PDF Oxu

Xəbərlər

  • 14

Tomas Porebanın Dağlıq Qarabağa səfəri onun şəxsi özbaşınalığıdır

Tomas Porebanın Dağlıq Qarabağa səfəri onun şəxsi özbaşınalığıdır
Bir müddət bundan öncə, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın Azərbaycanın işğal altında olan torpaqlarına səfər etməsi Azərbaycan tərəfindən böyük bir etirazla qarşılanmış və bununla bağlı rəsmi şəkildə etiraz bildirilmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Avropa Parlamentinə və Polşanın ölkəmizdəki səfirliyinə rəsmi nota göndərilmiş, məsələyə aydınlıq gətirilməsi tələb olunmuşdu. Artıq hər iki qurum tərəfindən notaya verilən cavablar məsələnin tamamilə aydınlaşdırılmasına imkan verir.
Qeyd edək ki, T.Porebanını səfərinə təkcə xarici işlər nazirliyi tərəfindən deyil, eyni zamanda, digər dövlət qurumları tərəfindən də etirazlar bilidirilmişdi. Parlament, Dağlıq Qarabağın azərbaycanlı icması, eyni zamanda, bir sıra QHT-lər tərəfindən T.Porebanın səfəri pislənilmiş, bu səfərin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olduğu xüsusilə vurğulanmışdır. Lakin Avropa Birliyi və Polşa səfirliyi tərəfindən verilən bəyanatlarda bunun heç də onlarla razılaşdırılmadığı və sırf T.Porebanın şəxsi təşəbbüsü ilə baş tutduğu qeyd edilir. Avropa Birliyinin xarici əlaqələr xidməti və qurumun rəhbəri Ketrin Eşton bu səfər barədə məlumatlandırılmayıb. Təşkilatın cavabında deyilir ki, AB ərazi bütövlüyünün beynəlxalq prinsiplərinə hörmət edir və hesab edir ki, istənilən dövlətin ərazisinə səfər beynəlxalq hüquqa uyğun və bu ölkə və ya cəlb olunan ölkələrlə əməkdaşlıqda həyata keçirilməlidir. Bu isə, birbaşa olaraq onu sübut edir ki, Poreba heç bir beynəlxalq prinsipə məhəl qoymadan özbaşına olaraq Dağlıq Qarabağ ərazisinə səfər edib.
Polşa xarici işlər nazirliyi də öz vətəndaşlarını Azərbaycan hakimiyyətinin icazəsi olmadan Dağlıq Qarabağ səfər etməməyə çağırıb. Məlumatda o da qeyd olunur ki, beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və Bakıdakı hakimiyyətlə ilkin razılaşdırma olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər Azərbaycan Respublikasının sərhədlərinin pozulması hesab ediləcək. Polşa Xarici İşlər Nazirliyinin belə bir bəyanatla çıxış etməsi bir tərəfdən Porebanın səfərininin özbaşınalıq olduğunu ifşa edirsə, digər tərəfdən Polşanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi faktını bir daha sübut etmiş olur.
Həm Avropa Birliyi, həm də Polşa Xarici İşlər Nazirliyi tərəfindən məsələ ilə bağlı verilən bəyanatlar çox mühüm əhəmiyyət kəsb edir. Bu, bir daha beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktını qəbul etdiyini göstərmiş olur. T.Porebanın səfəri isə şəxsi erməni "sevgi"sindən və özbaşınalıqdan başqa bir şey deyildir.
Polşa dövləti tərəfindən verilən bəyanatın isə digər dövlətlər tərəfindən də verilməsi mühüm əhəmiyyət kəsb edir. Yəni analoji addımın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən digər dövlətlər tərəfindən atılması Ermənistana və Dağlıq Qarabağda yaradılmış separatçı rejimə qarşı təsir və təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.

Digər xəbərlər