"Azərbaycanda orqan köçürülməsində əsas problem bu işin təşkili ilə bağlıdır"
"Azərbaycanda transplantasiya haqqında qanun 10 ildir ki, mövcuddur. Bu, kifayət qədər mükəmməl qanundur və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən hazırlanıb". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, bu qanun Azərbaycanda transplantologiyanın hüquqi əsaslarını müəyyənləşdirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda orqan köçürülməsində heç bir problem yoxdur.
"Burada əsas problem işin təşkili ilə bağlıdır. Xüsusilə meyitdən orqan köçürülməsi, beyin ölümünün müəyyənləşməsi kriteriyalarının öyrənilməsidir. Beyin ölümü elə bir haldır ki, insan öldükdən ən azı 1 saat sonra onun diaqnozu qoyulmalı, bundan sonra orqanizm transplantasiya üçün hazırlanmalıdır. Təbii ki, bu işdə mütəxəssis qıtlığı və ixtisaslaşmış klinikaların sayının az olması problemi var. Hazırda yalnız 2 klinikada-Mərkəzi Klinik və Mərkəzi Neftçilər Xəstəxanalarında aparılır. Problem insanların kifayət qədər məlumat almamasıdır, meyitdən donor kimi orqan o halda götürə bilər ki, onun yaxınları icazə versinlər və yaxud rəhmətə gedən şəxs sağlığında onun meyitindən hansısa orqan götürülməsi ilə bağlı vəsiyyətnamə və ya notarial qaydada təsdiqlənən razılığı olsun. Bundan əlavə insanlar islam qanunlarına daha çox fanatik yanışırlar. Bu istiqamətdə çox işlər görülməlidir. Bunun həlli üçün Səhiyyə Nazirliyinin tərkibində komissiya yaradılsın və ya nazirlik bununla bağlı Nazirlər Kabinetinə müraciət etsin", - deyə o əlavə edib.