"Parlament seçkilərində ciddi uğur qazanacağımıza əminik"
Dünən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında parlament seçkilərinə hazırlıqla bağlı toplantı keçirilib. Rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov YAP-ın parlament seçkilərinə ciddi şəkildə hazırlaşdığını bildirib.
Seçkiyə hazırlıqla bağlı YAP-ın yerli strukturlarının üzərinə böyük vəzifələr düşdüyünü bildirən partiyanın Siyasi Şurasının üzvü onu da qeyd edib ki, YAP-ın seçkilərlə bağlı geniş və əhatəli təcrübəsinin olduğunu bildirdi. O həmçinin, partiyanın qarşıdan gələn parlament seçkilərində də ciddi uğur qazanılacağına əminlik ifadə edib: "Ulu öndər Heydər Əliyevin yaratdığı partiya Azərbaycan xalqının ümid yerinə çevrilib və onun etimadını doğruldub. Bu səbəbdən də insanların, xüsusilə də gənclərin partiyaya axını kütləvi xarakter alıb. İndiki şəraitdə partiyanın fəaliyyətində gənclərin də özünəməxsus rolu var".
A.Hüseynov YAP üzvlərinin 40 fazini təşkil edən gənclərin Heydər Əliyev siyasətinin davamçıları olduğunu bildirib: "Bu siyasəti xüsusi fəallıqla dəstəkləyən Azərbaycan gəncliyi üzərinə düşən məsuliyyəti qürurla dərk edərək, doğma Vətənimizin daha da qüdrətlənməsi üçün yaradılmış imkan və şəraitdən faydalanaraq ölkəsinin layiqli vətəndaşı olacaqdır". A.Hüseynov çıxışında onu da qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti dövlət başçısının gəncliyə verdiyi yüksək dəyərdir: "Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin həmişəyaşar və müasir olduğunu təsdiq etməklə yanaşı, ölkə gənclərinin Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevə olan inamını və rəğbətini daha da gücləndirib".
Toplantıda daha sonra YAP-ın Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsinin iş planı təsdiq olunub, eyni zamanda partiya sıralarına yeni üzvlər qəbul edilib.