Təhsil Nazirliyi iki özəl univerisitetin lisenziya müddətini uzadıb
Təhsil Nazirliyində Lisenziya komissiyasının iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda Xəzər Universiteti, bu ali təhsil müəssisəsinin nəzdindəki "Dünya" məktəbi və Bakı Biznes Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılması məsələləri müzakirə edilib. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Xəzər Universiteti, bu ali təhsil müəssisəsinin nəzdindəki "Dünya" məktəbi və Bakı Biznes Universitetinin fəaliyyəti haqqında fikirlərini bildirib. Son illərdə ölkənin bütün istiqamətlərdə, o cümlədən də təhsil sahəsində ciddi nailiyyətlər qazandığını vurğulayan M.Mərdanov Azərbaycanda yüksək ixtisaslı mütəxəssislərə olan tələbatdan söz açıb. Bu baxımdan hər iki universitetin əldə etdiyi uğurlara toxunan təhsil naziri bu ali təhsil müəssisələrini bitirən bir çox məzunların dünyanın nüfuzlu universitetlərində təhsillərini müvəffəqiyyətlə davam etdirdiklərini nəzərə çatdırıb.
Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev hər iki universitetin fəaliyyətini araşdıran ekspert qruplarının işi barədə ətraflı məlumat verib. Xəzər Universiteti üzrə ekspert qrupunun sədri Fialə Abdullayeva, Bakı Biznes Universiteti üzrə ekspert qrupunun sədri Əfqan Abdullayev, Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin baş məsləhətçisi Məhərrəm Səfərov və Lisenziya komissiyasının digər üzvləri tədris ocaqlarının maddi-texniki bazası, tədris şəraiti, pedaqoji heyəti, beynəlxalq əlaqələri, ixtisaslar üzrə hazırlıq səviyyəsi barədə fikirlərini bildiriblər.