1918-ci il mayın 28-də Azərbaycan xalqının tarixində çox əlamətdar bir hadisə baş vermişdir. Məhz həmin gün İstiqlal bəyannaməsi qəbul olunmuş, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir. Cəmi 23 ay fəaliyyət göstərən ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə göstərir. Təəssüf ki, xalqımızın ilk demokratik respublikası çox az bir müddət yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olmuşdur.
1991-ci ildən yenidən müstəqillik qazanan xalqımız hər il müstəqil və azad şəraitdə ilk demokratik dövlətin yaranması gününü böyük təntənə və iftixar hissi ilə qeyd edir. Xalqımız çətin və mürəkkəb bir şəraitdə Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra müstəqilliyini qoruyub saxlaya bildi. Ulu Öndər Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratmışdır. Paralel olaraq ilk milli Konstitusiyanın qəbulu dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır.
Azərbaycan xalqı bu gün də Ümummilli liderinin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz və sabit inkişafına imkan verdiyini dərindən dərk edir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində, Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək, Tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycan xalqının böyük tarixi qələbəsidir.Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq".
Əli Bədəlov
Xəzər rayonunun gənc fəalı