Əli Əhmədov: "Müxalifət yanlış təsəvvür yaradır"
Azərbaycanın hakim partiyası müxalifəti namizədlərin təşviqatı məsələsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında yanlış təsəvvür yaratmaqda suçlayır. "Müxalifətin hərəkətləri ya Azərbaycanın Seçki Məcəlləsinin tələblərinin yaxşı, dərindən mənimsənilməməsi ilə əlaqədardır, ya da sadəcə olaraq onlar beynəlxalq təşkilatlar qarşısında guya Azərbaycan hökuməti tərəfindən seçki kampaniyasının, xüsusilə də namizədlərin təşviqatının işıqlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülmədiyi kimi yalnış təsəvvürün yaradılması ilə bağlıdır. Düşünürəm ki, beynəlxalq təşkilatlar reallığın, həqiqətin nədən ibarət olduğunu bilirlər". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcra katibi Əli Əhmədov bildirib. YAP funksioneri bildirib ki, Azərbaycanda seçki kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır: "Azərbaycanın Seçki Məcəlləsində televiziya vasitəsilə seçki kampaniyasına, xüsusilə də namizədlərin və seçkilərdə iştirak edən siyasi partiyalarının seçki kampaniyasının işıqlandırılması İctimai televiziyaya həvalə edilib".
Əli Əhmədovun sözlərinə görə, Seçki Məcəlləsinin tələbləri beynəlxalq təşkilatların tövsiyələri əsasında formalaşıb: "Bir neçə il bundan əvvəl beynəlxalq təşkilatlarla aparılan müzakirələr nəticəsində beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən təklif əsasında məhz İctimai televiziyanın seçki kampaniyasının təşviqat hissəsinin aparılmasına təhkim edilməsi məsləhət bilinib. Seçki Məcəlləsində beynəlxalq təşkilatların bu tövsiyəsi nəzərə alınıb. Qanunda İTV-dən savayı dövlət televiziyasının seçki kampaniyasında iştirakı bir növ qadağan edilib".