Azərbaycan Avropa üçün önəmli enerji tərəfdaşıdır
"Şah Dəniz" qaz yatağı ilə qaz nəqli üçün lazımi infrastruktur 2016-2017-ci ilədək hazır olmalıdır. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəsi Roland Kobia Avropa İttifaqının (Aİ) Avropanın enerji infrastrukturunun inkişafına dair növbəti onillik və ondan sonrakı dövr üçün öz yeni konsepsiyanın təqdimatına dair keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı üçün prioritet "Nabukko" və ITGI layihələridir: "Eyni zamanda, mənbələrin və qaz nəqli marşrutlarının diversifikasiyasında əhəmiyyətli istiqamət "Nabukko", ITGI, TAP, "Ağ axın" kimi layihələrin daxil olduğu "Cənub enerji dəhlizi"dir".
O, qeyd edib ki, bu layihələrin həyata keçməsi ilə Aİ-nin əksər ölkələri qazla təmin olunacaq və Azərbaycan öz növbəsində qazı böyük həcmdə satmağa imkan əldə edəcək: ""Nabucco" layihəsinə qoşulmaqla Azərbaycan enerji daşıyıcılarının Avropaya çatdırılmasında vacib tranzit qovşaqlarından birinə çevriləcək. Biz ümidvarıq ki, Azərbaycan tək hasilatçı kimi deyil, qazın tranzit ölkəsinə çevriləcək. Bu halda təkcə ixracatçı kimi deyil, eləcə də üçüncü ölkələrə qaz tranzitçisi kimi çıxış edə bilər. Bu ölkələr sırasında Türkmənistan və Qazaxıstan kimi dövlətlər var". Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi deyib ki, Azərbaycan kimi Avropa da qaz marşrutlarının diversifikasiyasında maraqlıdır: "Bu, ölkəyə indi Rusiyanın etdiyi kimi, qazı daha yüksək qiymətə satmağa imkan verəcək".
Eyni zamanda "Rəsmi Moskvanın "Nabucco"nu iflic etmək istəyi" barəsində ünvanlanan suala cavab verən R.Kobia: "Aİ istənilən sahədə, xüsusən də energetika sektorunda istənilən inhisarçılığın əleyhinədir. Həm Aİ ölkələrinin, həm də digər tədarükçülərin yeni layihələrinin həyata keçirilməsi üçün danışıq aparmaq hüquqları var. Rusiya onun qazının əsas alıcılarından biri kimi çıxış edən Avropanın strateji tərəfdaşıdır. Rəqabət hətta "Cənub dəhlizi"nin layihələri arasında da var, çünki hər bir iştirakçı şirkət müstəqil danışıqlar apara və layihələri həyata keçirə bilər"- deyə bildirib.