Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır, əlaqələrimiz möhkəmlənir. Ötən illər ərzində Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən çoxsaylı müqavilələr, sazişlər imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfəri qarşılıqlı münasibətlərin yüksələn bir xətlə inkişafda olduğunu göstərir. "Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib. Dövlətimizin başçısı qeyd edib: “Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.
"Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir. Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır, bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var". Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Dövlət başçılarının görüşündə bir sıraməsələlərlə yanaşı, energetika sferasında - həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyət, Xəzərdə ekoloji vəziyyət və digər məsələlərə nəzər salınıb, regional təhlükəsizlik müzakirə olunub.
İki dövlət arasında ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.
Azərbaycan – Rusiya əlaqələrindəki inkişaf digər sahələrdə olduğu kimi elm, mədəniyyət və təhsil sahəsində də genişlənməkdədir. Bu gün Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və 300-dən çox məktəb fəaliyyət göstərir. Bakı şəhərində Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılıb. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. Hər iki dövlətin liderlərinin imzaladığı bəyannamə tərəflər arasında bir çox sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə təkandır.
Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. "Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir", - deyən Prezident bildirib ki, gündəliyimiz kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında Bakıda nəzərdə tutduqlarımız əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Prezident İlham Əliyev vurğulayıb ki, Vladimir Putinlə görüş gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsətdir.
Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında qəbul edilən və Prezident İlham Əliyev tərəfindən iclasdakı çıxışında qeyd edilən qərar bu gün ölkəmizdə çox böyük sevinclə qaşılanıb. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib.
"MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar", - deyə dövlətimizin başçısı öz çıxışında vurğulayıb.
Bizim üçün sevincə səbəb olan bu xəbər öz növbəsində Ermənistanda böyük əks-səda yaradıb, Azərbaycanın hər bir uğuruna hər zaman mənfi reaksiya verən erməniləri hiddətləndirib. Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Əslində burada böyük həqiqət vardır.
Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi məqsədi ilə tədbirlər davam etdirilir. Bu da ölkəmizin xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirilməlidir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü