PDF Oxu

Xəbərlər

  • 27

Madrid prinspiləri...

Madrid prinspiləri...
Xatırladaq ki, Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri ötən həftə Kanadada keçirilən "Böyük səkkizliy"in zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar. Prezidentlər öz bəyanatlarında hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən, Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayırlar.
Bu prinsiplər arasında Dağlıq Qarabağın, onun bütün əhalisinin iradəsini bildirməsi nəticəsində gələcək hüquqi statusunun təyin olunması, bütün qaçqın və məcburi köçkünlərin öz əvvəlki evlərinə qayıtmaları, beynəlxalq təhlükəsizlik zəmanətləri, o cümlədən, sülhməramlı əməliyyatlar da göstərilib.
Politoloqlar hesab edir ki, həmsədr ölkələrin prezidentlərinin səsləndirdiyi bu bəyanat ermənilərin münaqişənin həllinə dair prosesi süni şəkildə uzatmasının əleyhinədir. Politoloq Rasim Musabəyovun sözlərinə görə, bu bəyanatla həmsədr ölkələrin prezidentləri Ermənistanı başa salmaq istəyir ki, bu cür qeyri-konstruktivlik onlara baha başa gələcək: "Proses dalana dirənib. Bunu həmsədr olan dövlətlər də görür. Soçi görüşündən sonra, nəinki irəliləyiş olmadı, əksinə, durğunluq var. Bu bəyanat ermənilərin süni şəkildə prosesi uzatmalarının əleyhinədir. Bəyanatın mahiyyətini götürsək, bu, 2009-cu ildə Akvilada olan bəyanatdan fərqlənmir. Fərq yalnız ondan ibarətdir ki, Akvilada Madrid prinspiləri sadalanmışdı. Düşünürəm ki, bu bəyanat ermənilərin kefini pozmalıdır. Ortalıqda ümumi sənəd var. Ona münasibət bildirmək lazımdır. Maddələrlə razılaşıb, prosesi davam etdirmək vacibdir. Proses ermənilərin işğal edilmiş ərazilərdən çıxmasını tələb edir".
R.Musabəyov, həmçinin, Ermənistanın bu prosesi uzatmasının səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, 1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər ölmüş, 1808 nəfər yaralanmışdır. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan hal-hazırda işğalçılıq siyasətini davam etdirməkdədir. Bütün bu faktları nəzərə alaraq, region ölkələrinin sosial, iqtisadi, siyasi, hərbi təhlükəsizliyinə qəhmər çıxan erməni hakimiyyəti və erməni millətçilərinin işğalçılıq fəaliyyəti Ermənistanda insanların təhlükəsizliyini təsir altında saxlayır. 90-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu qrupların liderlərinin reabilitasiyasına çalışan Ermənistan rəhbərliyi xarici diasporanın radikal təşkilatlarının, xüsusilə, "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi" və digər terror təşkilatları fəallarının Ermənistan ərazisində toplanması məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onların fəaliyyətlərinə siyasi-hüquqi şərait yaradaraq, sığınacaq vermiş, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz etmişdir.
Politoloq xarici kreditlərdən asılı olan bir sistemə malik Ermənistan iqtisadiyyatının bu gün tamamilə dünya iqtisadi böhranı nəticəsində iflasa uğradığını söyləyib. Bildirib ki, Ermənistanda BVF-nin daimi nümayəndəsi Ninke Omes jurnalistlərlə görüşündə, fondun bu məsələdə Ermənistan hökumətinə vəziyyətdən çıxmaq üçün çıxış yollarını təklif etdiyini bildirib. Xatırladaq ki, dünyanı bürüyən qlobal iqtisadi böhran Ermənistan iqtisadiyyatının iflic vəziyyətə düşməsinə, ümumi daxili məhsul istehsalının azalmasına səbəb olub. Bu geriləmə, ölkənin statistika xidmətinin məlumatına görə, iqtisadiyyatın bütün sahələrində qeydə alınıb: idxalın ixracı üstələməsi ticarət balansının kəskin fərqinə gətirib çıxarıb.
Bütün bunlardan sonra açıq görünür ki, Ermənistan siyasi baxımdan deyil, ilk növbədə, iqtisadi baxımdan xarici donorlar qarşısında iqtisadi dilənçiyə çevrilib.

Digər xəbərlər