PDF Oxu

Xəbərlər

  • 19

Yeni Azərbaycan Partiyası ilə qələbəyə doğru

Yeni Azərbaycan Partiyası ilə qələbəyə doğru

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qusarda da Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası müvəffəqiyyətlə davam edir. Bununla bağlı, oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı 51 saylı Qusar seçki dairəsindən YAP namizədi Azər Camal oğlu Badamovun təşviqatı ilə əlaqədar növbəti görüşləri keçirib.

Qusarın Sudur və Qənərçay kəndlərində keçirilən bu tədbirlərdə yerli sakinlər böyük fəallıq göstəriblər, Milli Məclis üzvlüyünə namizəd Azər Badamovu səmimiyyətlə, gülər üzlə qarşılayıblar. Bu baxımdan, namizədin ikinci təşviqat günü də kifayət qədər uğurlu, yaddaqalan olub. İki kənddə keçirilən bu görüşlərə ümumilikdə 600-dən çox seçici qatılıb. Görüşdə Milli Məclis üzvlüyünə namizədin vəkilləri və seçki qərargahının nümayəndələri iştirak ediblər.
Sudur kəndində keçirilən tədbiri giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov açıb. O, seçicilərə deputatlığa namizəd Azər Badamovun fəaliyyəti haqda ətraflı məlumat verib. Yerli sakinlərin Yeni Azərbaycan Partiyasından Milli Məclis üzvlüyünə namizəd olan A.Bayramovu yaxşı tanıdığını xatırladan D.İbrahimxəlilov onun qusarlıların etimadını qazanacağına əmin olduğunu bildirib. YAP Qusar rayon təşkilatının sədri vurğulayıb ki, 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası ilk gündən çox uğurlu başlayıb və uğurla da davam edir. D.İbrahimxəlilov millət vəkili seçiləcəyi təqdirdə, A.Badamovun göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu bildirib.
YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov xüsusi olaraq, qeyd edib ki, bu seçkidə Yeni Azərbaycan Partiyasının amalı "güclü dövlət, yüksək" rifahdır: "7 noyabr 2010-cu il parlament seçkilərində partiyamızın əsas hədəfi, başlıca şüarıdır. Yeni Azərbaycan Partiyasının namizədləri də bununla bağlı üzərlərinə düşən məsuliyyəti hiss edir, azad və demokratik seçki kampaniyasında layiqli qələbə qazanmağa çalışırlar". D.İbrahimxəlilov təbliğat-təşviqat kampaniyasına yüksək səviyyədə hazırlaşdığını bildirib: "Yeni Azərbaycan Partiyasının növbəti dəfə seçkilərdə böyük, inamlı qələbə qazanacağına əminik. Siz seçicilərin rəğbəti, etimadı məhz belə söyləməyə əsas verir". Milli Məclis üzvlüyünə namizəd Azər Badamov görüşdə çıxış edərək, millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə ətraflı məlumat verib. A.Badamov vurğulayıb ki, seçicilərin etimadına böyük ümid bəsləyir və millət vəkili seçiləcəyi təqdirdə, bu etimadı axıradək doğrultmağa çalışacaq. Hər iki kənddə keçirilən görüşlərdə çıxış edən namizədin vəkili Mehrəli Məmmədəliyev A.Badamovun layiqli namizəd olduğunu söyləyib, seçiciləri A.Badamova səs verməyə çağırıb. Kənd sakinləri onları maraqlandıran suallarla Milli Məclis üzvlüyünə namizədə müraciət ediblər.

Digər xəbərlər