Yeni Azərbaycan Partiyası: beynəlxalq əlaqələr və yüksək inkişaf
Bildiyimiz kimi, sağ mərkəzçi siyasi təşkilat olan hakim Yeni Azərbaycan Partiyası dünyanın bir çox ölkələrinin aparıcı partiyaları ilə əməkdaşlığını intensivləşdirməkdədir. Xüsusilə də, bu gün Yeni Azərbaycan Partiyasının beynəlxalq istiqamətdəki geniş fəaliyyəti çoxşaxəliliyi ilə seçilir.
Bir sıra ölkələrin yüksək nüfuzlu partiyaları ilə, o cümlədən, sağ mərkəzçilərlə ikitərəfli əlaqələr və sıx əməkdaşlıq münasibətləri yaradan YAP, eyni zamanda, Avropanın və Asiyanın da çox önəmli partiyalar qrupu ilə də isti əlaqələri mövcuddur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, YAP Avropanın ən güclü partiyalar qrupu olan Avropa Xalq Partiyası ilə sıx əməkdaşlıq etməklə yanaşı, həmçinin, bu partiyanın bir sıra tədbirlərində də yaxından iştirak edir.
Belə ki, ötən illərdə Yeni Azərbaycan Partiyasının dəvəti ilə Avropa Xalq Partiyasının prezidenti Vilfred Martins Azərbaycanda səfərdə olarkən bir sıra əhəmiyyətli görüşləri oldu. Ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev onu qəbul etdi. Bir məsələni də vurğulamaq mümkündür ki, Avropa Xalq Partiyası Avropa siyasi məkanında ən böyük nüfuzlu siyasi təşkilat olmaqla yanaşı, bu təşkilatın prezidenti olan Martins də Avropanın siyasi liderləri arasında xüsusi hörməti və nüfuzu ilə seçilən şəxsiyyətlərdən biridir. Qeyd etmək mümkündür ki, YAP Asiyada çoxlu sayda siyasi təşkilatları birləşdirən Asiya Siyasi Partiyalarının Beynəlxalq Assosiasiyasının daimi komitəsinin üzvüdür. Asiyanın bütün dövlətlərinin partiyalarını birləşdirən bu qurumun daimi komitəsinin 29 üzvü var və bu komitə üzvlərindən biri də Yeni Azərbaycan Partiyasıdır. Daha müfəssəl təsəvvür yaranması üçün qeyd olunması vacibdir ki, bu mötəbər quruma daxil olan partiyalar Çini, Hindistanı, Koreyanı, Yaponiyanı, Türkiyəni, İranı və digər böyük Asiya dövlətlərini təmsil edir. Yeni Azərbaycan Partiyasının Asiya Siyasi Partiyalarının Beynəlxalq Assosiasiyasının daimi komitəsində üzv kimi təmsil olunması bir yandan Azərbaycana bu partiyalar qrupu tərəfindən verilən diqqətin, önəmin ifadəsidir, digər tərəfdən isə partiyanın təşkilat daxilindəki fəallığının bilavasitə göstəricisi kimi qəbul olunmalıdır. Əbəs deyil ki, Yeni Azərbaycan Partiyası bir çox ölkələrin aparıcı partiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinə malikdir və bütün bunların hamısı YAP-ın beynəlxalq əlaqələrini, beynəlxalq aləmdəki nüfuzunun, hörmətinin artmasını ifadə etməklə yanaşı, eyni zamanda, bu əlaqələrin getdikcə dərinləşməsi, öz növbəsində, Azərbaycanla həmin partiyaları təmsil edən ölkələrin və dövlətlərin münasibətlərinin daha da yaxınlaşmasına, genişlənməsinə öz əvəzsiz töhfəsini verir.
Azərbaycan üçün həlledici əhəmiyyət kəsb edən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində də ardıcıl, qətiyyətli işlər aparılmaqdadır. YAP-ın keçirdiyi bütün beynəlxalq tədbirlərdə sözügedən problem ətrafında ciddi müzakirələr aparılır, təcavüzkar Ermənistanın işğalçılıq siyasəti pislənilir, əsaslı bəyanatlar və müraciətlər qəbul olunur.
Demokratiya, insan azadlıqları ölkənin inkişafının fundamental əsaslarından birini təşkil edir. Ayrı-ayrı ölkələrin tarixi bunu təkzibedilməz şəkildə sübuta yetirib. Azərbaycan sürətlə inkişaf edir. Bu gün artıq Azərbaycanın özünəməxsus iqtisadi, sosial, mədəni və digər sahələrdəki inkişaf modeli haqqında söhbətlər təkcə ölkəmizin hüdudları ilə məhdudlaşmır. Azərbaycanın hüdudlarından kənarda da çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlar və qurumlar, eyni zamanda, siyasi partiyalar ölkəmizin özünəməxsus perspektivinin, inkişaf modelinin formalaşmasını etiraf etmək, qəbul etmək məcburiyyətindədirlər. YAP hakim, sağ mərkəzçi siyasi təşkilat olaraq, bütün istiqamətlərdə dövlətimizin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir, eyni zamanda, bu siyasətin davamlı olması üçün, tərəqqisi və inkişafı üçün genişmiqyaslı tədbirlər planlarını uğurla həyata keçirir.