PDF Oxu

Xəbərlər

  • 22

Xalq firavan gələcəyə səs verəcək

Xalq firavan gələcəyə səs verəcək
Dünən Suraxanı rayonu Əmircan qəsəbəsi, Zülal Tağıyev küçəsi, 3 saylı binanın sakinləri ilə YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abiyevlə seçicilərin görüşü keçirildi.
250 nəfərə yaxın seçicinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov açaraq, müstəqil dövlətimizin quruculuğunda fəal iştirak edən və hər zaman dövlət siyasətini dəstəkləyən insanların YAP tərəfindən namizədliyinin irəli sürüldüyünü qeyd etdi. V.Seyidov çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət etdiyini bildirərək, dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyi vurğulayıb, seçiciləri parlament seçkilərində fəal olmağa və seçimdə məntiqə söykənməyə səslədi.
7 noyabr tarixində keçiriləcək seçkilərdə əhalinin fəal olaraq düzgün seçim edib, namizədinə səs verməsinin əhəmiyyətini qeyd edən V.Seyidov Azərbaycan xalqının prezident, parlament, bələdiyyə seçkilərində olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirdi: "Artıq bu günə qədər qazanılan təcrübə seçicilərə siyasi təcrübə vermişdir. Buna istinadən seçicilərin YAP-ın namizədlərini dəstəkləyəcəkləri şübhəsizdir".
Seçiciləri salamlayan YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Qulam oğlu Abiyev onlarla görüşməkdən məmnun olduğunu bildirdi. Ötən beş il ərzində Milli Məclisdə qanunvericilik çərçivəsində deputat səlahiyyətlərini yerinə yetirdiyini deyən Ağacan Abiyev, həmçinin, seçicilərinin problemlərinin həlli ilə də məşğul olduğunu qeyd etdi. O, vurğuladı ki, həlli mümkün olan problemlərin aradan qaldırılmasına nail olunub: "Beş il ərzində Azərbaycan çox inkişaf edib, dövlətimiz, ordumuz xeyli güclənib, insanların rifahı yüksəlib. Bu müddətdə ölkəmizin dünya dövlətləri sırasında nüfuzu əhəmiyyətli dərəcədə artıb, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. 2005-ci ildən indiyə qədər ölkəmizdə böyük quruculuq-abadlıq işləri həyata keçirilir. Bu inkişaf Suraxanı rayonunda da özünü göstərir. Ölkə Prezidentimiz İlham Əliyevin dediyi kimi, Azərbaycanda görülən işlərin məqsədi insanlara xidmət etməkdir. Bizim məqsədimiz budur ki, dövlətimizin qüdrəti daha da artsın, insanların rifahı daha da yüksəlsin".
Bütün seçkilərdə qələbə qazanan YAP-ın bu seçkilərdə də qələbəsinə tam əmin olan namizəd partiyanın Seçki Proqramından danışdı. Bildirdi ki, bu proqramda dövlətimizin güclənməsi və əhalinin rifahının daha da yüksəlməsi prinsipləri geniş əksini tapıb: "Bu istiqamətdə xeyli iş görülüb, amma qarşımızda da böyük vəzifələr dayanır. Növbəti beş ildə daha böyük işlər görmək əzmindəyik, çünki bunun üçün imkanlar da artıb. Əgər noyabrın 7-də seçki günü yenə də mənə səs versəniz, etimadınızı layiqincə doğrultmağa çalışacağam".
Görüşdə namizədin vəkilləri Yusif Babanlı, Almaz Əhmədova, həmçinin, seçicilər də noyabrın 7-də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər: "Biz deputatımızdan xeyli razıyıq, Ağacan Abiyev Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sadiq insandır. Ümummilli Liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasəti bütün suraxanılılar, bütün Azərbaycan xalqı dəstəkləyir. Ona görə də, biz kimin nə işlər gördüyünü yaxşı bilirik və yenə də deputatımız Ağacan Abiyeva səs verəcəyik".

Digər xəbərlər