Azərbaycan özünün ictimai-siyasi həyatında önəmli ola biləcək dövrünü yaşayır. Ölkəmiz parlament seçkiləri ərəfəsindədir. Bildiyimiz kimi, 7 noyabr parlament seçkiləri günüdür. YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, quruculuq və abadlıq işləri, ölkənin dünya dövlətlərinə inteqrasiyası Azərbaycanın güclənməsinə, sivil dövlətlər sırasında yüksək imicə malik olmasına gətirib çıxarmışdır. Bu reallıqlar, dövlət başçısına olan inam hissi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Sədri olduğu Yeni Azərbaycan Partiyasına qarşı birmənalı münasibət formalaşdırmışdır. Bunun bariz nümunəsinə prezident və parlament seçkilərində şahid olmuşuq. Odur ki, həmişə olduğu kimi, yaxın günlərdə keçiriləcək parlament seçkilərində seçicilər seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Artıq parlament seçkilərinə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verildi. Namizədlər ərazilərdə öz seçiciləri ilə görüşlər keçirirlər.
Dünən YAP Nəsimi rayon təşkilatının 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş millət vəkilliyinə namizəd Qurbanov Zəfər Qəzənfər oğlunun "Sənayeavtomatika" İB-nin zalında seçicilərlə təşviqat-təbliğat kampaniyası çərçivəsində ilk görüşü keçirildi.
Görüşü giriş sözü ilə YAP-ın səlahiyyətli nümayəndəsi Azər Süleymanov açaraq, Azərbaycanın növbəti seçki mərhələsində olduğunu qeyd edərək, noyabrın 7-də keçiriləcək parlament seçkilərinin ölkənin ictimai-siyasi həyatında önəmli rolu olacağını bildirdi. O, qeyd etdi ki, millət vəkilliyinə namizədlərin iştirakı ilə keçirilən görüşdə seçicilər öz namizədləri ilə yaxından tanış olacaq və onların platformalarına bələd olacaqlar. Ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu qeyd edən A.Süleymanov seçicilərin bu günə qədər keçirilən seçkilərdəki fəallığını qeyd edərək, hər zaman olduğu kimi, növbəti parlament seçkilərində də hakim partiya olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə əmin olduğunu bildirdi:"Nəsimi rayonu ərazisində yaşayan seçicilər seçkilərin şəffaf və demokratik keçməsini nəzərə alaraq, parlament seçkilərində fəallıq göstərəcəklər. Ölkədə gedən sürətli inkişaf, əhalinin sosial rifahının yüksəlməsi, dövlət tərəfindən insanların qayğı ilə əhatə olunması məhz dövlətə olan inam hissini artırmışdır. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının son günlərdə əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı əmək haqlarının artırılması ilə bağlı bir-birinin ardınca imzaladığı sərəncamlar insanların həyat səviyyəsini yüksəlməsinə yönəlmiş diqqətdir. Ölkənin ab-havasının dəyişməsi, quruculuq işlərinin artması, yeni müəssisələrin istifadəyə verilməsi, əhalini yeni iş yerləri ilə təmin edilməsi dövlətin yürütdüyü siyasətdə önəmli şərtdir. Bu, İlham Əliyev cənablarının ölkədaxili siyasətinin nəticəsidir. Odur ki, Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir."
A.Süleymanov çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət etdiyini bildirərək, dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyi vurğulayıb, seçiciləri parlament seçkilərində fəal olmağa və seçimdə məntiqə söykənməyə səslədi və 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə namizədliyi irəli sürülən Z.Qurbanov haqqında seçicilərə qısa məlumat verdi.
Millət vəkilliyinə namizəd olan Z.Qurbanov ona göstərilən bu etimada görə, başda YAP Sədri, Prezident İlham Əliyev olmaqla hakim partiyaya minnətdarlığını ifadə etdi. O, qeyd etdi ki, Azərbaycan dövlətinin sosial inkişafı, iqtisadi tərəqqisi, beynəlxalq aləmə inteqrasiya siyasəti ölkəmizin inkişafı ilə nəticələnib. Belə ki, Azərbaycan müasir dövrümüzdə regionun lider ölkəsi olaraq qəbul olunub.
YAP Nəsimi rayon təşkilatının seçki qərargahının üzvü Şahin İsmayılov Azərbaycandakı inkişaf prosesindən, namizədlərə göstərilən etimaddan, eləcə də, seçicilərin parlament seçkilərində fəallıq göstərəcəklərindən danışdı.
21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş namizədlə görüş keçirildi
21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Verdiyeva Gülarə Eyvaz qızı ilə "Qarabağ" kinoteatrının zalında seçicilərlə ilk dəfə olaraq görüşü keçirildi. 160 nəfərə yaxın seçicinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə YAP-ın səlahiyyətli nümayəndəsi Azər Süleymanov açaraq, müstəqil dövlətimizin quruculuğunda fəal iştirak edən və hər zaman dövlət siyasətin dəstəkləyən insanların YAP tərəfindən namizədliyinin irəli sürüldüyünü qeyd etdi. 7 noyabr tarixində keçiriləcək seçkilərdə əhalinin fəal olaraq düzgün seçim edib namizədinə səs verməsinin əhəmiyyətini qeyd edən səlahiyyətli nümayəndə Azərbaycan xalqının prezident, parlament, bələdiyyə seçkilərində olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirdi. Artıq bu günə qədər qazanılan təcrübə seçicilərə siyasi təcrübə vermişdir. Buna istinadən seçicilərin YAP-ın namizədlərini dəstəkləyəcəkləri şübhəsizdir.
Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının seçki qərargahının üzvləri Sabir Əliyev və Ələddin Əliyev seçkilərdə seçiciləri fəallığını şahidi olduqlarını bildirərək, parlament seçkilərində də bir yumruq olaraq birləşəcəklərini söylədilər. Gülarə Verdiyeva seçiciləri qarşısında çıxış edərək, Azərbaycan qadınına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. O bildirdi ki, Azərbaycan qadını müasir həyatda dövlətin ictimai-siyasi həyatında yaxından və fəal iştirak edir. Azərbaycan qadını ictimai və siyasi vəzifələrin daşıyıcısıdır. Gülarə xanım ona göstərilən diqqətin, etimadın doğruldacağını seçiciləri qarşısında etiraf etdi. Dövlətin həyatında yaxından iştirak edəcəyinə söz verdi.
22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fidail Rəhimovla görüş keçirildi
Dünən 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Rəhimov Fidail Rəşad oğlu ilə "Bakı tikiş evi" ASC-nin həyətində görüş keçirildi. 400 nəfərə qədər seçicinin iştirakı ilə təşkil olunmuş görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi Azər Süleymanov Azərbaycanın qısa bir zaman məsafəsində qazandığı nailiyyətlərdən, əldə olunan uğurlardan danışaraq, həyata keçirilən layihələrin nəticəsi ətrafında fikirlərini bildirdi. Azərbaycanın dinamik inkişafını diqqətə çəkən natiq Milli Məclisin üzvlüyünə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş insanlara seçicilərin dəstək olmasını diqqətə çatdırdı. YAP Nəsimi rayon təşkilatının seçki qərargahının üzvləri Mürsəl Həmidov və Laçın Mustafayev çıxış edərək, parlament seçkilərində seçicilərin düzgün seçim edərək layiqli namizədlərə səs verəcəklərinə inamı olduğunu bildirdilər. Namizədliyi irəli sürülmüş F.Rəhimova seçicilərin dəstək olacaqlarını vurğulayıb, onları fəallıq nümayiş etdirməyə çağırdı. Namizədliyi irəli sürülmüş F.Rəhimov seçicilərin etimad göstərərək, ona səs verməyə çağırdı. Dövlətin ərazi bütövlüyünün qorunmasında, Azərbaycanın dünyaya inteqrasiyası prosesində fəallıq nümayiş etdirəcəyinə, seçicilərinə problemlərinin həllində yardımçı olacağını vəd edib, əməli fəaliyyətini daha geniş bir şəkildə davam etdirəcəyini bildirdi. O, bütün vədlərini həyata keçirəcəyinə seçiciləri qarşısında söz verdi.