"Builki seçkilərdə KİV-lərin iştirakını məhdudlaşdıran heç bir administrativ resursdan istifadə edilməyəcək"
Azərbaycan hökuməti adından bəyan edirəm ki, builki seçkilərdə KİV-in iştirakını məhdudlaşdıran heç bir administrativ resursdan, qərardan istifadə edilməyəcək. Bunu ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə "Seçkilərin mediada əks etdirilməsi" mövzusunda keçirilən dəyirmi masadakı çıxışında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, Seçki Məcəlləsinə müvafiq olaraq KİV-in seçkilərdə iştirakı tam təmin olunacaq. Onun sözlərinə görə, namizədlərin Kütləvi İnformasiya Vasitələrinə çıxışı ilə bağlı qanunda, Mərkəzi Seçki Komissiyasının təlimatlarında göstərilmiş bütün müddəalara lazımi səviyyədə əməl olunacaq. "Burada dövlət olaraq özəl televiziya və ya özəl mətbuatın adına öhdəlik götürə bilmərik ki, onların səhifələrin nə necə gedəcək. Lakin özəl televiziya və ya mətbuatın da seçkilərdə iştirakı üçün heç bir məhdudlaşdırıcı tədbir həyata keçirməyəcəyik. İctimai Televiziyada bütün namizədlərin azad seçki təbliğatı aparması üçün bərabər şərait yaradılacaq. Digər televiziyalar da seçki təşviqatının aparılmasına, o cümlədən Dövlət Televiziyasında bütövlükdə Azərbaycan cəmiyyətində seçki mühitinin formalaşması məqsədilə seçki təşviqatının aparılmasına lazımi dəstək veriləcək. Biz maraqlıyıq ki, seçki mühiti tam aşkar, demokratik, ədalətli keçirilsin və Azərbaycan seçicisi, cəmiyyəti kimin qanunverici hakimiyyətdə onu təmsil etməsini istəyirsə, kimə səs verirsə, prosesin şəffaflığını təimn edir", - deyə o əlavə edib.
Ə.Həsənov qeyd edib ki, KİV təkcə seçki təbliğatının həyata keçirən qurum deyil, o eyni zamanda seçki mühitinin aşkarlığını təmin edən qurumdur. Onun fikrincə, KİV yeganə institutdur ki, onun seçkiləri müşahidə etməsi, seçkilərlər bağlı bu və ya digər materiallar dərc etməsi, seçki prosesini işıqlandırması üçün heç bir yerdə qeydiyyatdan keçməyə ehtiyacı yoxdur. Şöbə müdiri vurğulayıb ki, KİV həm sərbəst şəkildə müşahidə missiyasını həyata keçirə bilər, seçkilərdə namizədlərarası yarışı təşkil edə bilər, həm də Azərbaycanda keçirilən seçkilərin imicini formalaşdıra bilər.