Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının inzibati binasında yubiley yaşı tamam olan bir qrup partiya veteranları ilə görüş keçirilib. Görüş zamanı YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının bütün üzvlərinin hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirdiyini, partiyaya bağlılıqlarını əməli fəaliyyətləri ilə təsdiq etdiklərini, xüsusilə partiya veteranlarının rayon təşkilatının fəaliyyətində və həyata keçirilən tədbirlərdə, eyni zamanda rayonun ictimai-siyasi və mədəni həyatında hər zaman yüksək fəallıq nümayiş etdirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, partiyaya sədaqətlə və vicdanla xidmət etmək böyük məsuliyyət olmaqla yanaşı, ən ali fədakarlıqdır və YAP sıralarında fəaliyyət göstərmək dövlətçiliyə, milli maraqlara və ümummilli ideallara sədaqətin bariz ifadəsidir. Rayon təşkilatının sədri yubiley yaşları tamam olan partiya veteranlarını yubileyləri münasibətilə təbrik edərək onlara səmimi və xoş arzularını bildirib.
Sonra Partiya veteranlarından, rayon ağsaqqalı Azadxan Haqverdiyev, Qərbi Azərbaycan İcması Göygöl rayon nümayəndəliyinin rəhbəri Hamlet Ömərov, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Ələddin Qurbanov, Ofeliya Rəhimova və Mətləb Hüseynov çıxış edərək partiyanın yarandığı ağır və çətin dövrlərdən bəhs edərək həmin illərdə ölkəmizin üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyəti diqqətə çatdırıblar. Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaradılmasının xalqın xilası və dövlətçiliyimizin qorunması baxımından tarixi zərurət olduğu, Ümummilli Liderin ətrafında sıx birləşən ziyalıların və vətənpərvər insanların qətiyyəti nəticəsində partiyanın qısa müddətdə xalqın etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrildiyi və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına və milli maraqların qorunmasına mühüm töhfələr verdiyi bildirilib.
Görüşdə yubiley yaşları tamam olan partiya veteranları Ələkbər Hüseynova, Nəbican Əliyevə və Adil Qarayevə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Yubilyarlar Ümummilli Lider Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını bildiriblər və onlara göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.