PDF Oxu

Xəbərlər

  • 15

“Kazanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədin imzalanmaması ermənilər üçün həyati əhəmiyyətlidir”

“Kazanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədin imzalanmaması ermənilər üçün həyati əhəmiyyətlidir”
"Vasitəçilər nəzərə almalıdırlar ki, Kazanda Dağlıq Qarabağ (DQ) münaqişəsi ilə bağlı sənədin imzalanmaması ermənilər üçün həyati əhəmiyyətlidir". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. "ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin Dovildə qəbul etdikləri bəyanat müsbət olsa da, ermənilər onun müddəalarının reallaşmasına ciddi cəhdlə mane olacaqlar", - Əhmədoğlu deyib. Politoloqun fikrincə, Ermənistanın Dağlıq Qarabağla bağlı müstəqil siyasət apara bilməməsi, ermənilər üçün arzuolunmaz kompromisə meyillənməsi barədə şərhlər Dovil bəyanatından əvvəl erməni ekspertlərin şərhlərində yayılmağa başlamışdı. "Qərb rəsmiləri Yerji Buzek, Filip Qordon və digərləri Dovil bəyanatından əvvəl də bildiriblər ki, Ermənistan rəhbərliyi öz xalqını Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində kompromislərə hazırlamalıdır. Dovil bəyanatından dərhal sonra Ermənistan xarici işlər naziri üç prezidentin qəbul etdiyi bəyanatı Ermənistan-Azərbaycan münaqişəsinə deyil, Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə aid etməklə onun mahiyyətini kobud şəkildə saxtalaşdırdı", - Əhmədoğlu əlavə edib. Politoloqun sözlərinə görə, Dovil bəyanatından dərhal sonra Rusiya ekspertlərinin dili ilə İran məsələsi aktuallaşdırıldı. "Guya, Dağlıq Qarabağ münaqişəsinin Dovil bəyanatında göstərildiyi kimi tənzimlənməsi İranın maraqlarına cavab vermir. Həmişə rəsmi Yerevanın belə tədbirlərdən sonra müəyyən "ev hazırlığı" olub. Bu dəfə "ev hazırlığı"nın mahiyyəti İranı qızışdırıb, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini pozmaq istiqamətinə yönəltmək idi. Altında öz prezidentlərinin imzası olan bu mühüm bəyanatı rus ekspertlərin tənqid etməsini, lağa qoymasını da diqqətdən kənarda saxlamaq mümkün deyildi. Ermənistanın hərbi perspektivi onun Qarabağla bağlı indiki ambissiyasını tonusda saxlamağa imkan vermir, getdikcə zəifləyir. 12 illik təhsil sisteminə keçməklə əlaqədar olaraq, ən azı, payız çağırışından etibarən Ermənistanda 6000 gənc orduya çağırıla bilməyəcək. Ermənistan Azərbaycana qarşı hərbi planını yalnız yaxın dövrdə reallaşdıra bilər; gələcəkdə bu, mümkün olmayacaq", - Əhmədoğlu deyib. Politoloq bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın dilindən KTMT-nin və RF-nin maraqlarına zidd, yalnız Ermənistanın qısamüddətli maraqlarına cavab verən bəyanatları səsləndirməsi bu ölkənin Azərbaycana qarşı yeni hücum müharibəsinə hazırlaşdığının mühüm göstəricisidir. "Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini pozmaq istiqamətində İranı siyasi-diplomatik və ya hərbi şantaja çəkmək niyyətinin mövcudluğu da nəzərə alınmalıdır. İyunun 25-də Kazan şəhərində sənədin imzalanması prosedurunun pozulması ermənilər üçün həyati əhəmiyyətlidir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərəfdarı olan beynəlxalq güclərin, ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin, xüsusilə, RF prezidentinin iyunun 25-nə kimi Ermənistanın Kazan görüşünü pozmaq məqsədilə müxtəlif diplomatik hiylələrini (Ermənistan xarici işlər nazirinin vəzifədən qovulması və ya istefası, S.Sarkisyanın istefası, müxalifətlə birlikdə ölkədaxili gərgin vəziyyət yaratmaq və s.), eləcə də hərbi avantüra xarakterli tədbirlərini ciddi şəkildə nəzərə almaları və qabaqlayıcı addımlar atmaları vacibdir", - politoloq bildirib. Əhmədoğlu hesab edir ki, qabaqlayıcı addımlar kimi Kazanda sənəd imzalanmayacağı təqdirdə, yenilənmiş Madrid prinsipləri əsasında Böyük Sülh Sazişinin dərhal hazırlanıb BMT TŞ-də qəbul edilməsinin mümkünlüyü barədə rəsmi məlumat yaymaq ola bilər. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi variantından imtina edilərək digər variantlara üstünlük verilməsi ehtimalını rəsmən bildirmək mümkündür. "BMT nizamnaməsinin 51-ci maddəsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün təsirli olduğu barədə rəsmi məlumat yayılması da mümkündür. Hətta bu tədbirlər görüldükdən sonra da Ermənistan Prezidentinin Kazanda sənədi imzalaması ehtimalı azdır", - politoloq deyib.

Digər xəbərlər