PDF Oxu

Xəbərlər

  • 23

Orta məktəblərdə “Son zəng” çalındı

Orta məktəblərdə “Son zəng” çalındı
Dünən Sabunçu rayonu ərazisində yerləşən 94 saylı tam orta məktəbdə sonuncu dərs günü ilə bağlı tədbir keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon icra hakimiyyətinin əməkdaşları, təhsil nazirliyinin əməkdaşı Ziyadxan Budaqov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbirdə giriş sözü ilə çıxış edən 94 saylı məktəbin direktoru Şəmsəddin Vəliyev "Son zəng" münasibəti ilə məzunlara təbriklərini çatdıraraq, onlara bundan sonrakı həyatlarında uğurlar dilədi. Qeyd etdi ki, 2010-2011-ci tədris ilində məktəbdə 1044 şagird tədris alıb. "80 məzun bu gün məktəbimizin şagirdləri sırasından ayrılır. Onlardan 37-si Azərbaycan, 43-ü rus bölməsinin məzunlarıdır. 80 məzunumuzdan 31-i qız, 49-u isə oğlandır. İnanırıq ki, builki məzunlarımız da ötənilki məzunlarımız kimi ali məktəblərə ən yüksək nəticələrlə qəbul olaraq məktəbimizin adını yüksəldəcəklər" deyə Ş.Vəliyev əlavə edib. Ölkəmizdə təhsilin günü- gündən keyfiyyət göstəricilərinin yüksəldiyini bildirən Ş.Vəliyev Azərbaycanın gələcəyinin savadlı, intellektli gənclərin əlində olduğunu söylədi.
Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva da məktəbliləri və məzunları sonuncu dərs günü münasibəti ilə təbrik etdi. Vurğuladı ki, ölkəmizin hər yerində olduğu kimi, Sabunçu rayonunda da, "Son zəng" günü ilə bağlı mühüm tədbirlər, şənliklər təşkil olunur. M.Abasquliyeva ölkəmizdə hər bir sahədə olduğu kimi, təhsil sahəsində də əldə olunan uğurların müqabilində keyfiyyət göstəricilərinin çox yüksək səviyyəyə çatdığını söylədi. Qeyd etdi ki, insan həyatında məktəbin xüsusi rolu var. "Çünki məktəb ilk ayaq açdığımız müqəddəs bir ocaq olmaqla yanaşı, həm də, ikinci bir ailə kimidir. Ona görə də, məktəbin insanın ilkin şüurunun formalaşmasında əhəmiyyətini xüsusi ilə qeyd etmək lazımdır" deyən M.Abasquliyeva bugünün məzunlarının gələcək ali məktəb tələbəsi və digər sahələrdə yaxşı mütəxəssis olacağına əminliyini də ifadə etdi.
Təhsil Nazirliyinin nümayəndəsi Ziyadxan Budaqov da, məktəb məzunlarına təbriklərin çatdıraraq, onlara gələcək həyatlarında uğurlar dilədi. Valideynlər adından çıxış edən Emilya Cəbrayılova da, məktəbin onların övladlarının həyatındakı ən müqəddəs bir hissəsi olduğunu vurğuladı. Bu günə qədər şagirdlərin himayəsində dayanaraq onların yaxşı təhsil, əsil vətəndaş olması üçün çalışmış bütün müəllim kontingentinə də, E.Cəbrayılova valideynlər adından təşəkkürlərini çatdırdı. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiyalarla davam etdirilib.
Sabunçu rayonu 170 saylı orta məktəbdə də, "Son zəng" münasibəti ilə tədbir keçirildi. Məktəbin direktoru Xədicə Eminova bildirdi ki, 947 şagirdin təhsil aldığı məktəbin 56 nəfər məzunu var. Onların tədrisi ilə 104 pedaqoji heyət üzvünün məşğul olduğunu söyləyən X.Eminova builki məzunların bilik və psixoloji hazırlığının çox yüksək səviyyədə olmasına diqqət çəkdi. Qeyd etdi ki, məktəbin 56 məzunundan 24-ü qız, 32-i oğlandır. "Builki məzunlarımız da, inanırıq ki, ötənilki məzunlarımız kimi ali məktəblərə ən yüksək ballarla daxil olmaqla yaxşı nəticələr göstərəcəklər. Qeyd edim ki, ötən il 62 məzunumuzdan 34-ü ölkəmizin nüfuzlu ali məktəblərinə daxil olmuşlar. Onların 3-ü respublika üzrə 600 baldan yuxarı nəticə göstərib" deyən X.Eminova məktəbdə modern təhsilin tərkib hissəsi olaraq 2 kompyuter sinifinin yaradıldığını söylədi. Direktor ötən üç ilin göstəricilərinə görə məktəbin ilin ən yaxşı məktəbləri sırasına yüksəldiyini və bu müsbət uğurların bundan sonra da davam etdiriləcəyini vurğuladı. Daha sonra "Son zəng" günü ilə bağlı tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirildi.
53 saylı orta məktəbdə də, "Son zəng" günü ilə bağlı möhtəşəm bayram tədbiri keçirilib. Ölkəmizin qabaqcıl orta məktəblərindən bir olan bu məktəbdə, ümumilikdə, 2010-2011-ci tədris ilində 1740 şagird təhsil alıb. Bu il onlardan 136 nəfəri məktəbi çox yüksək uğurlarla başa vuraraq məzun adını qazanıb. 53 saylı məktəbin 136 məzunundan 45-i rus, 91-i Azərbaycan bölməsi üzrə tədrisini başa vurub. Məktəbin direktoru Firəngiz Həsənovanın verdiyi məlumata görə, 170 nəfər müəllim kontingentinin çalışdığı bu təhsil ocağı respublikamızın ən öndə gedən tədris müəssisələrindəndir. Eyni zamanda, F.Həsənova builki məzunların bilik səviyyəsinin yüksək olduğuna da diqqət çəkdi. Vurğuladı ki, məzunlar TQDK-nın təşkil etdiyi sınaq imtahanlarında 700 bala qədər nəticələr göstəriblər. F.Həsənova 136 məzunun builki qəbul imtahanlarında da yaxşı nəticələr əldə edəcəyinə əminliyini ifadə etdi.
Daha sonra tədbir məktəbin həyətində, hazırlanmış bədii kompozisiya ilə davam etdirildi.

Digər xəbərlər