"Ermənistan tərəfi danışıqlardan münaqişənin həllinin uzadılması üçün bir vasitə kimi istifadə edir"
"Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi aradan qaldırılmayıb, bu münaqişənin həlli yollarından biri də danışıqlardır. Azərbaycan dövləti olaraq biz buna belə yanaşırıq. Ancaq təəssüflər olsun ki, indiyə qədər aparılan danışıqlar nəticəsiz qalıb, münaqişə öz həllini tapmayıb". SİA-nın xəbərinə görə, bunu YAP-ın İcra katibi, partiyanın Sədr müavini Əli Əhmədov Moskvada bu gün keçirilməsi gözlənilən Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu günə qədər münaqişənin həll olunmamasına səbəb Ermənistan tərəfinin öz qeyri-konstruktiv mövqeyindən əl çəkilməməsi və danışıqlarda immitasiya etməsidir: "Təəssüf hissi ilə deyirəm ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyindən əl çəkmək niyyətində deyil. Ancaq bir halda ki, Azərbaycan tərəfi olaraq biz bu gün də danışıqları münaqişənin həllinə kömək edəcək bir amil olaraq qəbul edirik, hesab edirəm ki, danışıqlarda iştirak etmək lazımdır. Təbii ki, Azərbaycan öz mövqeyini dəfələrlə ortaya qoyub. Ermənistan tərəfinin danışıqları münaqişənin həllinin uzadılması üçün bir vasitə kimi istifadə etməsini Azərbaycan məqbul saymır. Ermənilərin danışıqlar prosesini bu məqsədlə uzatmasına imkan verməməliyik".