PDF Oxu

Xəbərlər

  • 9

YAP-ın uğurlarının arxasında xalqın inamı və dəstəyi dayanır

YAP-ın uğurlarının arxasında xalqın inamı və dəstəyi dayanır

2010-cu ilin noyabrında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Artıq iqtidarda olan Yeni Azərbaycan Partiyası seçkiyə hazırlıqla bağlı mühüm işlər görür. Belə ki, partiyanın şəhər və rayon təşkilatlarının "Səs" qəzetinə verilən açıqlamalarda da bildirilir ki, artıq seçkilərəqədərki proseslər uğurla aparılır.

Akif Uluxanov: "İctimaiyyət xalqın rəğbətini qazanmış Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək"
YAP Balakən rayon təşkilatının sədri Akif Uluxanov cari ilin noyabrında keçiriləcək növbəti parlament seçkilərinə hazırlıq işləri ilə bağlı məlumat verdi. A.Uluxanov ölkədə keçirilən bütün seçkilərdə partiyanın rayon təşkilatı üzvlərinin yüksək fəallıq göstərdiyini və qarşıdakı parlament seçkilərinə ciddi hazırlıq işlərinin görüldüyünü və keçirilən seçkidə fəal olacaqlarına əminliyini bildirdi: "2010-cu ilin noyabrında ölkəmizin həyatında növbəti seçki prosesi yaxınlaşır. Bu seçkilərdə qalib partiya kimi çıxmaq üçün Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatında ciddi hazırlıq işləri davam etdirilir. YAP Mərkəzi Aparatının tədbirlər planına uyğun olaraq rayon təşkilatında da fəaliyyət planı tərtib edilmiş və idarə heyətinin iclasında parlament seçkilərinin keçirilməsi üçün qərargah yaradılıb. 15 nəfərdən ibarət qərargah üzvləri təbliğati işlərini aparılması sahəsində görəcəkləri işləri planlaşdırırlar".
A.Uluxanov bu siyasi tədbirlər ərəfəsində partiya üzvlərinin sayının artdığını da diqqətə çatdırdı. Onun sözlərinə görə, son aylar partiyaya axın getdikcə artmaqdadır. 60 nəfərdən çox gənc partiya sıralarına qəbul olunub: "3200 nəfərdən çox üzvü olan YAP Balakən rayon təşkilatı sıralarında 1700 nəfərə yaxını qadını, 1500 nəfərdən çox gənci birləşdirir. Partiyanın rayon təşkilatında qadınlar şurası, gənclər birliyi fəaliyyət göstərir".
A.Uluxanov onu da vurğuladı ki, Balakən rayonunda olan seçicilərin 37341 nəfəri 109 saylı Balakən seçki dairəsində, 13000 seçici isə 111 saylı Zaqatala-Balakən dairələrində qarşıdakı parlament seçkilərində səsvermədə iştirak edəcək. 109 saylı Balakən seçki dairəsində 33 seçki məntəqəsi, 111 saylı Zaqatala-Balakən seçki dairəsində Balakən rayonu üzrə 12 seçki məntəqəsi fəaliyyət göstərəcəkdir.

Ruqiyyə Seyidova: "Qadınlarımızın ölkənin ictimai-siyasi həyatında rolu böyükdür"
YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı rolunun olduqca böyük olduğunu deyən Balakən rayon təşkilatının qadınlar şurasının sədri Ruqiyyə Seyidova bildirdi ki, bu baxımdan da xalq artıq özünün istək və arzularının bu güclü təşkilat tərəfindən tərənnümünə arxalanır. R.Seyidova dövlətimizin demokratik dəyərlərlə idarə edilməsi və dünya miqyasında layiqli formada təmsil olunması üçün ən prinspial vəzifələrin yerinə yetirildiyini vurğuladı. Bu baxımdan da, ölkəmizdə bu günə qədər keçirilmiş bütün seçki proseslərində vətəndaşların istək və arzularının geniş şəkildə tərünnüm olunduğunu dilə gətirən R.Seyidova cəmyyətin formalaşmasında və inkişafında seçki prosesinin çox önəmli olduğunu bildirdi: "Cəmiyyətimiz inkişaf etdikcə, istənilən məsələnin həlli artıq mümkün görünür".
R.Seyidova rayon ərazisində mövcud olan bütün dairə və məntəqə seçki komssiyalarında qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı mühüm işlərin görüldüyünü bildirdi.

Natiq İbadov: "Bu seçkilərdə YAP-ın qələbəsi labüddür"
YAP Astara rayon təşkilatının sədri Natiq İbadov "Səs" qəzetinə açıqlamasında seçki prosesinin məsuliyyətli və çətin bir proses olduğunu bildirərək, Yeni Azərbaycan Partiyasının bu çətin kampaniyadan da uğurla keçəcəyini söylədi: "Bu gün Yeni Azərbaycan Partiyası dörd prezident, üç parlament, üç bələdiyyə seçkisi və iki referendumda iştirak etmiş böyük siyasi qüvvə kimi dərin təcrübəyə, mükəmməl seçki texnologiyasına malikdir. Lakin buna baxmayaraq, Yeni Azərbaycan Partiyası hər bir siyasi kampaniyaya daha məsuliyyətlə yanaşır. Partiyamızı hər bir seçkidə ortaya yeni bir texnologiya qoymağa çalışır. Artıq bir müddətdir ki, ölkənin güclü və iqtidarda olan partiyası - Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarında, o cümlədən, YAP Astara rayon təşkilatında cari ilin noyabrında keçiriləcək parlament seçkilərinə hazırlıq işləri uğurla aparılır. N.İbadov Astara rayon üzrə seçicilərin 77 saylı Astara və 76 saylı Lənkəran-Astara seçki dairələri üzrə 68 məntəqələrində səs verəcəklərini vurğuladı: "Doğrudur, seçicilərin siyahıyaalınması seçkidə ən vacib amildir. Bu istiqamətdə işlər görülür. Seçkilərə kimi bu proses davam edəcək".

Bəstə Əliyeva: "Qadınlar sədaqətli olduğu kimi, işlərində də məsuliyyətlidirlər"
YAP Astara rayon qadınlar şurasının sədri Bəstə Əliyeva bələdiyyə seçkiləri ilə "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, 5 min nəfərə yaxın partiya üzvünü birləşdirən rayon təşkilatının 1743 nəfərini qadınlar təşkil edir. B.Əliyeva onu da bildirdi ki, qadınlarımız ötən bələdiyyə seçkilərində çoxluq təşkil etdiyi kimi, parlament seçkilərində də üstünlük əldə edəcəklər: "Ötən bələdiyyə seçkilərində partiyamız tərəfindən qadınlara daha çox yer verilməsi demokratik prinsiplərə əməl olunduğunu təsdiqləyir. Çünki qadınlarımız rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. İnanırıq ki, qarşıdakı parlament seçkilərində də qadınlarımız bu üstünlüyü əldə edəcəklər."

Fəxrəddin Vəliyev: "Yeni Azərbaycan Partiyasına xalq dəstəyi güclüdür"
"Ölkəmizin müstəqillik illərində iqtisadiyyatının çox böyük sürətlə inkişaf etdirilməsinin əsası ümummilli liderimiz tərəfindən qoyulmuş və bu gün də xalqın inamını, məhəbbətini qazanan cənab İlham Əliyev tərəfindən çox yüksək səviyyədə inkişaf etdirilməkdədir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan siyasi bir partiyadır". Bu fikri "Səs" qəzetinə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi.
F.Vəliyev qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının öndə gedəcəyinə əminliyini bildirdi: "Əvvəlki seçkini uğurla başa vuran YAP Şəmkir rayon təşkilatı ümummilli liderimiz Heydər Əliyevin arzularına və ideyalarına sadiq qalaraq, ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizin daxilində və xaricində Azərbaycanın qüvvətlənməsi naminə həyata keçirdiyi bütün işlərə dəstək olmaqla həmişə ön sırada olacaq".

Digər xəbərlər