"Son zəng" tədbirləri, ənənəvi olaraq, Səbail rayonunun bütün 17 orta məktəblərində təntənəli şəkildə qeyd olunubdur. Dünən Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbin son zəngi keçirildi. Tədbirdə qeyd olundu ki, məktəb 1966-cı ildə inşa olunubdur. 1900 şagirdin təhsil aldığı məktəbin son 3 il ərzində 8 şagirdi müxtəlif fənlər üzrə respublika olimpiadalarının qalibi olub, 2 müəllim "İlin ən yaxşı müəllimi" adına layiq görülüb, 1 müəllim isə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilibdir. Məktəb idmançıları 10 ildir ki, rayon spartakiadasının qalibləri və rayon miqyaslı bütün tədbirlərin fəal iştirakçıları olurlar. Bu il məktəbi 173 nəfər bitirir.
Görüşdə builki məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev məktəb kollektivinin qazandığı uğurlardan danışdı, onlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı. O, qeyd etdi ki, məktəbin əsas təhsil korpusunun əsaslı təmirə ehtiyacı olduğundan, məktəbin pedaqoji kollektivi Heydər Əliyev Fonduna müraciət etmiş və artıq məktəbin təmirinə başlanmışdır. Bununla əlaqədar məktəb kollektivi adından ölkə rəhbərliyinə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıq bildirildi.
Səbail rayonunun Məmməd Rahim adına 7 saylı orta məktəbində də son zəng çalındı. "Sahil bağı"nda təşkil olunan tədbirdə çıxış edən məktəbin direktoru Gülnaz Mehdizadə kollektivin qazandığı uğurlardan məktəbin məzunlarının həyatda qazandığı nailiyyətlərdən danışdı, builki məzunlara məktəbin adını həmişə uca tutmağa, onunla fəxr etməyə çağırdılar. Bildirildi ki, məktəb 82 ildir ki, fəaliyyət göstərir, hazırda 912 şagird təhsil alır. Bu il məktəbi 86 məzun bitirir. Onlardan 12-si əlaçıdır. Keçən il məktəbin 2 müəllimi "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olubdur. Məktəbdə ingilis dilinin intensiv tədrisi aparılır. Hazırda məktəb 7 respublika və 2 dünya miqyaslı layihədə iştirak edir.
Hər iki məktəbdə keçirilən tədbirlərdə iştirak edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Səbail rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat vermiş, məktəblərin pedaqoji kollektivlərinə gələcək işlərində uğurlar arzulamışdır.
Qeyd edək ki, Səbail rayonunun 6, 49, 50, 51, 91, 132, 134, 160, 162, 190, 239 saylı məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçmiş və məzunların həyatında yaddaqalan bir günə çevrilmişdir.