MSK sədri Konstitusiya Məhkəməsinin qərarına münasibət bildirib
"Konstitusiya Məhkəməsinin qərarını Mərkəzi Seçki Komissiyası adından mən çox yüksək qiymətləndirirəm". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. O, qeyd edib ki, bütün 5314 məntəqənin hamısında seçkiləri demokratik, ədalətli, şəffaf həyata keçirmək üçün bütün lazımı şərait yaradılmışdı və ölkədə ictimai-siyasi stabillik vardı: "2010-ci il noyabr ayının 7-də keçirilən parlament seçkiləri doğrudan çox mütəşəkkil şəkildə keçirildi. Demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün siyasi iradə də ortada idi. On minlərlə yerli və beynəlxalq müşahidəçilər, KİV daxil olmaqla bütün bölgələr üzrə məntəqələrdə iş fasiləsiz olaraq səhər saat 7-dən axşam saat 7-yə kimi davam edib. Bütün bu müddətdə nəticələrin DSK-lara çatdırılması və oradan da məntəqə seçki komissiyaları üzrə məlumatların MSK-nın internet saytına daxil olması prosesi açıq şəkildə ictimaiyyətin müşahidəsi altında həyata keçirilib".
MSK sədri hesab edir ki, müasir, demokratik seçkilər üçün qoyulan tələblərin hamısı yerinə yetirilib. Onun sözlərinə görə, keçirilən son seçki çoxpartiyalılıq plüralizm prinsipləri əsasında ölkəmizdə mövcud olan demokratik imicin bir daha göstəricisi idi: " Eyni zamanda Azərbaycan seçiciləri üçün də kifayət qədər seçim etmək imkanları var idi. Yəni, az namizəd olan dairəmizdə 4, ən çox isə 14 namizədin mübarizə apara biləcəyi məntəqələr vardı. Hesab edirəm ki, bu çoxpartiyalılıq plüralizm prinsipləri əsasında ölkəmizdə mövcud olan demokratik imicin bir daha göstəricisi idi. Nəticədə çoxpartiyalılıq əsasında bir parlament formalaşıb. Hesab edirəm ki, o da öz işlərini çox uğurla həyata keçirəcək. Azərbaycan ictimaiyyətinin bütün təbəqələrinin maraqları həmin parlamentdə müdafiə olunacaq".