500 seçki məntəqəsində veb-kameralar quraşdırılıb
"Seçkilərin keçirilməsi üçün bütün məntəqələr ən uyğun şəraitli binalarla təmin olunublar və bu proseslə bağlı dairələrdən hər hansı şikayətlər daxil olmayıb".
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M. Pənahov həmçinin bildirib ki, daşqınlar nəticəsində yararsız hala düşən bölgələrdə seçkilərin həyata keçirilməsi üçün də problem qalmayıb: "Bu məsələ ilə yerli qurumlar məşğul olublar və bəzi problemlər olub, lakin artıq problemlər aradan qaldırılıb".
Məntəqələrdə seçki prosesinin nəzarət edilməsi üçün veb-kameraların quraşdırılması məsələsinə də münasibət bildirən M. Pənahov deyib ki, ölkə üzrə məntəqələrin 10 faizində, yəni 500 məntəqədə veb-kameralar quraşdırılıb: "10 faiz məntəqələrdə seçkinin gedişini müşahidə etmək, insanda seçkilərlə bağlı təəssüratı formalaşdırır. Beynəlxalq qurumlara bu barədə məlumatlar çatdıranda onlar bu faktı ən müasir texnologiya kimi qiymətləndirirlər. Bu doğrudan da birincilik baxımdan uğurdur".