PDF Oxu

Xəbərlər

  • 14

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib
Dünən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Yeni Azərbaycan Partiyasının 2010-cu ildə fəaliyyətinə dair hesabatı müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, ötən 2010-cu il ölkəmizin və Yeni Azərbaycan Partiyasının həyatında mühüm hadisələrlə yadda qalmışdır. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlar regionların sosial - iqtisadi cəhətdən dinamik inkişafına, işsizliyin minimum həddə endirilməsinə, əhalinin rifahının yüksəlməsinə, Azərbaycanın regionda və dünyada mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxarmışdır. Bütövükdə, 2010-cu il Azərbaycan üçün sosial - iqtisadi göstəricilər baxımından uğurlu il kimi tariximizə daxil olmuşdur. Müzakirələrdə vurğulanmışdır ki, partiyanın fəaliyyətində ilin başlıca siyasi hadisəsi olan Azərbaycan Respublikası Milli Məclisinə seçkilər mühüm yer tutmuşdur. Seçkilərdə "Güclü dövlət, yüksək rifah" şüarı ilə iştirak edən Yeni Azərbaycan Partiyası növbəti siyasi uğur qazanmış, Milli Məclisdə 71 nəfər deputatla təmsil olunmaq hüququ əldə etmişdir. İdarə Heyətinin iclasında qeyd olunmuşdur ki, hesabat ilində Yeni Azərbaycan Partiyası ictimai - siyasi əhəmiyyət kəsb edən bir çox layihələrin müəllifi kimi çıxış etmişdir. O cümlədən "Ekologiya ili" çərçivəsində Bakıda və regionlarda yaşıllıq zolaqlarının salınması tədbirlərində yaxından iştirak etmişdir. Hesabat ilində partiyanın beynəlxalq əlaqələrinin inkişafına xüsusi diqqət yetirilmişdir. Avropa Xalqları Partiyası ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur, Koreya Respublikasının Böyük Milli Partiyası (HANNARA) ilə dostluq və əməkdaşlıq haqqında saziş imzalanmışdır. Partiyanın sıralarının genişlənməsində, üzvlərinin sayının artmasında arxada qoyduğumuz il istisna olmamışdır. İdarə Heyətinin iclasında bildirilmişdir ki, 2010-cu ildə Yeni Azərbaycan Partiyasının sıralarına 32186 nəfər yeni üzv qəbul olunub. Onlardan 17 min nəfərdən çoxu gənclərdir. Hazırda partiyanın 7600 ilk təşkilatında qeydiyyatda olan partiya üzvlərinin ümumi sayı 527000 nəfərə çatmışdır. İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının 2010-cu ilə dair maliyyə hesabatı da dinlənilərək təsdiq olunmuşdur. Ötən ildə Yeni Azərbaycan Partiyasının cari hesabına partiya üzvlük haqlarından 4063044 manat vəsait daxil olmuşdur. Daxil olan vəsaitin 2101176 manatı partiyanın İcra Katibliyində və yerli təşkilatlarında çalışan işçilərin əməkhaqqı fondunu təşkil etmişdir. Qalan vəsait partiya tədbirlərinin maliyyələşməsinə, çap işlərinə, təsərrüfat, kommunal və ezamiyyə xərclərinin ödənilməsinə, xeyriyyəçilik tədbirlərinə, həmçinin, 20 nəfər ali məktəb tələbəsinə xüsusi təqaüdlərin verilməsinə sərf edilmişdir. İclasda YAP İdarə Heyətinin 2011-ci ilin birinci yarımilliyinə dair iş planı geniş şəkildə müzakirə olunaraq, qəbul olunmuşdur.

Digər xəbərlər