PDF Oxu

Xəbərlər

  • 9

“Radikal müxalifət partiyaları cəmiyyətdə heç bir sosial bazaya malik deyillər”

“Radikal müxalifət partiyaları cəmiyyətdə heç bir sosial bazaya malik deyillər”
Ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqlar mövcuddur. Bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov DİN-də geniş Kollegiya iclasında bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, nazirlikdə cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkilinin və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. İnsanların hüquq və azadlıqlarının, həyat və sağlamlığının qorunmasında, eləcə də ağır cinayətlərin və əməliyyat şəraitinə neqativ təsirin qarşısının alınmasında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ixtisaslı mübarizənin başlıca şərtlərdən olmasını qeyd edən nazir bu sahədə qarşıda mühüm vəzifələrin durduğunu, son illər işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin mövcud reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu vurğulayıb. Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski və Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov məruzə ilə çıxış ediblər. Çıxışlarda görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr qeyd olunub. Bununla bərabər, general-polkovnik Ramil Usubov cinayət hadisələrindən zərər çəkmiş şəxslərə dəymiş maddi ziyanın ibtidai istintaq prosesində ödətdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün tədbirlərin görülməsinin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yol verən əməkdaşlar barədə ən ciddi ölçülərin götürülməsinin vacibliyinə toxunaraq bu istiqamətdə fəaliyyətin davamlı şəkildə həyata keçiriləcəyini nəzərə çatdırıb. Həmçinin, son günlər Bakı şəhər İcra hakimiyyəti ilə razılaşdırmadan paytaxtın mərkəzi küçə və meydanlarında qanunsuz aksiya keçirməklə və polis əməkdaşları ilə bilərəkdən qarşıdurmaya getməklə ictimai asayişi, sabitliyi pozmaq niyyəti güdən bəzi radikal müxalifət partiyalarının və ayrı-ayrı təşkilatların pozuculuq fəaliyyətinə toxunan Ramil Usubov bu qəbildən olan sonuncu mitinqə cəhdin təşkilatçılarının cəmiyyətdə heç bir sosial bazaya malik olmadığını, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini, onun məqsədyönlü, uğurlu daxili və xarici siyasət kursunu tam dəstəklədiklərinin bir daha təsdiqləndiyini vurğulayıb.

Digər xəbərlər