Böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi, təhsili bütün dövrlərdə cəmiyyətin diqqət yetirdiyi başlıca məsələlərdən biri olub və bu gün də belədir. Ölkəmizdə dövlət müstəqilliyi bərpa olunduqdan sonra təhsilə yanaşma tərzi kökündən dəyişdi.
Bu proses ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra böyük vüsət aldı. 1993-cü ildən etibarən təhsildə əsaslı dəyişikliklərin həyata keçirilməsinə, ikipilləli kadr hazırlığına, ali təhsilin strukturu, məzmunu, idarə olunması və bir çox digər sahələrdə ciddi islahatlara başlandı. Son illərdə təhsil sahəsinin dinamik inkişafı, burada qazanılan uğurlar, nailiyyətlər ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs və İlham Əliyevin bu kursu uğurla davam etdirməsi, onun təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olub. Aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyat qurulur və bu siyasətin tərkib hissəsi kimi son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət alıb.
Təsadüfi deyil ki, müasir dövrün mühüm xüsusiyyətlərindən biri həyatın bütün sahələrinin informasiyalaşdırılması və informasiya cəmiyyətinin yaradılmasıdır. Ölkənin sosial-iqtisadi inkişafının əsas tələblərindən biri bütün təhsil alanlarda informasiya texnologiyalarından istifadə vərdişlərini aşılamaqdır. Tədqiqatlar müəyyən edib ki, İKT savadlılığın təmin olunmasının dövlətə verdiyi xeyir istənilən sənayə sahəsində əldə edilən xeyirdən bir neçə dəfə artıqdır. Son illərdə, bütün sahələrdə olduğu kimi, təhil sahəsində də İKT-nin tətbiqinə mühüm önəm verilib. Müasir informasiya- kommunikasiya texnologiyalarının təhsildə tətbiqi son 5 ildə əsas uğurlardan biri hesab olunur.
Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" bu istiqamətdə atılan ən mühüm addım olub. Prezidentin Sərəncamı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı" təhsilin informasiyalaşdırılmasında, ümumi təhsilin inkişafında uğur kimi qiymətləndirilir. Bu proqram çərçivəsində 2005-2007-ci illərdə 3693 məktəb 31677 kompyuter, 1103 noutbuk proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT avadanlığı, 28661 kompyuter masası, 23346 stul ilə təchiz olunub, məktəblərdə 1722 kompyuter sinfi yaradılıb. Beləliklə, ümumtəhsil məktəblərinin V-XI siniflərdə hər 29 şagirdə 1 kompyuter nisbəti təmin edilib. Halbuki bu proqrama qədər göstərici 1000 şagirdə 1 kompyuter nisbətində idi.
Təhsildə İKT-nin tətbiqi istiqamətində görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" təsdiq edilib. Proqramın əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə, Azərbaycanın təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyası üçün şəraitin yaradılmasıdır.
Dövlət Proqramının həyata keçirilməsi çərçivəsində artıq bir sıra nəticələr əldə edilib, bütün komponentlər üzrə işlərin bünövrəsi qoyulub. Proqram çərçivəsində 2008-2009-cu illərdə Məlumat və Resurs Mərkəzi yaradılıb, 20 məktəbin iştirakı ilə "Elektron Məktəb" pilot layihəsinə başlanılıb, 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub, Milli Təhsil Portalı yaradılıb (www.edu.az) və s. işlər görülüb. Dövlət Proqramı çərçivəsində 5800 nəfər inzibati-idarəetmə, 25180 nəfər pedaqoji və 800 nəfər texniki heyət təlimlərə cəlb olunub. Bundan əlavə, cari ildə Dövlət Proqramı çərçivəsində Azərbaycan Təhsil Şəbəkəsinə əlavə 400 təhsil müəssisələrinin qoşulması, onların yüksək sürətli internetə çıxışla təmin edilməsi, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər "Elektron Məktəb" və 23000 nəfər pedaqoji heyətin təlimlərə cəlb olunması planlaşdırılıb.
Müəllimlər və İKT
Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasında müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Belə ki, onlar yeni texnologiyalar vasitəsilə tədris metodlarını daha da təkmilləşdirmək imkanı əldə edərək Azərbaycan üçün "XXI əsr bacarıqları"na malik yeni nəsil yetişdirə bilərlər. Bu istiqamətdə müəllimlər üçün müxtəlif təlimlər keçirilir. Müəllimlərlə aparılan təlimlərin əsas məqsədi onlara texnologiyalardan səmərəli istifadə etməklə müasir təlim metodlarına yiyələnmək və onları öz dərslərində tətbiq etməkdir. Hazırda respublikada İKT sahəsində 200-ə yaxın təlimçi hazırlanıb. Dövlət Proqramı çərçivəsində həyata keçirilən "Elektron məktəb" pilot layihəsində iştirak edən 20 məktəbin bütün müəllimləri İKT-nin tədrisdə tətbiqi üzrə daha təkmil biliklərə yiyələnirlər. Sonrakı mərhələdə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan 200 məktəbin müəllimləri də xüsusi treninqlərdən keçəcəklər.
Proqram çərçivəsində təhsil sistemində, ilk dəfə olaraq, müəllimlərin motivasiyasına xüsusi diqqət yetirilir. Çünki müəllimin marağı olmadan təhsildə İKT-nin uğurlu tətbiqi haqqında danışmaq çətindir. Ona görə də, hazırda müəllimlərin motivasiyası üzrə göstəricilər sisteminin yaradılması sahəsində işlər aparılır. Bu proses Təhsil Nazirliyi və "Microsoft" şirkəti arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir.
Bundan əlavə, müəllimlərə bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. "Xalq kompyuteri" layihəsi çərçivəsində təqdim olunan kompyuterlər bazar qiymətlərindən 25-40% aşağıdır. Kompyuter alan bütün müəllimlər əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər, "Aztelekom" İstehsalat Birliyi və BTRİB tərəfindən 100 saatlıq İnternet kartı ilə təmin edilir. Artıq 7 mindən yuxarı müəllim "Xalq kompyuteri" layihəsi çərçivəsində kompyuter alıb, yaxın üç il ərzində isə minlərlə müəllim kompyuterlərə sahib olacaq.
"Microsoft" və "İntel" Azərbaycan məktəblərində kompyuterlərin sayının artırılması məqsədilə 1000 noutbuku töhfə vermək niyyətindədir. Bu "1:1" kimi tanınan "bir şagirdə bir kompyuter" konsepsiyasının reallaşdırılması naminə ediləcək. 2009-2010-cu illərdə isə "Microsoft" və "İntel" şirkətləri tərəfindən 1000, Təhsil Nazirliyi tərəfindən 3000 olmaqla, ümumilikdə, 4000 şagirdə noutbukların verilməsi nəzərdə tutulub.
Şagirdlər və İKT
Hazırda Azərbaycan məktəbliləri arasında informasiya texnologiyalarına marağı artırmaq və bu istiqamətdə kadr potensialını gücləndirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən məqsədyönlü iş aparılır. İnformasiya texnologiyalarının təhsil prosesinə tətbiqini genişləndirmək, şagird və müəllimləri İKT-nin geniş tətbiq olunması işinə cəlb etmək, eləcə də, istedadlı gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək naminə müxtəlif müsabiqələrin keçirilməsi təcrübəsindən istifadə edilir. Müasir dövrdə uşaqlar informasiya texnologiyalarına daha həssasdır və əvvəlki nəsillərdən fərqli olaraq texnoloji mühitdə böyüyürlər. Buna görə də, tez-tez şagirdlərin texnologiyalar üzrə biliklərlə, hətta müəllimləri belə qabaqalamalarının şahidi oluruq. Lakin bu marağı daha da artırmaq və texnologiyaları yetişən nəslin həyatında və karyerasında effektiv inkişaf alətinə çevirmək üçün müxtəlif stimullaşdırıcı metodlardan istifadə etmək lazımdır. Bunları nəzərə alaraq təhsil sistemində İKT-nin daha geniş şəkildə tətbiq edilməsi gərəklidir.
Dünya təcrübəsi göstərir ki, uşaqlar internetdə olarkən daha çox əyləncə xarakterli saytları ziyarət edirlər, bu isə tədrisə ayrılan vaxtı olduqca məhdudlaşdırır. Məhdudiyyətlər qoyulan veb-resursların siyahısı daim yeniləşdiyi üçün Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş orta və ali məktəblərda oxuyan şagird və tələbələr internetdən istifadə edərkən, yalnız onların maarifləndirilməsinə yönəlmiş resurslara çıxış əldə edə biləcəklər. Bu isə İnternetin bu istiqamətdə maneə yox, mühüm yardımçı vasitəyə çevrilməsi üçün mühüm addımlardan biridir.
Azərbaycan təhsil şəbəkəsi
Dövlət Proqramı çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yardımı ilə BMT İnkişaf Proqramının AzNET layihəsinin bazasında Azərbaycan Təhsil Şəbəkəsi (AZEDUNET) yaradılıb. Bu şəbəkənin əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksəksürətli İnternet şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir. Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə miqyasında təhsil ocaqları arasında yüksəksürətli məlumat mübadiləsini təmin etməyə imkan verəcək və bununla da milli elektron təhsil şəbəkələrinin inkişafı sürətlənəcək, həmçinin, tədrislə bağlı materiallara çıxış sadələşdiriləcək. Təhsil şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmətləri də təqdim edəcək.
Proqram çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması həyata keçirilməkdədir. Bundan əlavə, "Elektron məktəb" layihəsi çərçivəsində Bakının 20 məktəbi, Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi fiberoptik kabel vasitəsilə Azərbaycan təhsil şəbəkəsinə qoşulub, bununla da, yüksəksürətli internetə və nazirliyin Məlumat və Resurs Mərkəzinə çıxış təmin olunub. Ölkənin 200 təhsil müəssisəsinin Azərbaycan təhsil şəbəkəsinə qoşulması prosesi artıq başa çatıb. Cari ildə daha 300 məktəbin bu şəbəkəyə qoşulması nəzərdə tutulub.
Dövlət Proqramı çərçivəsində yaradılmış Məlumat və Resurs Mərkəzi (Data Mərkəz) Azərbaycanda təhsil sektorunun informasiyalaşdırılmasında əhəmiyyətli yer tutur. Mərkəz Azərbaycan təhsil şəbəkəsində internetə "giriş və çıxış nöqtəsi" olmaqla yanaşı, həmçinin, təhsilə aid informasiya resurslarının toplanacağı yer olacaq.
Cari il Təhsildə İKT ili elan olunub və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir. Təhsildə İKT-nin tətbiqi müasir dövrdə ən vacib məsələlərdən biridir. Çünki hazırkı dünyada İKT-siz böyük uğurlara nail olmaq mümkün deyil. Hazırda Azərbaycan təhsili informasiya-kommunikasiya texnologiyalarının sistemli templərinə görə, nəinki region ölkələrini, hətta bir sıra Avropa ölkələrini də üstələməkdədir. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində əldə edilən nəticələr və nəzərdə tutulan məqsədlər İKT-yə əsaslanan Milli Təhsil Modelinin qurulması deməkdir. Milli Təhsil Modeli Azərbaycanın davamlı inkişafının əsası olacaq, yüksək səviyyəli kadrların yetişdirilməsini təmin edəcək. Əsrlər boyu olduğu kimi, təhsilin məqsədi çox sadədir - zamanın tələbinə uyğun vətəndaş yetişdirmək. Bu işin öhdəsindən gəlmək üçün ən effektiv alət olan informasiya-kommunikasiya texnologiyaları fəaliyyətimizin strateji əsasını təşkil edir. Bu məsuliyyətli prosesdə isə yalnız Təhsil Nazirliyi və onun tərəfdaşları yox, həmçinin, yüz minlərlə şagird və tələbə, onların valideynləri də olmaqla bütün cəmiyyət iştirak etməlidir.