PDF Oxu

Xəbərlər

  • 1 083

ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir

image

Kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə cəhd edən bəzi dünya güclərinin özləri bu meyarlardan xəbərsizdir.

Beynəlxalq münasibətlər sistemində etimad mühitinin möhkəmləndirilməsi, ilk növbədə, ədalət meyarının qorunmasını bir tələb kimi qarşıya qoyur. Təəssüflər olsun ki, ədalət və beynəlxalq hüquq aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti nəticəsində maraqlara görə arxa plana keçir ki, bu da öz növbəsində ölkələr arasında münasibətlərdə inamı, etimadı sıfıra endirir. Azərbaycan dövləti daim ən yüksək tribunalardan belə bir çağırışı səsləndirir ki, ikili standartlar dünya güclərinin siyasətində bir meyardırsa, qoy onu bəyan etsinlər. Beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərə, münaqişələrin dərinləşməsinə gətirib çıxarır. Görünən budur ki, bu halın baş verməsi bəzi dünya güclərini nəinki narahat edir, əksinə onlar öz maraqlarına uyğun olaraq yeni ssenarilər cızmaqda, qərəzli addımlar atmaqda davam edirlər. Azərbaycan bəzi dünya güclərinin ikili siyasətini istər hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində, istərsə də demokratik inkişaf sahəsində aydın şəkildə görüb və hazırda da görməkdədir. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarından bəhs edərkən bu məqamlara, bəzi dünya güclərinin riyakarlığına, ikiüzlü siyasətinə diqqət yönəltməsin. Prezident İlham Əliyevin bu günlərdə Cəbrayıl rayonuna səfəri zamanı bu məkandan səsləndirdiyi bəyanatlar sırasında məhz “Riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?!” çağırışı xüsusi yer tutdu. "SƏS" qəzeti xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Deputat qeyd edib ki, qlobal çağırışlar qlobal məsələlərin həlli üçün səylərin birləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Amma təəssüflər olsun ki, kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə çalışan bəzi dünya güclərinin özləri bu meyarlardan xəbərsizdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Antiterror əməliyyatından keçən il ərzində biz bunun şahidi olduq. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər Azərbaycana qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir.

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir” çağırışına yönəldərək bildirib ki, ABŞ 1992-ci ildə ölkəmizə qarşı sanksiya tətbiq etdi. Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq, bu fonda dünya güclərinin ikili siyasətinin daha da geniş vüsət alması erməni yalanlarının həqiqət kimi qəbul olunmasına yol açdı. Yalan, qərəz üzərində qurulan təbliğatın, siyasətin ömrü uzun ola bilməz. Erməni diasporunun gücü sayəsində ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi əlavə etdi. Ermənilər və erməni diasporu belə fikir yaratmışdılar ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Ölkəmiz işğalçı, Ermənistan isə işğala məruz qalan tərəf kimi təqdim edilirdi. Bu, ermənilərin uzun illərdir ölkəmizə qarşı apardıqları riyakar siyasətdir. Amma ABŞ kimi dünya gücünün heç bir araşdırma aparmadan yeni müstəqillik qazanmış bir dövlətə belə yanaşma nümayiş etdirməsi ədalətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyev Cəbrayıldan səsləndirdiyi çağırışda ABŞ-ın bu addımını şərtləndirən digər mühüm amillərə də diqqəti yönəltdi. Bildirdi ki, həmin sanksiya tətbiq ediləndə torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən aradan qaldırılırdı. ABŞ dünyanın gözü qarşısında Əfqanıstandan qaçdıqdan sonra bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi: “Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün?” Təbii ki, Azərbaycanın tarixi Zəfərini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirməsini həzm edə bilməyən ABŞ kimi bəzi dünya gücləri sanksiyalar tətbiq etməklə öz riyakarlıqlarını, ikiüzlü siyasətlərini nümayiş etdirirlər. Hansı ki, bu dövlətlər keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan uğursuz və bu gün tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Bugünümüzün reallıqları Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb olan amillərə bir daha aydınlıq gətirir. 44 günlük Vətən müharibəsinin gedişi dövründə də ölkəmizə qarşı sanksiyanın tətbiq edilməsinə cəhd edildi. Bunu təşkil edən uğursuz ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Hansı ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hazırlanmasında və qəbulunda bu dövlətlər iştirak etmişdilər. Bu cəhdin qarşısını alan isə BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına üzv ölkələr oldu. Azərbaycan bu quruma sədrliyi dövründə ədalətin və beynəlxalq hüququn yanında olaraq atdığı qətiyyətli addımları ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin rəğbətini, etimadını qazandı.

Vüqar Rəhimzadə Ermənistanın silahlandırılmasının davam etdirilməsinin də Qərbin planlarının tərkib hissəsi olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ABŞ, Fransa kimi ikiüzlü siyasət yürüdən dövlətlər açıq-aşkar regionda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmadıqlarını nümayiş etdirirlər. O da məlumdur ki, Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu müraciət iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir? Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Bu müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, bizi hədələmək, bizi ittiham etmək üçün özləri özlərinə məktub yazırlar.

Deputat ABŞ Dövlət Departamentinin mütəmadi olaraq təqdim etdiyi insan hüquqlarına dair illik hesabatlarının da bu kimi məqamların açıqlanmasında yardımçı olduğunu bildirib. Özlərinin müəllifliyi ilə hazırlanan həmin hesabatlarda Azərbaycanda guya insan hüquqlarının kobud şəkildə pozulduğu iddia edilir, Ermənistan kimi demokratik prinsiplərdən xəbərsiz, atdığı hər bir addımında bu dəyərləri kobud şəkildə pozan bir ölkə bir az da irəli gedərək “nümunə” kimi qeyd olunurdu. Bu fakt inkaredilməzdir ki, ABŞ-ın yaymağa çalışdığı “demokratiya” hər zaman bəşəriyyət üçün minlərlə insanın ölümü və xaosla nəticələnib.

Hər bir hesabat, müraciət həmin ölkələrin mövqeyinə, ən əsası beynəlxalq hüquqa, demokratik prinsiplərə hansı meyarlar əsasında yanaşdıqlarına işıq salır. Reallıq budur ki, bu gün beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. Atılan hər bir addım, edilən cəhdlər Azərbaycanın uğurlarının, müstəqil siyasətinin bəzi dünya güclərinin narahatlığına səbəb olduğunu açıq-aşkar nümayiş etdirir. Azərbaycan bütün cəhdlərə baxmayaraq daim müstəqil siyasəti və onun yaratdığı reallıqları ilə dünyanın diqqətindədir. Heç bir dövlətin diktəsi ilə oturub- durmur, ölkəmizin daxili işlərinə müdaxilələrə yol vermir, edilən hər bir cəhdin qarşısını qətiyyətlə alır. Ölkəmizə qarşı tətbiq edilən sanksiyalara Azərbaycanın adekvat cavabları da göz önündədir. Siyasətini ədalət və beynəlxaq hüquq prinsipləri əsasında quran bir dövləti əsassız, məqsədli böhtanlarla ittiham etmək, iradəsinə təsir etmək mümkünsüzdür. Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında da qeyd edildiyi kimi, Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar.

Digər xəbərlər