PDF Oxu

Xəbərlər

  • 410

Azərbaycanın böyük təcrübəsi var

image

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, nüfuzu ev sahibliyi etdiyi tədbirlərin iştirakçılarının say və təmsilçilik səviyyəsində də özünün aydın ifadəsini tapır. Müxtəlif ölkələrin təmsilçilərinin Azərbaycanda bir araya gələrək dünyanı narahat edən məsələləri müzakirə etmələri bir tərəfdən ölkəmizin sabitlik məkanı kimi nüfuz qazanmasından, digər tərəfdən isə hər bir sahədə təkmil təcrübəyə malik olmasından, reallığa əsaslanan yanaşmaları ilə mövcud problemlərin həllinə dəstəyindən irəli gəlir. Prezident İlham Əliyev hər bir çıxışında bu çağırışı edir ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan XII Qlobal Bakı Forumu da bu kimi məqamların təqdimatında böyük önəm kəsb edir. Forumda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Bu mötəbər tədbirdə yeni dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu.

Qeyd edək ki, Qlobal Bakı Forumunun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Prezident İlham Əliyev Forumdakı çıxışına məhz bu minnətdarlıqla başladı: “Mən bütün qonaqlarımızı illik Qlobal Bakı Forumunda salamlayıram. Əvvəlcə, mən bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, bu illər ərzində çox əla işlər görmüşdür və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir. Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib… Mərkəzin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri - xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarıq. Mən, həmçinin söyləmək istəyirəm ki, biz Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəzin bəzi üzvləri Məşvərət Komitəsində iştirak edirdilər. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi, onları təşkil etdi və öz pavilyonu ilə daha çox panel müzakirələrdə iştirak etdi. Bir sözlə, həqiqətən, bu, COP29-un uğuruna böyük töhfə idi. Bu, ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi.”

Müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanır. XII Qlobal Bakı Forumunun iştirakçılarının çıxışlarında da ölkəmizin bu mövqeyinə bir daha işıq salındı. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova bildirdi ki, coğrafi məsafəyə baxmayaraq, bizim iki dost ölkəmiz dərin bağlara malikdir. Bu iki ölkə bəşəriyyətin qovuşduğu nöqtələrdə yerləşir və burada çoxmillətli, çox dinlərə malik xalqlar birgə yaşayır. Hər iki ölkə 1991-ci ildə müstəqilliyini bərpa edib, öhdəlik olaraq çoxtərəflilik və əməkdaşlıq kimi dəyərləri seçib. Həmçinin digər bir məsələ var ki, bizim iki ölkə üçün oxşardır - Azərbaycan Odlar yurdudur, mən isə Günəş ölkəsini təmsil edirəm. Bizim makedon şairlərdən biri demişdir ki, Günəş insanın qazana bildiyi ən qədim odlardan biridir. Azərbaycanın qonaqpərvərliyi, həmçinin beynəlxalq səviyyədə Qlobal Bakı Forumu vasitəsilə daha da tanınır. Son illərdə Forum dünyada ən qabaqcıl platformalardan birinə çevrilib. Bura bir neçə nəsil liderlərin müdrik, dərin fikirlərinin və ideyalarının paylaşıldığı bir yerdir. Bu, regional və beynəlxalq məsələlər ətrafında qurulan bir Forumdur.

Tədbir iştirakçıları Forumun əhəmiyyətindən geniş bəhs edərək ev sahibinə-Azərbaycana təşəkkür etdilər. Qlobal problemlərin həllinə ölkəmizin töhfələri yüksək dəyərləndirildi. Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış edərək, XII Qlobal Bakı Forumunun fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban mühitdə bir araya gətirdiyini bildirdi. Sabiq Prezident Forumun dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparılmasına imkan yaratdığını vurğulayaraq bildirdi: “Çıxışıma Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Məşvərət Şurasının və həmkarım İsmail Serageldinin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm bu təşəbbüsün başlanmasına, həm də onun davamlı şəkildə inkişafına verdiyi dəstəyə görə təşəkkür sözləri ilə başlamaq yerinə düşər. Cənab Prezident dünyanın müxtəlif dövlətlərindən artan sayda liderlərin, fərqli fikir daşıyan insanların birləşməsi üçün çox neytral və dostcasına bir mühit yaratmağa dəstək göstərmişdir, qapıları açmışdır”.

Dövlət başçısı İlham Əliyevin çıxışında hər bir fikri gələcəyə yönələn bir çağırış kimi dəyərləndirildi. Günümüzün əsas məsələlərindən biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Hər bir hədəf, çağırışın özündə ehtiva etdiyi ümid səylərin birləşdirilməsini daim bir tələbə çevirir.

Dövlət başçısı İlham Əliyev Forum çərçivəsində “Euronews” televiziyasına müsahibə də verdi. Sözügedən müsahibədə hazırkı dövrün çağırışları, Qlobal Bakı Forumlarının əhəmiyyəti və sair kimi məsələlər öz əksini tapdı. Belə ki, cənab İlham Əliyev vurğuladı ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var. Bu çağırış da diqqətə çatdırıldı ki, bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri