BDU-da İslam Kərimovun "Yüksək mənəviyyat-yenilməz güc" kitabının təqdimat mərasimi keçirilib
Bakı Dövlət Universitetində (BDU) Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycan dilinə tərcümə olunmuş "Yüksək mənəviyyat-yenilməz güc" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, MDB ölkələrinin Azərbaycandakı səfirləri, o cümlədən millət vəkilləri, dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov Azərbaycanla Özbəkistan arasında tarixi əlaqələrin, münasibətlərin olduğunu deyib. O bildirib ki, müasir dövrdə bu münasibətlərin əsası ümummilli lider Heydər Əliyev və Özbəkistanın prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu əlaqələrin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən A.Məhərrəmov iki ölkə arasında münasibətlərin daha da möhkəmləndiyi və inkişaf etdiyini vurğulayıb.
"Azərbaycanla Özbəkistan arasında milli, mənəvi, dini məsələlərdə uyğunluq çoxdur. Hər birimiz çalışırıq ki, milli-mənəvi dəyərlərimizi qorumaqla müasir cəmiyyətə inteqrasiya edək. Qeyd etməliyəm ki, İslam Kərimovun "Yüksək mənəviyyat-yenilməz güc" kitabının Bakı Dövlət Universitetində təqdimatının keçirilməsinin universitet üçün xüsusi önəmi var. Belə ki, universitetlər tarixən dövlətin, dövlətçiliyin barometri, milli idealogiyaların yaranmasında əsas dayaq nöqtəsi olub. Hazırda iki ölkə arasında əlaqələrin gücləndirilməsi və inkişaf dinamikası hamımızı sevindirir. İnanarırıq ki, bundan sonra da iki dost, qardaş ölkə arasındakı əlaqələr uğurla davam etdiriləcək", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşov İslam Kərimovun kitabının Azərbaycan dilinə tərcümə olunması və onun Bakı Dövlət Universitetinində təqdimatının keçirilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, bu təqdimat iki ölkə arasındakı əməkdaşlığın genişlənməsinin, inkişaf etməsinin bariz nümunəsidir. Onun sözlərinə görə, kitabın Azərbaycan dilinə tərcümə olunması bunun canlı şahididir: "Bu kitabın təqdimatının mühüm hadisə ərəfəsində reallaşmasının xüsusi əhəmiyyəti var. Belə ki, sentyabrın sonlarında Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfər edəcək. Bu səfər ölkələr arasındakı gələcək inkişafa, əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək".
Tədbirin davamında Hacı Allahşükür Paşazadə, millət vəkili Eldar İbrahimov və başqaları kitab haqqında öz fikirlərini bildiriblər.