Xəbərlər

  • 3 385

Türkiyə mediası Prezident İlham Əliyevin fikirlərinə geniş yer ayırıb

image

Prezident İlham Əliyevin bu gün Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində söylədiyi fikirlərə qardaş Türkiyə mediasında da geniş yer verilib. Belə ki, Anadolu Agentliyi, “TRT”, “Hürriyet”, “Haber Türk”, “Haber Global”, “Sondakika.com”, “Akşam” və bir sıra digər media qurumları dövlətimizin başçısının fikirləri əsasında informasilat hazırlayıblar.

Anadolu Agentliyində dərc olunan xəbərdə Azərbaycan Prezidentinin bu fikirləri yer alıb: “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb”.

Azərbaycan Prezidentinin çıxışının geniş işıqlandırıldığı xəbərdə dövlətimizin başçısına istinadla qeyd edilib: “Sonuncu antiterror əməliyyatı zamanı bizim ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət olaraq götürülmüş hərbi sursatların dəyəri bir milyard dollara yaxın olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlər və məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın idi”, “Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”. Eyni zamanda, Prezident İlham Əliyevin tədbir iştirakçılarına Fransanın Azərbaycana qarşı mövqeyi, sanksiya cəhdləri və Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə məlumat verdiyi bildirilib.

“TRT” Azərbaycan Prezidentinin çıxışına dair xəbəri “Aliyev: Cənubi Qafqazda sülh bu qədər yaxın olmamışdır” sərlövhəsi ilə yayımlayıb.

Xəbərdə Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinə aparan proseslər, bundan həyata keçirilən antiterror tədbirləri, Azərbaycan torpaqlarının çoxillik işğalından sonra azad olunması ilə tarixi ədalətin bərpası, bu istiqamətdə uzun illər davam edən uğursuz danışıqlar prosesi, hazırda Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğu kimi fikirlər yer alıb.

Məqalənin “Fransanın bütün səyləri boşa çıxdı” yarımbaşlıqlı hissəsində dövlətimizin başçısının fikirlərinə istinadən Fransanın Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqedən, bu ölkədə Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı və hazırda abidənin Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə yerləşdirilməsindən bəhs edilib.

“Hürriyet” qəzetində dərc olunan “Əliyevdən sülh mesajı” sərlövhəli yazıda dövlətimizin başçısına istinadla Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğu vurğulanıb, “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik”, “...indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib” kimi fikirlər oxucuların diqqətinə çatdırılıb.

Məqalə “Sülhə daha yaxınıq”, “Düşmənliyə son verməyin vaxtı yetişib”, “Fransaya reaksiya” adlı yarımbaşlıqlarla yayımlanıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu bildirib.

“Haber Türk” saytında yayımlanan xəbərdə Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumundakı çıxışı zamanı hazırda Azərbaycanın Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxın olduğu, Cənubi Qafqazda bərpa edilən ədalət, ikinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ikinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlər, onların dəyərinin beş milyard ABŞ dollarına yaxın olması, rəsmi Bakının regionda ədavətə son qoymaq, sülhə nail olmaq istiqamətində göstərdiyi səylər, Fransanın ölkəmizə qarşı qərəzli münasibəti kimi mövzulara toxunduğu bildirilib.

“Haber Global”, “Sondakika.com”, “Akşam” saytlarında Anadolu Agentliyinə istinadla dərc olunan yazılarda dövlətimizin başçısının İkinci Qarabağ müharibəsi, bu dövrə qədər uzun illər davam edən danışıqlar prosesi, antiterror tədbirləri, Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması, bölgədə tarixi ədalətin bərpası, Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı ilə bağlı fikirlər yer alıb.

Mətləb

Digər xəbərlər