağa yaxın olsa da, top dirəyə dəyib. Bununla belə, yaxınlıqda olan Qravenberx onu sığortalayıb və eyni müdafiəçini yenidən keçərək qol vurub. Oyunda yekun qol əlavə edilmiş 3-cü dəqiqədə vurulub. Misirli Məhəmməd Salah qol hesabını zənginləşdirib.Beləliklə, üçüncü turun mərkəzi matçlarından biri hesab edilən “Liverpul” – “Tuluza” görüşü birincilərin 5:1 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, hazırda E qrupuna “Liverpul” başçılıq edir. “Qırmızılar” mümkün 9 xaldan hamısını toplaya biliblər. İkinci yer uğrunda mübarizə aparan “Tuluza” isə hələlik üçüncü pillə ilə kifayətlənib. Fransalıların 4 xalı var.Xatırladaq ki, “Liverpul” son matçında Mersisayd derbisində 3 xal qazanıb.