AŞPA-nın müşahidə missiyası Azərbaycanda seçkiqabağı vəziyyəti yüksək qiymətləndirir
AŞPA-nın müxtəlif partiyaları təmsil edən 5 nəfər üzvündən ibarət nümayəndə heyəti noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərdən əvvəl seçki kampaniyasının dinc şəraitdə keçməsini müsbət qiymətləndirir. Biz əvvəllər də Azərbaycanda keçirilən seçkiləri müşahidə etmişik, budəfəki vəziyyət çox fərqlidir. Mərkəzi Seçki Komissiyasının işində müşahidə olunan irəliləyişlər, seçiciləri maarifləndirmə proqramları, seçici siyahılarının dəqiqliyinə daha çox diqqətin yetirilməsi də təqdirəlayiqdir.
Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizdə keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının rəhbəri Pol Vill Azərbaycana səfərlərinin yekunları ilə bağlı dünən keçirdiyi mətbuat konfransında deyib. P.Vill bildirib ki, digər bir müsbət hal ondan ibarətdir ki, əvvəl keçirilmiş bəzi seçkilərdən fərqli olaraq müxalifət seçki kampaniyasında fəal surətdə iştirak edir. Ayrı-ayrı namizədlərin fərdi seçki gündəliyinin olmasına baxmayaraq, müxalifət seçki blokları yaradır. Seçki bloklarının yaradılması isə, bir qayda olaraq demokratiya prosesinin ayrılmaz hissəsidir. Bundan əlavə, missiyanın üzvləri qeyri-hökumət təşkilatlarının seçki prosesində iştirakı üçün yaradılmış yeni imkanları da alqışlayır. AŞPA-nın müşahidə missiyasının rəhbəri bir sıra problemlərin də olduğunu qeyd edib və deyib ki, seçki prosesi daim təkmilləşən, yeniləşən prosesdir. Ona görə də ümid edirik ki, mövcud problemlər tədricən aradan qalxacaq. Pol Vill onu da vurğulayıb ki, AŞPA-nın qısamüddətli müşahidə missiyası seçki günü Azərbaycana gələcək və respublikanın əksər bölgələrində səsvermənin gedişini izləyəcək.
Sonra müşahidə missiyasının rəhbəri və üzvləri jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.