Payızda keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində ölkədə geniş və əhatəli proqramlar həyata keçirilməkdədir. İctimai rəyə və aparılan sorğulara əsasən, demək olar ki, bu seçkilər gərgin rəqabət şəraitində keçiriləcək. Təbii ki, istənilən halda, xalqın partiyası olan Yeni Azərbaycan Partiyası ümumxalq dəstəyi qazanmaqla parlament seçkilərinin də qalibi olacaq. Söhbət etdiyimiz müsahiblərimiz bunun səbəbini YAP-ın qurucusunun ulu öndərimiz Heydər Əliyevin olması ilə bağladılar. Eyni zamanda, YAP-ın keçdiyi şərəfli tarixində xalqa, dövlətə xeyirli, gərəkli fəaliyyəti ilə seçilməsi də bu partiyanın seçkilərdə qələbə çalmasını şərtləndirəcək amillərdən olacaq.
Mübariz Qurbanlı,
YAP İcra katibinin müavini, millət vəkili:
- Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hazırlıq işlərini uğurla davam etdirir. Parlament seçkilərində YAP, həmişəki kimi, yerlərin çoxuna sahib olacaq. Qalibiyyət yalnız YAP-a məxsusdur. Hazırda YAP-ın parlamentdə olan millət vəkillərinin sayı 64 nəfərdir. Qarşıdan gələn parlament seçkilərində də YAP-ın uğur qazanacağına əminik və bu istiqamətdə də işlərimizi davam etdiririk. Parlament seçkilərinin ilkin hazırlığı partiya təşkilatlarının bu istiqamətdə fəaliyyətinin gücləndirilməsidir. Bütünlükdə YAP hər vaxt seçkiyə hazır olan bir partiyadır. Biz seçkiyə hazırlıqla əlaqədar proqram tərtib etmişik. Proqrama uyğun da işlərimizi davam etdiririk. Seçki kampaniyasının yüksək səviyyədə təşkil olunması seçki- təşviqat prosesinin yüksək səviyyədə hazırlanması üçün əlimizdən gələni edirik.
Parlament seçkilərinin də favoriti, təbii ki, Yeni Azərbaycan Partiyası olacaq. YAP bütünlükdə cəmiyyətin aparıcı qüvvəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP böyük uğura imza atıb və atacaq. Ulu öndər, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla partiya Sədri İlham Əliyev bu siyasi kursu davam etdirir.
Aydın Mirzəzadə,
millət vəkili:
-Günün əsas mövzusu parlament seçkilərinə hazırlıqdır. Bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da seçkiqabağı əhval-ruhiyyə günün tələblərinə cavab verən səviyyədədir. Parlament seçkilərində deputat kürsüsünə yerə iddia ilə çıxış edən kəs öz iradəsini ortaya qoyur. Qanun çərçivəsində hər kəsin hüquqları qorunaraq sivil mübarizə gedir. Rəsmi kampaniya başladıqdan sonra, qeydiyyat və təbliğat məsələləri ortaya çıxacaqdır.
Azərbaycan xalqı öz seçimini çoxdan edib. Azərbaycan Partiyasının bugünkü durumu, yüksək inkişafı, böyük bir ordusu var. Bu, ölkənin ən aparıcı partiyasıdır. Xalqın dəstəklədiyi və güvəndiyi partiyadır. Parlament seçkilərinin qalibi üzvü olduğum partiya Yeni Azərbaycan Partiyası olacaqdır. Bunu qürur və fəxrlə söyləyirəm.
Birinci, YAP-ın sosial bazası böyükdür. İkinci, YAP həmişə cəmiyyətin arzularını nəzərə almaqda, gənclərdən, yaradıcı ziyalılardan, qadınlardan olan kadrları qabağa verməkdə maraqlıdır və irəli sürdüyümüz proqram cəmiyyətin və dövlətin marağına cavab verir. İnsanlar millət və dövlət üçün, öz xalqı üçün bir vətəndaş məsuliyyəti yaşayan insana səs verəcək. YAP bu dəfə də parlamentdə çoxluq təşkil edəcək.
Gültəkin Hacıbəyli,
millət vəkili:
-Parlament seçkilərinin də favoriti Yeni Azərbaycan Partiyası olacaq. YAP-ın əhali arasında dəstəyi kifayət qədər böyükdür. Hakim partiyanın namizədləri bölgələrdə də yüksək nüfuza malikdirlər, seçicilər tərəfindən dəstəklənirlər. YAP-ın uğur qazanacağının ən böyük təminatçısı cənab Prezident İlham Əliyev və Ona olan xalq sevgisidir. O münasibət nəticəsində 2008-ci ildə böyük səs çoxluğu ilə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və Ona olan etimad bu gün də davam edir. Cəmiyyət arasında böyük hörmətə, nüfuza malik olan YAP bu dəfə də parlament seçkilərində uğur qazanacaq.
Eyni zamanda, qadınları və gəncləri dəstəkləmək fikirini Əli Əhmədovun mətbuata verdiyi açıqlamasında oxumuşam və bu, məni çox sevindirdi. Buna görə YAP rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bələdiyyə seçkilərində də bu sahədə YAP uğurlu addım atdı və böyük bir dəyişiklik oldu. AŞPA-da qəbul olunmuş qətnamədə qadınların daha çox dəstəklənməsi ilə bağlı tövsiyələr vardır. YAP bələdiyyə seçkilərində göstərdiyi siyasi qətiyyət parlament seçkilərində də davam edəcək. Yeni Azərbaycan Partiyası azad, demokratik və müstəqil şəkildə parlament seçkilərində qələbə qazanacaq.