Respublikamızın hər yerində bu ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı işlər aparılır. Ölkədə keçirilən əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının fəallıq nümayiş etdirəcəyinə böyük inam var. Bunu rayon təşkilatlarında görülən işlər də sübut edir.
İsa Məmmədov: "YAP bu seçkilərdə də qalib çıxacaq"
YAP Naxçıvan Muxtar Respublikası Babək rayon təşkilatının sədri İsa Məmmədov "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkəmizi böhrandan, vətəndaş müharibəsindən xilas etdi, müstəqilliyimizin möhkəmləndirilməsinə, əbədi və sarsılmazlığına zəmin yaratdı. Məhz həmin tarixi gündən ölkəmizdə demokratik seçki mühitinin bünövrəsi qoyuldu. Ötən prezident seçkilərində cənab İlham Əliyev andiçmə mərasimində bəyan etmişdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir. Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm."
İ.Məmmədov onu da bildirdi ki, ölkədə bu günə qədər keçirilmiş bütün seçkilər vətəndaş iradəsini ifadə etməsi ilə bağlıdır. YAP Babək rayon təşkilatının sədri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dəyərlərin günü-gündən daha da inkişaf etdirildiyini də qeyd etdi: "Ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu milli strategiya bu gün Prezident İlham Əliyevin böyük səyi və bacarığı nəticəsində daha geniş aspektdə öz anlamını tapmaqdadır. Demokratik dəyərlərin tərənnümü də ulu öndərin başlıca məramlarından biri olmuşdur. Elə bu məqsədlə də Azərbaycana sivil dəyərlərin gətirilməsi və inkişaf mərhələsi başlanmışdır. Bu gün isə bu istiqamətdə əldə olunan nəticələr və qarşıya qoyulan vəzifələr daha məqsədli formada yerinə yetirilir".
YAP Babək rayon təşkilatının sədri 1993-cü ildən bu günə kimi Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası tərəfindən də vətəndaş iradəsinin tərənnümünə geniş yer verildiyini bildirdi: "Elə bu məqsədlə də YAP-ın rayon təşkilatlarında müəyyən işlər görülür və görülməkdədir. 38 min 530 seçici 3 saylı Babək-Kəngərli-Naxçıvan şəhər, 5saylı Şahbuz-Babək və 6 saylı Culfa-Babək DSK-nin 47 seçki məntəqələrində seçkilərdə iştirak edəcəkdir. İnanırıq ki, qarşıdakı seçkilər də, əvvəlki seçkilər kimi, xalqın yüksək fəallığı ilə keçiriləcək və ölkəmizdə formalaşmış olan seçki ənənələri, seçki mədəniyyəti bu prosesin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq".
Əlizamin Məmmədov: "Dövlətimizin artan imkanları öz təsdiqini demokratik prinsiplərin üzərində tapır"
YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin sədri Əlizamin Məmmədov söhbət əsnasında ölkədə keçirilən seçki proseslərinə diqqət yönəldərək, parlament seçkilərinin də demokratik, şəffaf, seçicilərin yüksək fəallığı şəraitində keçiriləcəyinə əminliyini bildirdi: "Azərbaycan beynəlxalq aləmdə demokratik ölkə kimi mövqeyini möhkəmləndirməkdədir. Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi seçkilərin azad, ədalətli keçirilməsi yönümündə atılan addımlar ölkədə keçirilən seçkilərdə bir daha özünü təsdiqləyib".
YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin sədri parlament seçkilərinə hazırlıq işlərinin yüksək səviyyədə qurulduğunu söylədi. Ə.Məmmədov bildirdi ki, rayon təşkilatı parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır. Artıq namizədlərin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Parlament seçkiləri ilə bağlı rayon təşkilatında qarargahın yaradıldığını və qərargah üzvlərinin müəyyənləşdirildiyini vurğulayan Ə.Məmmədov bu seçkidə qadınlara və gənclərə daha çox yer veriləcəyini də bildirdi: "Məqsəd ölkə əhalisinin 51 faizini təşkil edən qadınların parlament seçkilərində fəallığının artırılması, onların qərar qəbuletmə proseslərinə cəlb olunmasıdır. Çünki bütün seçicilər kimi, gənclərimiz, qadınlarımız ölkənin siyasi həyatında mühüm rol oynayırlar. Ona görə də, növbəti seçkilərdə qadınlarımız və gənclərimiz fəallıqlarını daha da artırmalıdırlar. İnanırıq ki, təşkil edilən tədbirlərin hər biri bu istiqamətdə uğurlu işə kömək olacaq".
Ə.Məmmədov, həmçinin, gənclərə dövlət qayğısının olmasından danışaraq, bildirdi ki, ulu öndərimiz Heydər Əliyev 29 iyul 1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" fərmanı Azərbaycan gəncliyinin gələcək taleyinə dövlətimizin qayğısı xeyli artırıldı. 1994-cü il iyul ayının 26-da Milli Məclisin Gənclər və İdman Nazirliyi yaradılması haqqında qərarı ümummilli lider Heydər Əliyev tərəfindən xüsusi fərmanla təsdiqləndi. Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin gəncliyə göstərdiyi nümunə, ölkədə idmanın inkişafına qayğısı gəncliyimizin yeni nəslinin formalaşmasına zəmin yaratdı. Müxtəlif illərdə keçirilən gənclik forumları ölkədə fevralın 2-nin "Gənclər Günü" elan olunması müasir gəncliyimiz üçün stimul rolunu oynadı. Artıq ictimai həyatın bütün sahələrində gənclərə inam göstərilir, onlar irəli çəkilir və daha fəal mövqe tutmaları üçün şərait yaradılır.
YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin sədri Ə.Məmmədov onu da vurğuladı ki, əvvəlki seçkilərdə olduğu kimi, bu ilin sonunda keçiriləcək parlament seçkilərində də gənclərimiz özlərini sınayacaq və fəallıqları ilə fərqlənəcəklər.
Meydanəli Yolçuyev: "Mövcud inkişaf parametrləri ölkəmizin demokratik dəyərlərə üstünlük verdiyini göstərir"
"Seçki məsələsinin həssaslıq və prinsipiallığını nəzərə alan dövlətimiz bu istiqamətdə zəruri olan məqamları yerinə yetirir" fikrini söyləyən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev 1993-cü ildən bu günə kimi Azərbaycanın ictimai-siyasi həyatında aprıcı rol oynayan Yeni Azərbaycan Partiyası tərəfindən də vətəndaş iradəsinin tərnnümünə geniş yer verildiyini söylədi. Cari ilin noyabrında keçirilən parlament seçkilərinə hazırlıq işlərində Yeni Azərbaycan Partiyasının əvvəlki seçkilərdə əldə edilən qələbələrin bu seçkilərdə də uğur qazanacağını vurğuladı: "İnanırıq ki, ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti bu prosesin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq. Elə bu məqsədlə də YAP-ın rayon təşkilatlarında, o cümlədən, Daşkəsən rayon təşkilatında ciddi hazırlıq işləri göürülür".
M.Yolçuyev ölkə vətəndaşlarının istək və arzularının yeganə tərənnümü olan seçkilərin tam demokratik keçirilməsi istiqamətində dövlətimiz tərəfindən də uğurlu addımların atıldığını vurğuladı. Deyilənlərin bariz nümunəsi olan ölkədə keçirilmiş seçkilərin vətəndaş iradəsini ifadə etməsi ilə bağlı olduğunu qeyd edən YAP Daşkəsən rayon təşkilatının sədri əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dəyərlərin günü-gündən daha da inkişaf etdirildiyini bildirdi. Təşkilat sədri onu da vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi milli strategiya bu gün Prezident İlham Əliyevin böyük səyi və bacarığı nəticəsində daha geniş aspektdə öz anlamını tapmaqdadır. Demokratik dəyərlərin tərənnümü də ulu öndərin başlıca məramlarından biridir. Bu məqsədlə də Azərbaycana sivil dəyərlərin gətirilməsi və inkişaf mərhələsi başlamışdır. Ölkəmizdə keçirilən bütün seçkilərdə YAP yüksək nəticələrə nail olub. Qarşıdan gələn parlament seçkilərində də ciddi nəticələrin əldə edilməsi istiqamətində vacib addımlar atan Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatı geniş şəkildə tədbirlər keçirərək təkliflər irəli sürürlər: "Seçki siyahılarının dəqiqləşidirilməsi məsələsinə daha çox diqqət yetirilir. Ümumiyyətlə, növbəti parlament seçkilərinin rayonumuzda yüksək səviyyədə keçirilməsi üçün ən zəruri və xırda detallara əməl edilir. Seçkilərə hazırlıqların yüksək səviyyədə keçməsi, onu deməyə əsas verir ki, qarşıdakı parlament seçkiləri də tam demokratik və şəffaf formada keçiriləcək".
M.Yolçuyev YAP Mərkəzi Aparatının tövsiyələrinə uyğun olaraq Daşkəsən rayon təşkilatı hazırlıq işləri aparır: "Bütün bunlar, onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası bu seçkini qələbə ilə başa vuracaq".
Mətləb Əhmədov: "Demokratik dəyərlər ölkəmizdə daha geniş anlamda təsbit edilir"
YAP Beyləqan rayon təşkilatının gənclər birliyinin sədri Mətləb Əhmədov "Demokratik dəyərlərlə idarə edilməsi dövlətimizin dünya miqyasında layiqli formada təmsil edilməsi üçün ən prinsipial vəzifələr yerinə yetirilir. Seçki məsələsi də bu istiqamətdə ən ümdə vəzifələrdən biri kimi xarakterizə olunur" fikrini bildirdi. M.Əhmədov ölkəmizdə bu günə qədər keçirilmiş bütün seçki proseslərində seçicilərimizin tam sərbəst olaraq səs verdiklərini vurğuladı: "Elə bunun nəticəsidir ki, ölkəmizdə olan beynəlxalq müşahidəçilər istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərinin ədalətli, şəffaf və demokratik keçirildiyini bildiriblər. Çünki cəmiyyətin formalaşmasında və inkişafında seçki prosesi çox önəmlidir və ona görə də, dövlətimiz tərəfindən mühüm addımlar atılır. Cəmiyyətimiz inkişaf etdikcə, istənilən məsələnin həlli artıq mümkün görünür. Milli strategiyamızın müəyyənləşməsi və dövlətçiliyimizin möhkəm təməllər üzərində bərqərar olunması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır . Bu gün ulu öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev müəyyənləşmiş olan inkişaf konsepsiyasını daha da irəliyə aparmaqla dövlətimizin sivil dəyərlərə töhfəsi üçün əlindən gələni əsirgəmir".
M.Əhmədov cari ilin noyabr ayında keçiriləcək parlament seçkilərində bütün beyləqanlılar, o cümlədən, təşkilatın üzvləri istər prezident seçkilərində, istər referendumda, istər bələdiyyə seçkilərində olduğu kimi, qarşıdakı parlament seçkilərində də yüksək fəallıq göstərəcəklər.
Dövlətin gənclərə göstərdiyi qayğıdan danışan M.Əhmədov onu da bildirdi ki, 2008-ci ilin "Gənclər ili" elan olunması Azərbaycan gənclərinin yeni zəfər dövrü oldu: "Son illər Azərbaycan gənclərinin ictimai-siyasi həyatımızdakı rolu artmaqdadır. İndi ölkə iqtisadiyyatının, siyasətinin, mənəvi həyatımızın elə sahəsi yoxdur ki, orada gənclər mühüm mövqe tutmamış olsun. Gənclərimiz, doğrudan-doğruya, fəal həyat mövqeyi tutmaqla cəmiyyəti irəliyə doğru aparan hərəkətverici qüvvəyə çevrilmişdir. Bütün bunlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinin düzgün istiqamətləndirilməsi ilə bilavasitə bağlıdır. Bu baxımdan da, cari ilin noyabrında keçiriləcək parlament seçkilərində gənclərimizin özlərini sınaması çox düzgün addımdır. İnanıram ki, bütün sahələrdə qələbə qazanan gənclərimiz bu sınaqdan da müvəffəqiyyətlə çıxacaqlar".