“Azərbaycanda KİV-lərin qeydiyyatı üçün olduqca münbit şərait var"
"Azərbaycanda son illər media ilə bağlı müəyyən qanunlar qəbul olunub. Lakin bu qanunlarla yanaşı ölkədə "Diffamasiya haqqında" qanunun qəbuluna ehtiyac var. Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov SİA-ya verdiyi açıqlamasında deyib. Qanunla bağlı Azərbaycan cəmiyyətində çoxsaylı müzakirələr getdiyini dilə gətirən şura sədri bildirib ki, Mətbuat Şurası bütün bunları nəzərə alaraq ötən ili ölkədə Diffamasiya ili elan edib. Ötən ilin martında şuranın ATƏT-in Bakı ofisi ilə birgə layihəsini xatırladan Ə.Amaşov söyləyib ki, layihə Azərbaycan junalistlərinin peşə davranışları qaydalarının təkmilləşdirilməsi və jurnalistlərin məsuliyyətinin artırılması ilə yanaşı, "Diffamasiya" haqqında qanunun qəbulu ilə bağlı təşəbbüslərinin səsləndirilməsini də nəzərdə tuturdu. "Bu iki məqamın eyni müstəvidə dəyərləndirilməsi təsadüfi deyil. Məsələ burasındadır ki, Azərbaycan ictimaiyyəti içərisində diffamasiyanın tərəfdarları ilə yanaşı əleyhdarları da var. Hətta media ictimaiyyətinin içərisində buna etiraz edənləri görmək mümkündür. Bilirsiniz ki, Azərbaycanda KİV-lərin qeydiyyatı üçün olduqca münbit şərait var. İstənilən şəxs yüngül prosedur qaydalarına əməl etməklə jurnal, qəzet və ya informasiya agentliyi aça bilər. Bu müsbət haldır, lakin bunun sayəsində mediaya aid olmayan təsadüfi insanlar da var. Onların fəaliyyəti nəinki gerçək jurnalistikanı gözdən salır, eyni zamanda cəmiyyətin haqlı narazılığına səbəb olur. Mətbuat Şurası belələrini ictimai qınağa cəlb etmək üçün tədbirlər görməkdədir. Şura insan şərəf və ləyaqətini ləkələyən KİV-lərin adlarının yer aldığı qara siyahı təsdiq edir. Ona görə də prinsip etibarı ilə Diffamasiya haqqında qanunun olması çox vacibdir. Azərbaycanda media artıq yeni mərhələyə qədəm qoyur. Bu səbəbdən də jurnalist yaradıcılığında insan şərəf və ləyaqətinin təhqiri, işgüzar nüfuzunun aşağılanması kimi hallar olmamalıdır"- deyə şura sədri qeyd edib.