Parlament seçkilərinin vaxtı daraldıqca, müxalifətin də, radikalların da ümidləri azalır. "Boğulan saman çöpündən yapışdığı" kimi, radikal müxalifət də "birləşməyi" ən real variant sayır. Bu baxımdan da, AXCP (i)-Müsavat "birliyinin" nə dərəcədə real olması istər düşərgədə, istərsə də digər siyasi partiyalar tərəfindən qəbul edilmir və bu "birliyin" baş tutmayacağını söyləyirlər. Qeyd edək ki, "birləşmə" təklifi AXC-nin 21-ci ildönümü ilə bağlı keçirilən tədbir zamanı Müsavat partiyasının sədri İsa Qəmbərov tərəfindən irəli sürülmüşdü.
BQP sədri, millət vəkili Fazil Mustafa "Səs" qəzetinə verdiyi açıqlamasında məsələyə münasibət bildirərkən söylədi ki, bu iki partiya liderləri getdikləri yolun və gördükləri işin nədən ibarət olduğunu bilmirlər. Mən bir partiya lideri olaraq hakimiyyətlə münasibətimi açıq ortaya qoyuram. Hakimiyyətlə savaş içində deyilik. Amma fikir verin. Bir partiya guya hakimiyyəti söyür, onunla savaş içindədir, amma onun mətbuat orqanı yardımları götürür. Sonra deyirlər ki, bu bir şəxsin pulu deyil və dövlət büdcəsinə vergi ödəyirik. Digər cinahdakı müxalifətçilər isə bildirirlər ki, Azərbaycanda dövlət və dövlət büdcəsi yoxdur, hamısı ayrı-ayrı şəxslərin pullarıdır. Bunu yazmaq hara, pulu sevincək götürüb bölüşmək hara?! Bu, qeyri-əxlaqi bir davranışdır, ona görə də biz qeyri-əxlaqi bir həyat tərzi və dünyagörüşü başqa olan qüvvələrlə bir yerdə olmuruq. Cəmiyyətin rasional düşünən, Azərbaycanın gələcəyinə daha məsuliyyətlə yanaşan müxalifətçiliyə bizim yanaşmamız açıqdır. Hesab edirəm ki, burda daha çox məsuliyyətli müxalifətin birləşməsindən söhbət getməlidir. Üzdə hakimiyyəti söyüb, arxada hakimiyyətin göndərdiyi pulu öz doğma atasının pulu kimi xərcləyən müxalifətçilikdən biz uzağıq. Əgər prinsip adamıdırlarsa, burda da prinsip göstərsinlər. Demək sizin prinsipiniz yoxdur, hamısı pul davasıdır. Ona görə də dürüst, öz mövqeyini açıq ortaya qoyub və Azərbaycan üçün çalışan insanların ləkələnməsi, yaxud onlara hörmətsiz yanaşmalar yolverilməzdir. Bunların seçkilərdə dəstək qazanacağına da inanmıram.
Qaldı ki, AXCP (i)-lə Müsavatın seçkilərə blokla qatılmaq niyyətinə, bu, mümkünsüzdür. AXCP (i) kimi satqın və Azərbaycana qarşı hər cür mənfi imic formalaşdırmaqla mənəvi dəyərləri aşınmış bir "komanda" ilə Müsavatın birləşməsi mümkünsüzdür. Əslində, bu, qətiyyən cəmiyyətin sifarişi deyil, daha nüfuzsuz müxalifət obrazının təqdimatıdır. Bu baxımdan, məncə, seçkidə hər hansı şəkildə uğur qazanmaq mümkün deyil. Bugünkü AXCP adı ilə cəmiyyətə müəyyən mənada dəyişiklik təklif edən qüvvə ancaq qarışıqlıq və həqiqətən də, sonu bilinməyən bir yol vəd edir. Bu qüvvəni cəmiyyətin dəstəkləməyəcəyinə əminəm. Bir də, AXCP (i) ilə Müsavat birləşəndə nə olacaq ki? Axı AXCP (i) elə gücə malik deyil. Vaxtilə Elçibəyin dövründə böyük güc idi. Bu partiyadan çoxsaylı insanlar ayrıldılar. Dürüst, ləyaqətli insanlar orda qalmadı. AXCP (i)-dən ayrılanlar yeni partiyalar da birləşdilər, AXCP (i)-də isə ancaq o dövrdə Elçibəyə qarşı ləyaqətsizlik edənlərin müəyyən bir qismi qaldı. Digər partiyalardan da qovulmuş şəxslər də Ə.Kərimovun "Yurd"una toplandılar, guya demokratiya uğrunda mübarizə aparırlar. Amma qətiyyən onların ayrı-ayrılıqda demokratiyaya aidiyyətləri yoxdur. Bir qəzetə ayrılan vəsaiti özləri mənimsəyib, digər partiya üzvlərini aldadaraq müəyyən məsələlərə onların hisslərini, duyğularını yönləndirməklə məşğul olaraq, əslində, on illərlə küçələrdə süründürməklə siyasət aparmaq olmaz. Siyasət daha real, daha konkret nəticəyə bağlı olmalıdır. Onlar uzun illər müxalifətdə bu formada qalmağı düşünürlərsə, həqiqətən də, ancaq öz tərəfdarlarına və cəmiyyətə ziyan vuracaqlar. Əslində, kənara çəkilməlidirlər və yeni anlayışda olan qüvvələrin önə çıxmasına şərait yaratmalıdırlar ki, heç olmasa, Azərbaycanda müsbət istiqamətdə demokratik dəyişikliklər baş versin.
15 nəfərlə mitinq keçirməklə "div" olmaq mümkün deyil
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Müsavat Partiyası ilə AXCP (i)-nin birləşməsi ideyasının xaricdən verilmiş sifariş olduğunu söyləyib. Onun sözlərinə görə, bu vaxta qədər həmin partiyalar arasında dəfələrlə birlik yaradılıb və hər dəfə bu proses iflasa uğrayıb: "Sözün açığı, mən AXCP (i) ilə Müsavatın birləşməsindən hər hansı bir perspektiv gözləmirəm. Sadəcə, bu prosesdə cəmiyyət Əli Kərimovun kimliyini bir daha gördü. Bu prosesdə önəmli olan yeganə məqam budur. Bu gün onun müavinləri Əli Əliyevi, Lalə Hacıyevanı, onların rəhbərlik etdikləri qurumları "cırtdan" adlandırırlar. Əgər onlar "cırtdan"dırlarsa, Əli Kərimov nəyə görə 5 il onlarla bir yerdə idi? Özünü "div" sayırsa, bu "divliy"ini nədə görür? 15 nəfərlə mitinq keçirməklə "div" olmaq mümkün deyil. Bu gün Əli Kərimov, İsa Qəmbərov və onların "cırtdan" dedikləri, xarici kəşfiyyata işləməkdə ittiham etdikləri qurumlarla birlikdə bir neçə birlik yaradıblar. Mən hesab edirəm ki, sadəcə, burada siyasi əxlaq və mədəniyyət məsələsi var. O zaman İsa Qəmbərovu "Azadlıq" blokundan qovdular ki, sözlərini tutmadı. Müsavatın üzvü kimi deputat seçilənləri partiyadan xaric etmədi. Yəni 4 nəfərin partiyadan çıxmasının qarşısını almaq üçün onların parlamentə getməsinə razılıq verdi. Lalə Hacıyeva isə imzasına hörmət etdi. İndi nə dəyişdi ki, həmin dövrdə Ə.Kərimov onu müdafiə edən adamları "cırtdan" adı ilə kənarda qoyub, blokdan uzaqlaşdırdığı Müsavatla yaxınlaşır? Amma bu iki partiyanın blok yaradacağı da şübhə altındadır".
BAXCP sədri onu da vurğuladı ki, Azərbaycan siyasətində Ə.Kərimov ilə İ.Qəmbərov qədər bir-birinə etimad göstərməyən, potoloji nifrət edən adam tanımır. Onların ikisi də mənfi qüvvə olduğuna görə bir-birini itələyir: "İndi Ə.Kərimov də tələb edir ki, İ.Qəmbərov əməkdaşlıq etdiyi "KXCP"-ni kənara itələsin. Yəni bu mərhələdə İ.Qəmbərov istəyinə nail olub. Amma istənilən halda onlar cəmiyyətdə dayaqlarını itirib və bu addımlarla nəyəsə nail olmaq imkanında deyillər. Onların yaradacağı blokdan, yəqin ki, 1-2 nəfər mandat qazana bilər. Çox güman ki, bu da Müsavat partiyasından olacaq. Bundan artıq nəticə əldə edəcəklərini gözləmirəm".